Yazıçının ilk və son məhəbbəti...
Bəlkə də bir çoxları bu maraqlı romanı oxumayıb. Amma əminəm ki, hər bir kəs belə bir qanadlı ifadəni çox eşidib: "Бальзаковский возраст”... Adətən bu ifadə dahi fransız yazıçısı Onore de Balzakın "Otuz yaşlı qadın” adlı məşhur romanına və o romanın Jüli adlı qəhrəmanına bir işarə kimi işlədilir.
Balzakın qadınlarda sevdiyi yaş... Çox adam elə düşünür ki, qeyd olunan yaş həddini, yəni 30 yaşı və ya həmin yaşda olan xanımları yazıçının özü də sevib.
Əslində isə heç də elə deyil.
Maraqlı burasıdır ki, Balzakın atası Berner Fransua Barsa (Balzak) 52 yaşında olarkən 19 yaşlı Anna Şarlotta ilə ailə qurub. Son zamanlar Balzakın tədqiqatçılarından biri Fransua Tayyandye yazır ki, əslində gələcək yazıçının "gizli atası” qonşuluqda yaşayan de Marqona adlı imkanlı bir adam olub.
Fakt budur ki, kiçik Onoreyə hələ uşaqlıqdan anasının münasibəti çox soyuq olub. O, daim ana nəvazişinə ehtiyac duyub. Görünür bu ehtiyacdandır ki, yazıçı ilk gəncliyində daha çox özündən yaşlı qadınlara maraq göstərib.
Balzakın ilk vurulduğu qadının yaşı 30 yox, 40-dan da çox idi. Bu qadın cazibədar Lore de Berni idi və onun 42 yaşı, üstəlik də 9 övladı vardı. O vaxtlarsa gələcək dahinin cəmi 20-21 yaşı vardı.
Balzakın böyük istedadını da ilk dəfə görüb qiymətləndirən məhz bu qadın olub.
...Sonralar Balzak bir neçə dəfə vuruldu. Onun sevdiyi qadınlardan ən məşhuru və sonuncusu qrafinya Evelina Qanskaya (Hanskaya) idi. Dahi ədibin bu xanımla coşqun və bir qədər də mistik sevgisinə aid çoxlu əsərlər yazılmış, filmlər çəkilmişdir. Məsələ burasındadır ki, onlar fasilələrlə 20 il ömrü olan bir eşq yaşamışdı.
Əslən polyak olan Evelina ərli idi, beş uşaq anası idi, zəngin bir xanımdı. Onların tanışlığı məktublaşma ilə başlamışdı. Sonralar bu "epistolyat roman” hər ikisinin həyatını dəyiuşmişdi. Onore Parisdə, sevgilisi isə Ukraynada yaşayırdı. Bu uzaq məsafə, onların eşqinə nə soyuqluq, nə də biganəlik qata bilməmişdi.
Evelinanın əri öləndən sonra sevgililər evlənmək qərarına gəldilər. Onların nikahı 14 mart 1850-ci il tarixdə sübh tezdən kiçik əyalət şəhəri Berdiçebdə baş tutdu. Kilsəyə keşişdən başqa heç kəs dəvət olunmamışdı.
Həmin ilin may ayında təzə evlililər Parisə qayıdırlar. Az sonra, lap dəqiq desək, avqust ayının 19-da Balzakın ürəyi əbədi susdu.
Belə bir şayiə dolaşırdı ki, Parisə gələndən sonra Balzak arvadının bəzi hərəkətlərindən çox əsəbiləşir, narazılıq edirdi. Deyilənə görə Balzak can verərkən Evelina qonşu otaqda rəssam Jan Jiqu ilə eyş-işrətdə imiş. Əlbəttə, bütün bunlar uydurma da ola bilər. Amma fakt budur ki, sonralar Juqi ilə Evelina uzun illər dost olmuşlar.
Firuz Mustafa
qadinkimi.com