SƏNƏT
Narkotik, seks, içki - Nan Goldin yaradıcılığı Tarix : 24 Yanvar 2024, 21:54
Yazar : Qadinkimi.com

 

Nan Goldin - fotoqraf.1953 (65yaş)


 

Nan Goldinin fotosərgilərindəki adamların sayı adətən Misirdəki mumiyalara, Rafaelin əsərlərinə baxmağa gələnlərin sayından çox olurdu. Səbəb isə sadə və "məişətvari" idi: Nanın fotolarının motivi həyatın dibi - narkotika, qeyri-ənənəvi cinsi həyat, orgiyalar, içki məclisləri idi…

 

 

Nan Goldin 1953-cü ildə Vaşinqtonda anadan olub. Uşaqlıqda Nanla bacısını müayinə edən psixiatr həmişə bacıların intihara meylli olmasından şübhələnirdi. O, yanılmırdı. Nanın bacısı 18 yaşında intihar etdi. Nanı isə intihardan fotokamera xilas etdi. Nanın gəncliyi yetmişinci illərə təsadüf edirdi - bu, rok-n-rol, narkotika və seksin dövranı idi. Və belə zəngin gənclik həyatı Nana cəsarətli mövzular verirdi. Bir dəfə o, etiraf etdi ki, seksual motivli uğurlu fotosessiyalardan birinin səbəbi sırf səhər oyananda dünən gecə nə baş verdiyini xatırlamaq arzusu olub.

 

 

Kamera isə evdə baş verənləri ev sahibəsindən daha yaxşı xatırlayırdı. Nan oğlan dostu ilə intim əlaqələrini, narkoman dostlarını, transvestit tanışlarını - bir sözlə, Nyu-York "andeqraundunu" fotolentə alırdı. O, bacısının xatirəsinə həsr etdiyi ilk fotosərgini "Seksual azadlığın balladası" adlandırdı. Nanın fotolarındakı seksual inadkarlıq və seksual səmimilik XX əsr incəsənətində qadın mövzusu, epataj və yeni realizmlə bağlı təzə səhifə açdı. Nan göstərdi ki, ən gözəl, ən incə ruhlu, səmimi fotoları həyatın dibindən, eybəcərliklərdən, kobudluqlardan çəkmək olur. Budur müəllif xanımın öz portreti: dəbli saç düzümü, içkidən şişmiş sifət, al-qırmızı boyanmış dodaqlar və… zərbədən göyərmiş göz. Gözünü ondan həmişəlik ayrılan sevgilisi Brayn göyərtmişdi. Sadə sevgili mübahisəsindən yaranan avtoportret XX əsrin art-simvoluna çevrildi.


 

Qadinkimi.com