SƏNƏT
Şopenhauer belə Şopenhauer olub Tarix : 14 Mart 2024, 02:27
O, vegetarianlığı təbliğ etsə də ət xörəklərini, ümumiyyətlə yeyib-içməyi xoşlayırdı
O, qadınlara nifrət etsə də, varidatının bir qismini vaxtilə sevdiyi qadına vəsiyyət etmişdi.
Onu öləndən sonra dahi kimi qəbul etdilər.
O, Hegeli qəbul etmirdi.
O, eqoist idi.
Artur Şopenhauer özlüyündə maraqlı filosofdur. Vaxtilə tədris etmişəm, haqqında yazmışam. Bir zaman yazdıqlarımı indi tapa bilmirəm. Ya pozulub gedib, ya da kompyüterimdəki fayl və qovluq "cəngəlliklərində” it-bata düşüb.
Şopenhauer, dediyim kimi özlüyündə maraqlı filosofdur. Amma sevdiyim, daha dogrusu fikirlərinin əksəriyyəti ilə razılaşdığım filosoflardan deyil. Elə elmi ədəbiyyatda da o, klassik deyil, "qeyri-klassik” filosof hesab olunur.
Sanki fəlsəfə tarixində, ümumiyyətlə tarixdə iki Artur Şopenhauer mövcud olub. Birisi mütəfəkkir Şopenhauerdir ki, çoxlarını öz parlaq fikirləri, orijinal düşüncələri ilə heyran qoyur. İkinci Şopenhauer isə mizantrop-insanlara nifrət edən, eqoist, antisemit, bir sözlə adam içinə çıxarılması mümkün olmayan Şopenhauer. Görünür, elə buna görə də işini yaxşı bilib, o, adam içinə çox da çıxmırdı. İtlərlə dost idi. "İkili”, təzadlı adam olduğu üstəlik ondan bilinirdi ki, sadə həyat tərzini təbliğ etsə də, zəngin yaşayırdı, vegetarianlığı təbliğ etsə də, yeyib-içməyi və xüsusən əti xoşlayırdı.
Şopenhauer xəstəlikdən həmişə qorxub. Şıq geyinməyi sevib.
Atası ticarətçi, anası İohanna və bacısı Adel yazıçı kimi tanınır. Gələcək filosof anası və bacısı ilə küsülü idi.
Şopenhauerin yüksək dil öyrənmək qabiliyyəti olub. Alman dilindən başqa ispan, fransız, ingilis, italyan, latın dillərini mükəmməl oyrənib. Geniş iş otağında zəngin kitabxanası vardı (səhv etmirəmsə min beşyüzə yaxın kitabı olub), divardan Kantın, Şekspirin, Höte və Dekartın portretləri asılmışdı. Hə, bir də Buddanın bürünc büstü və rəssamlar tərəfindən çəkilmiş it şəkilləri. O, itləri çox sevirdi.
Paxıl idi, Hegelin şöhrəti onu rahat buraxmırdı. Elə bu səbəbdən onu sevmir və bəhanə edirdi ki, Hegeldə real olan, isbatını tapmış heç nə yoxdur, hər şey quru nəzəriyyədir.
Artur Şopenhauerin başlıca fikirləri "Dünya iradə və təsəvvür kimi” əsərində əks olunub. Kitabın adından görünür ki, o, nəyi təqdir edib.
Məşhur filosof qadınlara nifrət edir və onlardan çəkinirdi. Əslində, gəncliyində qadınları sevib, sonralar nifrət edib. Uzun ömrünü subay yaşayıb. Onun məşhur bir məsəli var: "Qadınlarsız yaşaya bilməyən kişi yalnız ginekoloq ola bilər”... Düzdür, o ilk gəncliyində özündən on bir yaş böyük olan opera müğənnisi Karolin(a) Yagemann (Jaqemann) adlı xanıma vurulmuş, onunla evlənmək istəmiş, lakin arzusu gözündə qalmışdır. Qadın onu qətiyyən saya saymamışdır. Amma... maraqlı bir detalı qeyd etmək lazımdır. Belə ki, Artur Şopenhauer ömrünün sonunda öz varidatının mühüm bir qismini bir zamanlar sevdiyi Karolinaya vəsiyyət etmişdir. Artıq bu vaxt qadının üç övladı və əri vardı. Bu cür hərəkəti yalnız Şopenhauer kimi zəka və ürək sahibləri edə bilərdi.

O, deyirdi ki, evlənmək o deməkdir ki, "hüququnu iki dəfə azaldır, məsuliyyətini iki dəfə artırırsan”. Onun "Qadınlar haqqında” adlı məşhur essesi var. Şopenhauer qadınları "qeyri-estetik”, musiqiyə, elmə, incəsənətə yad varlıq hesab edirdi.
Şopenhauer Şərqə maraq göstərirdi. Peyğənbərlərdən Buddanı sevirdi. İslamda kişinin dörd arvad almasını nəzəri cəhətdən təqdir edirdi. Amma bu məsələyə öz iradını da bildirirərək deyirdi ki, dörd arvad almaq yaxşı iş olsa da, eyni vaxtda dörd qaynanaya malik olmaq təhlükəlidir.
Artur Şopenhauer bütün ziddiyyətlərinə baxmayaraq fəlsəfə tarixində öz yeri olan mütəfəkkirdir. O, ilk dəfə olaraq iradənin mahiyyətini və metafizik təhlilini verib, insan motivasiyası haqqında mülahizə yürüdüb (və bu termini ilk dəfə o işlədib), fəlsəfəyə yeni, bədii- aforistik bir stil gətirib. Və heç də təsadüfi deyildir ki, dünyanın bir çox sənət və düşüncə adamları (Fridrix Nitsşe, Rixard Vaqner, Albert Eynşteyn, Lev Tolstoy, Xorxe Luis Borxes və başqaları) onun yaradıcılığından təsirləndiklərini etiraf ediblər.
Müasirləri sağlığında onu ciddi adam və filosof saymırdılar. Onu yalnız öləndən sonra dahi kimi qəbul etməyə başladılar.
Sözün qısası, Şopenhauer belə Şopenhauer olub.

 
 
 
 
 
Firuz Mustafa 
 
 
 
Bütün reaksiya
 
 
 

 
Firuz Mustafa
yazıçı, filosof.