SƏNƏT
Ölümlə görüşüm var Tarix : 07 May 2024, 23:27

Alan Siqer amerikalı şair idi. 22 iyun 1888-ci ildə anadan olmuşdu. Birinci Dünya Müharibəsi zamanı Fransız xarici legionunda xidmət etmişdir. Tanınmış pasifist və müsiqişünas Çarlz Siqerin qardaşı və keçən əsrin əvvəllərində bu soyadla tanınan üç xalq mahnısı ifaçılarının əmisi idi. Müharibəyə yollanana qədər Alan bir çox şeirlər yazsa da "Ölümlə görüşüm var mənim" şeiri daha geniş yayıldı. Bəlkə də qəlbin daha dərinliyinə nüfuz etdiyinə görə şeir insanların qəlbində özünə yer tapdı. Müharibə dövrü idi. Müharibələr zamanı isə hər xalq həssas olur. Elə möhtəşəm əsərlər də çox zaman həssas məqamlarda yaranır.

Alan poeziyaya sevgi ilə yanaşan bir gənc idi. Təəssüf ki, onun arzularını amansız müharibə yarımçıq qoydu. İdeallarını şeirlərində tərənnüm edən Alan tənqidçilərin də hədəfinə tuş gəlirdi. Onu əsasən xəyalpərəst olduğuna, pafosdan istifadə etdiyinə görə qınasalar da, haqsızlıq etməkdən qaçmaq üçün bunu gəncliyin zəifliyinin ayağına yazırdılar.

Alan Nyu-Yorkda anadan olub. Atası Meksikada şəkər emalı ilə məşğul olan fabrik sahibi idi. Firavan uşaqlığı olub. Heç nədən korluq çəkməyib. Yeniyetmə yaşlarında da sanballı məktəblərdə təhsil alıb. Lakin sonradan ailəsi bütünlüklə Meksikaya köçdü. Amma Alan qardaşı Çarlz ilə təhsilini daha yaxşı yerdə davam etdirmək üçün yenidən Nyu-Yorka qayıtdı.

Məktəbi bitirən gənc Alan Harvard Universitetinə daxil olandan sonra poeziya ilə daha ciddi maraqlanmağa başlayır. Dövrünün romantik şairləri ona təsirsiz ötüşmədi. Hələ tələbə ikən Tomas Eliot və bir çox başqa şairlərin öz şeirlərini müasir versiyada yazmaqlarını müşahidə edirdi. Danteni tərcümə etmişdir. "Harvard Monthly" jurnalında redaktor kimi də fəaliyyəti olmuşdur.

 

 

Bir 1 nəfər şəkili ola bilər


 

İstedadlı tələbə Alan 1910-cu ildə Harvard universitetini bakalavr dərəcəsi ilə bitirir. Universitetdən sonra gənc Nyu-Yorkda Qrinviç Vilicə köçür. Bura əsasən bohemiya həyat tərzinin hakim olduğu və xəyallarla yaşadıqları güman edilən şairlərin, rəssamların və musiqsiçilərun sevdiyi yer idi. Bohemlər deyəndə bu sənətlə məşğul olan və sərgərdan həyat tərzi keçirərək xəyallar dünyasında yaşayanlar nəzərdə tutulur. Əlbəttə ki, zəngin sərvət sahibi və tamamilə başqa dünyagörüşə sahib olan atasını Alanın bu seçimi məyus etmişdi.

 

Alan şeirlərini yazmağa davam edirdi. Amma iki il sonra Alan bu yerdən xəyallarında olan zövqü ala bilmədiyinə görə Nyu-Yorku tərk etdi və atasından belə yardım istəməyərək dostlarının maliyyə yardımı ilə Fransaya, daha dəqiq Parisə köçdü. Bəli, Paris tam onun arzusunda olduğu, ilham pərisinin pərvazlandığı bir yer idi. Burada özünü xoşbəxt hiss edən gənc xəyalpərəst şair "Yadındamı", "Görüş" kimi şeirlər yazır. Bu şeirlərdə, hətta atasına vurduğu teleqramda onun aşiq olmasını sezmək olar. Fransa onun sevdiyi yer idi. Bəlkə də özünü burada tapmışdı. Ona görə də 1914-cü ildə Fransa ilə Almaniya arasında müharibə başlayanda Alan heç düşünmədən, qorxmadan sevdiyi Fransanı müdafiə etmək üçün könüllü olaraq Fransa Xarici Legionuna yazıldı. Həyəcan, macəra axtaran və bundan həyat eşqi alan gənc Siqeri sən demə, taleyi də hədəfə alıbmış. Romantik Alan ölümün belə gözünə dik baxa bilirmiş. Biz bunu sonra görəcəyik.

Müharibəyə yazılan vaxt onu şəxsən tanıyanlar Alanın emosional cəhətdən ağır vəziyyətdə olduğunu deyirdilər. Döyüşə gedənə qədər Alan məktublarında adamla dolu çirkli məhəllələrdən, soyuqdan şikayətlənirmiş. Amma müharibə haqqında, oxuculara qəribə də gəlsə, romantik düşüncələrə malik imiş. Cəngavərlik dövrü haqqında məlumatlı olan Alan bəlkə də bu səbəbdən ölümdən qorxmurdu və ölümün özünü belə öz fikirlərində romantikləşdirmişdi. Onun üçün müharibənin nəticəsi yox, yoldaşlıq şərəfi və qəhrəmanlıq daha çox əhəmiyyət kəsb edirdi.

Onun məşhur "Ölümlə görüşüm var mənim" şeirini oxuyanda ölümlə görüşünü bir şərəf məsələsinə çevirən gənc qəhrəmana rəğbət hissi duymaya bilmirsən. Şeirin müəyyən məqamlarında azca da olsa əlçatmaz keçmiş üçün nisgil hiss olunsa da, döyüşçü-şairin ölümdən qorxmazlığı və bunu ifadə edən misralar heyrətamizdir. O, sanki ölümlə şərt kəsərək mütləq onunla görüşə gələcəyini təsvir edir və bunu qürurla izhar edir. Onun haqqında yazanlardan biri qeyd edir ki, ölümlə bağlı belə bir şeir yazan əsgər heç də hansısa dini inancından belə düşünməmişdir, əksinə onun belə ifadə tərzi həyatı sevməsindən, cismani sevginin həzzini necə dərindən duymasından xəbər verir. Həqiqətən də Alan həyatda dindar olmamışdı.

Həyat fəlsəfəsi mübarizə idi. Ümumiyyətlə yunan filosofu Empedokldan çox təsirlənmişdi. Empedokla görə təbiət iki əks - sevgi və mübarizənin qarşılıqlı təsiri ilə xarakterizə olunurdu. Məlum şeirdə də məhz bu qarşılıqlı təsir vurğulanır.

 

 

1916-cı ildə romantik ruhlu, həyat dolu, dünyadan çox şeylər əldə etmək istəyən həssas qəlbli Alan döyüşlərin birində mədəsindən güllə yarası alaraq həlak olur.

Ölümündən sonra fransız hərbçiləri onu Croix de Guerre və Hərbi Medalı ilə təltif edir. Ölümündən qabaq yazdığı məktubda deyirdi: "Döyüşə gedib qayıtmayanlar üçün axıdılan göz yaşları acı olmamalıdır. Onların ölümü başqalarının özlərinə seçdikləri bir ölüm deyil. Onlar bu ölümün gözünə baxaraq gülə-gülə və heç bir peşmançılıq hissi duymadan gediblər."


Tərcüməsi təqdim olunan şeir ABŞ prezidenti Con F.Kennedinin çox sevdiyi və tez-tez dediyi şeir olmuşdur.


ÖLÜMLƏ GÖRÜŞÜM VAR MƏNİM

 

Ölümlə görüşüm var mənim
Çözmək üçün onunla bəhsi.
Bahar da geri qayıdanda
Xışıldayar yarpaq kölgəsi.

Ölümlə görüşüm var mənim
Havada da gül rayihəsi.
Bahar özü ilə gətirər
Aydın səma və yaz həvəsi.
Bəlkə də əlimdən tutub o zülmət dünyasına aparar
Və bağlayaraq gözlərimi əcəl nəfəsimi daraldar.

Ölümlə görüşüm var mənim,
O döyüş gedən yamaclarda
Bahar gələndə buralara
Orda tumurcuqlar açanda.
Tanrı daha yaxşı bilir ki,
Gül qoxulu ipək döşəkdə
Sevginin şirin ağuşunda
Eşq döyüntüləri ürəkdə.
Səssiz-sözsüz oyanışlarda
Göz gözə, həm nəfəs nəfəsə.
Amma ölümlə görüşüm var
Gecəyarı yanan şəhərdə.
Söz verirəm bu il gələcəm
Yaz bir də olanda quzeydə.

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

qadinkimi.com

Aygün Əziz, publisist, tərcüməçi.