HƏR ŞEY / HEÇ NƏ
Mənəvi əxlaq və sosial məsuliyyət - Zibil beyinlər : Orxan Şahbaz yazır Tarix : 21 Yanvar 2019, 09:58


Bu gün 28 may metrosu ətrafında maraqlı(əslində bədbəxt) hadisə oldu.
Bir oğlan yolun kənarıyla gedəndə cibindəki salfet yerə düşdü. Əyilib götürmək istəyəndə külək salfeti uçurdu. Oğlan salfeti yerdən götürənə qədər 50-60 metr əyilə-əyilə irəli getdi, axırda onu tutub zibil qabına atdı.
Bu vaxt qıraqda dayanan 5 "dənə" kişi bu hadisəyə gülürdü:
"Ala, ona bax, yetim bir salfetə görə neyniyir ala" və s.
Bu hadisə niyə gülməli görünsün ki? 
Əslində, problemin kökü mənəvi əxlaqdadır. Toplumda çatışmayan önəmli amillərdən biri mənəvi əxlaqdı. Əgər biri cibindəki tullantını yerə deyil, zibil qutusuna atırsa, buna görə ona gülürlərsə, deməli, beyində ciddi problem var. Ona görə şəhər zibil içindədir.
Mənəvi Əxlaq - başqa birini anlamaq, empatiya qurmaq bacarığıdır. Əgər mən o zibili yerə atsam, başqa birinə xırda da olsa təhlükə, maneə yarada bilər və bu xırda şey topluma yansıyaraq düşüncələrdə böhran yaradar. Bu da fiziki şəkildə böyük fəlakətə səbəb olar. Ona görə fərdi şəkildə sosial məsuliyyəti dərk etmək və toplumda sivil davranmaq mütləqdir. Görürsüz, adi bir salfetdən uzun fikir formalaşdı. Məhz kiçik görünən şeylər də böyük problemlər yarada bilir. Bir zamanlar mən də belə olduğum və daha sonra bunları özümdə dəyişdiyim üçün bu problemləri qabardıb göstərməyə çalışıram.

Düzələcəkmi, bilmirəm... hələ ki problem zibil qutuları deyil, problem - zibil beyinlərdir.