SƏNƏT
Uğurun yolu diplomda deyil, qəbul olunmayanlar dərd etməsin Tarix : 03 Sentyabr 2022, 13:40

Universitetə tələbə adını qazananları təbrik edirəm. Təhsil gözəl şeydi. 

Onların yolu bəllidir. 


Amma təəssüf ki, 4-5 illik təhsildən sonra əksəriyyəti - təxminən 80%-i oxuduğu ixtisasdan kənar, tamam başqa işdə işləyirlər. Böyük əksəriyyətinin diplomu isə kağız parçası kimi həyatı boyu evdə qalır. 


Bu, kimisə ruhdan salmalı deyil, əsla, təhsil çox önəmlidir. Sadəcə nəinki Azərbaycan, dünya reallığı belədir.


Universitetə qəbul ola bilməyənlərə nə demək olar? 


Siz qətiyyən narahat olmayın.

Müasir dövrdə bütün dunyada ən yaxşı pulu, ən sərfəli işi, karyeranı qurmaq, əldə etmək üçün 4-5 il oxumağa ehtiyac yoxdur. 


Ok, sənin arzun hər zaman dövlət işində işləmək, sənin həyat fəlsəfən hər səhər 9-da işə getməkdirsə, ancaq maaşa çalışmaqdırsa, mütləq universitet oxu.


Yox, azad insan, azad sahibkar, azad iş adamı, biznes və ya fərdi nəsə iş, peşə istəyirsənsə, çalışqan, bacarıqlısansa, bunun üçün 4-5 il oxumaq vaxt itkisidir. 


Müasir dövrdə Avropada, elə lap Azərbaycanda çox yox, bir il, 6-7 ay peşəkar, keyfiyyətli bir kursa getmək bəs edir ki, lazımlı, axtarılan bir peşə sahibi olasan. 


Misal üçün Almaniyada "ausbildung" deyilən peşə təhsili var. Oranı bitirənlər daha rahat iş tapır, nəinki 5 il oxuyanlar. 


Bakıda bacarıqlı saç ustaları, dırnaq ustaları, makiyaj, vizaj  edənlər  4 il oxuyub dövlət işində işləyənlərdən qat-qat çox qazanırlar, həm də özləri öz işlərinin ağası olur.


Maşın ustaları


Ən zəif maşın ustası bahalı maşın sürür. Nə vaxt gedirsən doludurlar, əllərində iş var. Xırda bir detalı 50 manatdan aşağı düzəltmirlər. 


Aşpazlar


Hazırda Bakıda, normal bir restoranda Avropa mətbəxini bilən 1500-2000 manat maaşdan aşağı aşpaz tapmaq mümkün deyil. Dəfələrlə dost-tanış kafe, restoran açanda aşpaz tapmaqda çətinlik çəkib. 


Üstəlik, bu peşə elədir ki, sabah köç Avropanın istənilən ölkəsinə yüksək maaşla iş tapacaqsan.


Yoxsa, 4 il BDU-nun Beynəlxalq Əlaqələrini oxuyub getdin Fransaya, kimə lazımdır o diplom? Heç kimə, küçədə qalsan işə götürən olmaz. 


Amma 4-5 ay telefon təmiri, kompüter təmiri kursuna getsən, bu peşəni mükəmməl öyrənsən, dünyanın hər yerində pul sel kimi axacaq. 


Dərzilik 


Ən pullu və lazımlı sahədir. Yaxşı, peşəkar öyrən, gələcəkdə özünə bir "atelye", "moda evi", "butik" aç. Bunun üçün universitet lazımdı? 


Adobe-nin proqramlarını mükəmməl öyrən, montaj, səsləndirmə, rəngləmə və s. Mütləq işin olacaq. 


Müğənnilər üçün bir dənə mahnının "mix"ini 300 manatdan aşağı eləyən yoxdu. Öyrən o proqramları, sən elə bu işi.


Ustalıq, elektrik və s. nə qədər peşə sayaram ki, bunun üçün universitetə ehtiyac yoxdur.


Yəni sözümün canı odur ki, insan mütləq birinci peşə öyrənməlidir, diplom almalı yox. Əlində peşən varsa həmişə işin olacaq. 


Diplom həmişə "lüks" sayılıb. Diplom gələcəkdə yaxşı iş demək deyil. 

Yaxşı həyat, yaxşı iş birinci sənin öz ağlındır, öz bacarığın, öz qabiliyyətindir.


İstər ətrafınızda, istərsə də dünyada nə qədər uğurlu iş adamı, yaxşı pul qazanan varsa, onların 99 faizi həyatını aldığı diplom ilə qurmayıb. Tamam başqa sahədədir... 


Mən hesblamışam, 4 il bir uşağın universitetinə, qəbula qədərki hazırlıqlara, təhsil haqqına, paltar, yemək, kirayəyə xərclənən pula əməlli başlı normal biznes qurmaq olar. 


Şəhriyar Məhərrəmov, qadinkimi.com