SƏNƏT
Kim daha azaddır Tarix : 24 Noyabr 2026, 13:49
"Səhər yuxudan oyanıb özümdən soruşuram: qarşıda məni nə gözləyir? Özüm də cavab verirəm: ölümdən başqa heç nə. Heç nə arzulamıram. Hər şey yaxşıdır. Bəs nə etməli? Necə yaşamalı? Qalan ömrümü bizi bu dünyaya Göndərənin (oxu: Tanrı) buyurduğu işlərlə doldurmalıyam. Bu, necə də asandır! Necə də rahatdır! Necə də yüngüldür! Necə də fərəhlidir!
Qeyd etmək lazımdır:

1) Kim daha azaddır: var-yoxunu, hərəmini, uşaqlarını, canını əlindən ala biləcək Çingiz xanın, ya da Boqdıxanın qulu olan monqol, yoxsa seçkilər vasitəsilə guya özünü idarə edən belçikalı, amerikalı?

2) Ən yaxşı vəziyyət heç nə arzulamadığın vəziyyətdir. Bəs onda xeyir nədir? Xeyir səni dünyaya Göndərənin iradəsini yerinə yetirmək üçün zəhmətə qatlaşmaqdır.

3) Yeganə xeyir zəhmətdir. Elə ona görə dua da yalnız bir şeydən ibarətdir: içində olduğun vəziyyətə görə şükür etmək.
Yazıram, yuxum gəlir, yaxşı fikirlərimi pis, anlaşılmaz, qeyri-dəqiq ifadə edirəm. Bütün bunları dəftərçəmə belə qeyd etmişəm:
Yuxudan oyanıb soruşuram: qarşıda nə var, məni nə gözləyir?
Qarşıda ölümdən başqa heç nə yoxdur, bir də indi yerinə yetirməli olduğum vəzifədən başqa heç nə yoxdur. Bu, pis görünür. Amma necə də yaxşıdır! Məni sevindirən və ruhlandıran başıma gələ biləcəklər deyil, özümün görəcəyim işlərdir.
Əsl xeyir xoşbəxtlik deyil, qanuna, Tanrının iradəsinə uyğun əməl etməkdir.
Məgər bu, xeyir deyilmi? Məgər bu, yaxşı deyilmi?

4) Hər şey xeyrədir. Bütün müsibətlər yalnız bizim varlığımızın təməlini təşkil edən o ilahi, ölməz, heç nəyə, heç kəsə möhtac olmayan mahiyyəti üzə çıxarır. İnsanların gözündə ən böyük müsibət olan ölüm isə əsl "mən”imizi büsbütün açıb ortaya qoyur".
 
5) Biz gələcəyi arxamızda qalan keçmişin uzunluğu qədər görə bilirik. Uşaq üçün bu aylar, yaxud bir il, yetkin kişi üçün onilliklər, qoca üçün yarım əsr uzaqlıqdadır. Mənim kimi artıq ölümün astanasında olan insan isə həyatın hüdudlarından o tərəfi də görməyə başlayır.
 

6) İnsanlar tez-tez başlarına qeyri-adi hadisənin gələ biləcəyindən qorxurlar. Amma təəssüf ki, çox dar çərçivələrdən kənarda insana qeyri-adi bir şey üz verə bilməz. İnsanlar əksər hallarda nəsə xüsusi, dərin hisslər keçirmək istəyirlər. Halbuki insan qeyri-adi heç nə hiss edə bilməz. İnsana nəsib ola biləcək ən ali duyğu Tanrının iradəsinə təslim olduğunu dərk etməkdir.
 

7) Uşaqlıqda hər şeyi, gənclik və yetkinlik çağında bir şeyi arzulayırlar, qocalıqda isə heç nəyi arzulamırlar.

8) Həyat elə ölməkdir. Yaxşı yaşamaq yaxşı ölmək deməkdir. Çalış, ömrünü ləyaqətlə başa vur.
9) Bu əsrin əvvəllərində Uzaq Şərqdə göstərilmiş başlıca, ən böyük hünər bütün ədalətsizliklərə, qəddarlıqlara, başlarına gətirilmiş müsibətlərə baxmayaraq, sülhü qoruyub saxlayan çinlilərin hünəridir. Əsl xristian onlardır, biz ağdərililər isə vəhşi bütpərəstlərik. Bu barədə yazmaq lazımdır.
Şəkilin açıqlaması yoxdur.
10) Rusiyada baş verənlər buna bənzəyir:
Qumarxananın qapıçısı ağasının müştəriləri soyduğunu başa düşür, onların ciblərindəki pulların ağanın cibinə axdığını görür. Bu onun xoşuna gəlir və o da eyni yolla getməyi qərara alır, amma bunu ən sadə üsulla edir: bir adamın pulu olduğunu öyrənən kimi birbaşa onun cibinə əl atır, ancaq həmin adamın yanındakı yoldaşı dostunun tərəfində dayanır, nə yemisən, turşulu aş deyə qapıçını əməlli-başlı kötəkləyir. Qapıçı isə təəccüblənir ki, niyə başqalarında bu alınır, onda isə yox. (Axmaqlıqdır.)
 

11) Həyatımızın gedişatı adlandırdığımız şey, əslində, onun bir hissəsini bizdən gizlədən örtüklərin aradan qaldırılmasıdır. Bu, eynilə su altında qalmış əşyaların su çəkildikdən sonra üzə çıxmasının bizə həmin əşyaların hərəkəti kimi görünməsinə oxşayır.
Bizə elə gəlir ki, bunu özümüz edirik, çünki zülmətdən qurtulmaq xeyirdir və biz bunu arzulayırıq.
 

Lev Tolstoy
Gündəliyindən
Tarix: 27 avqust 1905-ci il.
 
 
 
 
 
 
Tərcümə etdi Aygün Əziz
Qadinkimi.az