SEVGİ
Yelda Özsunarın "Tarika toxunan işıq"hekayəsi Tarix : 30 Noyabr 2022, 08:52

Mamakdakı köhnə bir gecəqondu. Bacası əyri, tüstülü, əhəngli, kələkötür divarları kərpiclərdən olan bir ev. Pəncərəsinə gül açan sardunyaların sarıldığı otaqlarında insan həniri olan bir ev…. Kiçicik və isti evdə bir-birinə sarılan iki insan - bir qadın, bir kişi. İllərdir könülləri bağlı olan, ürəkləri tək bir şey arzulayan, pəncərədəki sardunyalarla söhbətləşən, kiçik əlləri olan bir körpə arzusu ilə yaşayan iki insan.

İllər keçib gedirdi, diləkləri ürəklərində qalmışdı. Ovucları göz yaşları ilə dolurdu, istəkləri o qədər böyümüşdü ki, nə yerə, nə göyə sığırdı, nə kainata Üfüqlər bir körpə gətirməkdəydi. Körpəni-Tariki bir soyuq qış günündə anasının qucağına verdi tale. Üzü, gözü gözəl, yupyumşacıq bir körpə.

 

İllər sonra ilk dəfə qucağına körpə alan yaşlanmış ana onu sevə-sevə böyütməyə başladı. Uşaq böyüyürdü, ancaq qonşu uşaqlardan kənar gəzirdi. Qonşu qadınlar da Tarikə qəribə baxırdılar. Uşağın hərəkətləri qeyri-adi idi.

 

Tarik böyüyürdü, amma danışa bilmirdi, ağzından tökülən səsləri ayırd etmək olmurdu. Gözləri gözlərə baxmırdı. Əlləri - qolları bir iş görə bilmirdi. Anası atası üzgün halda onu həkimlərə apardılar. Hər dəfə də soruşurdular: oğlumuz niyə danışa bilmir, niyə özü yeyə bilmir, niyə qızların saçını dartır, oğlanlara təpik atır. Bizə gözucu da olsa, baxmır?

Həkimlər də incələyərək, düzgün qidalanmadığını, onda beynin inkişaf etmədiyini dedilər. Çarəsiz ata-ana, onun əllərindən tutaraq məhəlləyə geri gətirdilər. Tarik istəklərini əl-qol hərəkətləri ilə anladırdı. Böyüyüb 7 yaşa gəldikdə, qapılarını döyüb, onun məktəbə getmə zamanı olduğunu dedilər.

Tariki bağçasında neçə illik, qoca çinar ağacı olan məktəbə gətirdilər. Tarik hər gün yanından keçərkən o ağaca toxunurdu. Bu ağaca görə məktəbə gedərkən, ağlamırdı. Burada özü kimi uşaqlar vardı. Eşitməyən, danışa blməyən. Tarik məktəbdə valideynlərini görməyincə, qorxmağa başladı. Qızların saçlarını dartdı. Oğlanlarla savaşdı. Təlimçilər onu bir küncə qoydular. Sanki dörd divar arasında- məhbəsdə idi. Bəzən kiçik oğlanı unudur, öz işləri ilə məşğul olurdular. Digər uşaqları gəzintiyə apararkən, o, küncdə qalırdı. Tarik həyata küskün hirsini təpiklərlə , sürünmələrlə ifadə edirdi.

 

Bir gün bir müfəttiş yoxlanışa gəldi. Sinifdəki vəziyyət heç xoşuna gəlmədi və Tariki göstərərək, direktordan soruşdu: Bu uşağın həyatına toxunacaq müəllimləriniz varmı? " Direktor bir xeyli düşündü ... "Nə etməli, Tarikın həyatına necə toxunmalı? "- deyərkən, ağlına ürəyi təmiz, şəfqətli Sevil müəllimə gəldi.

Xeyirxahlıq mələyi kimi hamının sevdiyi Sevil müəlliməni heç kimin istəmədiyi sinfə rəhbər qoydular. Tarikə hər gün sevgi ilə toxunmalıyam,- deyə düşündü. Hər gün əlini başına, burnunu burnuna toxundurdu. Uşağın hər zərbə vuruşunda ona sarıldı.

Hər dəfə burnuna toxunduqca, Tarik bir anaya, bir ağaca, bir sardunya gülünə toxunurmuş kimi oldu. Müəllimə ilə göz- gözə gəlməyə başladı. Digərləri bu dəyişikliyə heyran qaldılar.

Günlər keçdikcə Sevil müəllimə ilə qurulan bu bağ dünyada qalmağa, öyrənməyə, yaşamağa və anlamağa təsir edən bir istəyə çevrildi. Tarik vaxt keçdikcə, insanlara təpik atmamağı, saç yolmamağı, özünə nəzarət etməyi öyrəndi. İnsanlarla göz əlaqəsi qurmağa, donuq üzü gülməyə başladı. Sərbəst gəzişməyi, qələm tumağı öyrəndi. Gəzib dolaşmağa başladı uşaqlarla. O, həyatın gözəl və bəsit təlaşını izləməyə başladı. Tarik dünyanı anlamağa başlarkən, dünya da onu anladı, sevdi. Sevil müəllimənin Tarikə tutduğu güzgü uzaq künclərdə gizlənən keyfiyyətləri üzə çıxartmışdı.

Sevil müəllimənin Tarikin başına toxunan əli, burnuna söykənən burnu, əslində tərtəmiz və saf bir ruha daxil olmuş və onu yer üzünün bağrına basmışdı.

 

 

 


 

Təqdim etdi Nazilə Gültac
qadinkimi.com