YAZI / DÜŞÜNCƏ
Tarixi dəyişən qadın İkinci Hissə Tarix : 06 Mart 2024, 22:17

 

                                                           Davamı

Əsir düşməyən yaraqlılar toplanaraq 1971-ci ilin fevralında Əli Əkbər Fərahaninin komandanlığı ilə Xəzər dənizi sahilində kiçik bir şəhər olan Siahkalda jandarm məntəqəsinə hücum etdilər. Bu, İran təcrübəsində "ilk güllə” idi! Mütləq zülm və sükut dövründə, xalqın ümidsizliyinin ən dərin qatında və rejimin gücünün zirvəsində olduğu bir vaxtda partizanlar muzdlulara hücum etdi. Yüzlərlə inqilabçı silahlı toqquşmada vəhşicəsinə öldürülür, həbsə alınır, işgəncələrlə edam edilir. Onların mübarizəsindən qorxan rejim hərəkatı yatırtmaq üçün bütün qüvvələrini işə salır. Hərəkatın öndə gedən bir çox üzvü ələ keçirilir. Lakin SAVAK-ın bütün basqın və həbslərinə baxmayaraq, təşkilatı tamamilə məhv edə bilmirlər. Çətinliklə də olsa mövcudluğunu qoruyur və mübarizəni davam etdirir. Bu döyüş hərbi baxımdan məğlub olsa da, mühüm siyasi qələbə hesab olunur. Məhz bundan sonra fədai təşkilatı ciddi müstəvidə layiqli rəqib kimi nüfuz qazanır.

 

Sonralar bu "Jandarm bölməsinə hücumun yeganə məqsədi rejimə qarşı inqilabi hərəkatın müharibəyə başlamasıdır” deyə şərh olundu.

Siahkaldan sonra partizanların bir qismi qətlə yetirilsə də, Fədai təşkilatı siyasi qələbəsi ilə işçilər, tələbə və ziyalılar arasında geniş rəğbət qazanaraq adını bütün dünyaya tanıtdırdı. 1970-ci illərin sonlarında Fədai ən azı beş min yaraqlısı və on minlərlə tərəfdaşı olan fəal bir təşkilat idi.

Lakin artan təhlükəni anlayan rejim böyük şiddətlə Fədaiyə hücum edirdi. 1971-1976-cı illərdə fədailər demək olar ki, bütün liderliklərini itirdilər.

Pouyan 1971-ci ildə polislə atışmada öldürüldü. Əhmədzadə 1972-ci ildə edam edildi. Həmid Eşref 1976-cı ildə qətlə yetirildi...

18 aprel 1975-ci ildə Bijan Cezani partizan liderlər olan səkkiz digər yoldaşı ilə birlikdə "qaçmaqda şübhəli bilinmə” ittihamı ilə həbsxanada öldürüldü. Bütün bunlara baxmayaraq, fədailəri tam məğlub etmək olmadı.

1971-1972-ci illərdə SAVAKfasiləsiz olaraq fədai ovuna çıxmışdı. Əşrəf və Behruz Dehqani ilk həbslərindən sonra qaçmağı bacarırlar. (Təkrar həbsləri zamanı isə saxlanıldıqları kameranın yeri çox az sayda məmura məlum idi. ) Dərhal kiçik qardaşları Məhəmməd həbs olunur. Gördüyü şiddətdən sonra demansiya xəstəliyinə tutulan Məhəmmədi dörd il həbsdə saxlayırlar. Kazem Səadəti də həbs olunur, lakin istintaq vaxtı özünü tamamilə laqeyd apararaq hər şeydən xəbərsiz kimi təqdim edir.

 

Nəticədə onu sərbəst buraxırlar. Özünü Behruz və Əşrəfə çatdırmaq istəyən Kazem izlənildiyini anlayır və onları güdaza verməməkçün biləyini kəsərək intihar edir. Ağlagəlməz işgəncədən qurtulmaq üçün inqilabçılar tez-tez intihara əl atırdılar.

Behruz Dehqani SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada döyülüb işgəncələrə məruz qalır. Burada təkcə fiziki yox, psixoloji, mental və əxlaqa zidd şiddət də tətbiq olunur. İttihamçıların bitmək bilməyən işgəncə fantaziyalarının "zənginliyi” heyrət doğurur. Onu sındırmaq və təşkilatın digər üzvlərini ələ verməsi üçün bir neçə dəfə bacısı Əşrəfə gözü qarşısında müxtəlif işgəncələr verilir. Bacı-qardaş son nəfəslərinə qədər susacaqlarına və hərəkata sadiq qalacaqlarına and içirlər. Mənəvi cəhətdən edilən basqılar nəticəsiz qaldığından Behruzu da digər yoldaşları kimi ölənə qədər cismi işgəncələrlə danışdırmaq qənaətində olurlar. Amma bu da nəticəsiz qalır və 1971-ci ilin may ayının 30 da daxili orqanlarının parçalanması nəticəsində Behruz Dehqani gözlərini əbədi olaraq yumur. Behruzun sərgilədiyi əzmkar dirəniş həm həbsdə, həm də azadlıqda olan yoldaşlarının qəlbində əbədi abidəsini ucaldır. Cismən məhv olsa da, yoldaşlarının qəlbində sağ qalır. Onun xalqa olan sevgisi azadlıq mübarizəsində şəhid olmuş başqalarının və mübarizəni davam etdirənlərin sevgisi kimi əbədi yaşayır. Onun mübarizəsi başqalarının timsalında ədalətsizlik yox olana qədər xalq düşmənlərini təqib etməkdə davam edir.

Əlirza Nabdili yaralayaraq ələ keçirirlər. Bir ilə yaxın ona edilən bütün işgəncələrə sinə gərir, qərərgahın yerini söyləməmək və yoldaşlarını satmamaqçün özünü xəstəxananın pəncərəsindən atır. Dəfələrlə huşunu itirənə qədər olmazın iztirablara dözən Nabdil 1972-ci il martın 13-də Manaf Fələki və digər səkkiz məsləkdaşı ilə birlikdə edam edilir.

 

Fədailər silahlı çatışmada məğlub olsalar da, əzm və dirənişdə rejimə qalib gəlib, nəzəri cəhətdən qalibiyyəti təmin etmişdilər.

1971-ci ilin mayın 13 də Əşrəf Dehqani də tutulur. Onun ələ keçmə zamanı göstərdiyi dirəniş sonradan dillərə dastan olur. Həbs edənlərin əlini dişləyir, onları söyür, təhqir edir. Onu bir neçə nəfər çox çətinliklə maşına əyləşdirib hadisə yerindən uzaqlaşdıra bilir. İlkin istintaq on il həbs cəzasına məhkum edir. Nəzarətçilərin qulağını dişləyən Əşrəfi zəbt etməkdə acizlik çəkirlər. Qarşı tərəfə sağ lazım olduğunu bilən partizan bacardığı qədər müqavimət göstərir. Susa bilməsi üçün dişləri ilə dilini də kəsməyə cəhd edir. Ağrının şiddətindən gözlərini açanda başının üstündə dikilən kamera nəzarətçisini görür. Lazımi məlumatı almaq üçün zindan keşikçisi gecə-gündüz onun yanından ayrılmır. Evin Həbsxanasında olduğu müddətdə onunla öncə mülayim davranırlar. Sonradan SAVAK tərəfindən daim işgəncələrə və təcavüzə məruz qaldığını yazır. Şəxsiyyətini alçaltmaq üçün qardaş faktoruna əl atmaqdan da utanmır, ləyaqətsiz davranışlar sərgiləməklə istəklərinə nail olmağa cəhd edirlər. Bir-birinin ardınca məsləkdaşlarının ölüm xəbərini aldıqca daha da sərtləşir, ölümü çıxış yolu kimi qəbul edir.

Minlərlə fədainin ölüm fərmanına Əşrəfin bircə imzası lazım idi. Nə olur-olsun onu danışdırmalı idilər. Ancaq Əşrəf daha orta məktəb şagirdi deyildi və silahdaşları gözünün önündə can verirdi. Son çarə olaraq daha iyrənc işgəncə üsuluna əl atılır. Yenə də sükut...

İki ildən sonra - 13 mart 1973-cü ildə o həbsxanadan qaçırılır və yenidən OIPFG-yə qoşulmağı bacarır. Əşrəf Dehqani zindan həyatı haqda "İranda işgəncələr və mübarizə” adlı kitab yazır. Kitab ingilis dilinə tərcümə edilərək Londonda nəşr edilir. Onun və silahdaşları haqqında ən dolğun məlumata məhz bu kitabdan işıq tuta bildim.

 


Kitabında sosial inqilabın qaçılmazlığını, həmçinin İmperator Dövlətinin avtoritarizminin təhlilini işləyib hazırlayıb və belə nəticəyə gəlib ki, sistem mahiyyət etibarilə zəifdir, çünki hətta işgəncə yolu ilə də müxalifəti yatıra bilmir. "İranda işgəncələr və mübarizə” nin nəşri Pəhləvi rejimi süquta uğrayana qədər qadağan edilir.Həbsxanada yaşadıqları onun tarixi materializmə olan inamını gücləndirir və anti-avtoritarizm və feminizmlə bağlı perspektivlərini üzə çıxarıb inkişaf etdirir. İran İnqilabından sonra Əşrəf Dehqani onun ultra-sol fraksiyasının aparıcı fiquruna çevrilir.

1979-cu ildə şah rejimi süqut edərkən, Fədailər dövrün ən böyük silahlı marksist təşkilatı olaraq hələ də yaşayır və kifayət qədər kütləvi güc idilər. Lakin inqilab zamanı və ondan sonra Xomeyni hakimiyyəti ələ alarkən, Fədailər daxilində bəzi parçalanmalar oldu. Silahlı mübarizəni davam etdirməmək qərarına gələn və Xomeyni rejiminə arxalanan "əksəriyyət qrupu” sonralar Xomeyni tərəfindən darmadağın ediləcək və "azlıq” öz varlığını saxlamaqda çətinlik çəkəcəkdi.


İnqilabdan sonra bir çox İran kommunist qrupları silahlı mübarizə proqramından kənara çıxdı, taktikanın köhnəldiyini iddia etdi və onun tərəfdarlarını ultra-solçuluqda ittiham etdi. Partizan müharibəsini müdafiə etməyə davam edən OIPFG liderlərindən biri Dehqani idi ki, bu məsələyə görə OIPFG-dən qovuldu. O, öz növbəsində, OIPFG-nin yeni rəhbərliyini revizionizm və anti-kommunizm üçün pisləyib və onları təşkilatın siyasi məhbuslarını tərk etməkdə ittiham edib. OIPFG-nin əksəriyyəti silahlı mübarizədən uzaqlaşaraq yeni İran İslam Respublikasının hakimiyyətini qəbul edərkən, Dehqani kapitalizmin davamı hesab etdiyi yeni hökumətə qarşı partizan müharibəsini müdafiə etməyə davam etdi. O, yumşalmış mövqeli yoldaşlarından ayrılır və hökumətə qarşı mübarizəni davam etdirən İran Xalq Fədai Partizanlarını (IPFG) yaradır. Bu təşkilatın əsas məqsədi İranda yaşayan xalqların milli, mənəvi və hüquqi bərabərliyini təmin etmək idi.

O, Şah rejimi kimi ayətullahçıların da ikili standartını qəbul etmir.

IPFG üzvlərinin az bir qismi ilə birlikdə İranda 1979-cu ildə kürd üsyanı yatırıldıqdan sonra Dehqani və onun qruplaşmasının ölkədən qaçıb Avropaya mühacirət etdiyi və orada gizli yaşadığı ehtimal edilir. Dehqaninin Almaniyada olduğu deyilsə də, bu andan sonra onun həyatı haqqında çox az şey məlumdur. Rəhbəri olduğu təşkilatın da Avropada fəaliyyətdə olduğu güman edilir.

O, Xomeyni hökumətini şahdan az fərqlənən yeni bir burjua rejimi hesab edirdi. Bu onun nə qədər uzaqgörən, siyasi gedişatı düzgün qiymətləndirmə bacarığına malik olduğunu sübut edir.


Əşrəf Dehqani İran xalqının sadiq partizanlarını formalaşdırıb ki, bu da "Əşrəf Dehqani axını” olaraq bilinməkdədir.

Onun taleyinə mübarizə, mücadilə, həbs, sürgün yazılıb. Ömrünün 74-cü ilində belə mübarizəsini dayandırmayan bu dəmir iradəli mühacir qadının həyat yolunu öyrənmək, tədqiq etmək siyasi kurs üçün önəmlidir hesab edirəm.

Hakimiyyətə gəlmək üçün bütün İrana yalan satan, bolluca vədlər verən Xomeyni rejimi dövründəki itkilər 1971-77-ci illərdəkindən qat-qat artıq oldu. Sülh, demokratiya vədləri ilə zaman qazanan molla hakimiyyəti heç kimi yadından çıxartmır, ən cüzi aktivliyi olan şəxslər də edam körpüsündən keçməli olurdu. Belə ki, Kazım Səadətinin həyat yoldaşı, iki uşaq anası Ruhəngiz Dehqani də 8 iyul 1981-ci il tarixində islamrejimi tərəfindən asılaraq edam olunur.. İfrat mərkəzçi dövlət mərkəzi millət elan olunan farsların imtiyazları və hegemonluğu və bütün başqa millətlərin haqlarının tapdalanması hesabına başa gəlmişdi. İslam hakimləri heç bir sərhədin və millətin müqəddəsliyini qəbul etmir. Eyni zamanda bu hakimlər Pəhləvi dönəmində olduğu kimi, heç bir millətin haqqını tanımaq belə istəmirlər. Onlar mütəmadi olaraq bu millətlərin haqqını tapdalamaq, onları məhv etmək arzusundadırlar. Şah rejiminin əvəzinə gələn və bütün hakimiyyət rıçaqlarını əlinə almış mövcud quruluş, istismar və əzilən kütlələrə qarşı ən hazır və uyğunlaşmış repressiv və barbar metodları tətbiq edən ən qəddar aparata malik quruluş bu gün də iş başındadır. Həmvətənlərimizin ana dili, muxtariyyət uğrundakı mücadiləsini yatırtmaq üçün ağlagəlməz ittihamlarla həyatlarına son qoymaqdadır. Həbsxanalar türkçülük ideyası daşıyan siyasi fəallarla doludur. Mübarizəmiz bu gün də davam etməkdədir.

Son olaraq onu demək olar ki, Fədailər hərəkatı İran və Yaxın Şərq tarixində faciəli bir səhifədir və uğurlu olmasa da, bu məqalənin əhatə dairəsinə sığmayacaq qədər böyük dərslərlə dolu bir prosesdir. Adı çəkilənlər və başqaları bu gün də İranın molla-qaranlıq tarixində parlaq daş-qaş kimi bərq vururlar. Bugünkü İran üsyanı onların proqnozlaşdırdıqları yolla getməyə də bilər, lakin o ilk buzqıran gəmilər heç vaxt xalqın yaddaşından silinməz. 


Kəmalə Səlim Müslümqızı

qadinkimi.com