HƏR ŞEY / HEÇ NƏ
Depressiya... O nədir? - Rəşad Sultan Tarix : 18 Fevral 2019, 18:26
Yazar : Rəşad Sultan
Mən psixiatr deyiləm, depressiya psixiatriya dilində nədir, bilmirəm. Nevroloq da deyiləm, baş ağrısı, yuxusuzluq barədə elmi biliklərim məhduddur. Bir şeyi bilirəm ki, hamı şikayətçidir. Amma heç kim həyat tərzini dəyişmək istəmir. Bir həkim kimi onu deyim ki, xəstəlik müalicəsi həyat tərzindəki dəyişikliklərlə başlayır. Dərman, əməliyyat sonrakı işdir.
 


Nədir həyat tərzimizdəki yanlışlar? Sosial məsələlərdən, iş, ailə, məişət mövzularından danışıb "başa ağıl qoymaq" mənlik deyil. Əvvəla keçəl çarə bilsə, öz başına eləyər. İkincisi də hər kəsin həyatı özünədir. Burda tibbi-bioloji məsələlər və onların sosial tərəfləri barədə yazmaq istəyirəm.

Yəni həyat tərzi deyəndə fiziki və bioloji aktivliyimizə toxunmaqdır məqsədim.

İstənilən sosial məsələyə aydınlıq gətirməkçün ən yaxşısı insanın təbiətin bir parçası olduğunu və bir heyvan növü olduğunu qəbul etməkdir.

İt saxlayanları görmüşük, hər axşam itlərini gəzməyə çıxarırlar. Aqressivləşməsin deyə. Niyə özümüzə it qədər qiymət verməyək?! Elə bilirsiz, evdə planşetlə oynamaq itdən daha qiymətli olmaqdı? Yanılırsız. Planşet, telefon, kompüter bahalı ola bilər, amma ruhumuza (psixikamıza), təbiətdən gələn təbiətimizə aid olan bir şey deyil. Bizə aid olan hərəkətdir, təmiz havadır, dənizdir, meşədir, dağdır.

Bizim genlərimizdə instinktlərimiz kodlanıb: heyvan növünün var olmasını təmin edən şərtsiz reflekslər - özünü müdafiə, çoxalma, qidalanma və bunlara xidmət edən hərəkət etmə (kinezofiliya). Bunları etməsək, ruhumuzun harmoniyası pozular. Depressiyaya da girərik, baş da ağrıyar və s, və i.a.

Sadəcə, hər şeyi qədərində etmək lazımdı.

Niyə axı kiminləsə ünsiyyət quranda mesaj yazıb, telefonla danışaq. Sevdiyimiz insanla niyə canlı görüşməyək?!

İş o yerə çatıb ki, canlı danışmaq deyəndə sosial mediada canlı yayım, ya da görüntülü zəng etmək başa düşür bəziləri.

Gəzmək deyəndə hardasa oturub kofe içmək, təbiət deyəndə bahalı otel nömrələri anlayırlar.

Əzizlərim, bu həyatın şirini ancaq acı varsa, var. İstirahət ancaq yorulandan sonra olur. Yorğun olmayan adam nədən dincələ bilər ki?!

Bizə həyatı sevdirən müsbət emosiyalar ancaq mənfi emosiyaların qarşılığıdır. Bir balaca maşını uzaqda saxlayıb gəzsək, zərimiz tökülməz, uzağı bir az təmiz hava alarıq, bir az da şəhərdə piyada gəzmiş olarıq, eynimiz açılar.

Söhbəti sizə xoş olan adamlarla mesajlaşmayın, telefonla danışmayın, bir çay qoyun, gözlərinin içinə baxa-baxa danışın, gülün, mübahisə edin, hərəkətlərlə, jestlərlə, mimikakarla. Dalaşın, qışqırın, amma canlı edin, real edin, texnika vasitəsilə etməyin.

Yalamadan Astarayacan dənizimiz var, dağlarımız, meşələrimiz var. Təbiətin özüyük biz.

Təbiətlə olaq, öz aramızda da təbii olaq, sadə olaq.
 


Maşınlar yolu qısaltsın, yolumuz dağlara olsun amma. Telefonla görüş təyin edək, görüşümüz telefonsuz olsun amma. Üzməyə hovuza yox, dənizə gedək. İdman zalında yox, sahildə qaçaq.

Su içək, tərəvəz, göyərti yeyək. Heyvanlarla oynayaq, uşaqlarla oynayaq.

Atları sığallayaq, itlərlə dostlaşaq. "Ali" dediyimiz insanda olmayan vəfa, dostluq var onlarda.

Dənizdə dalğalarla güləşin, axşam gəlin görüm yuxusuzluqdan əziyyət çəkərsiz heç?!

Dağın təmiz havasında xizək sürüb, qartopu oynasaq axşam necə başağrısı ola bilər ki?!

Heç adamın vaxtı olmaz depressiyaya düşməyə. Heç həvəs də olmaz.

Heç şəkil çəkib paylaşmağa da həvəs qalmaz. Telefona girməyə də.

Ətrafdakıların fikri də maraqsız gəlir onda, onlara nəsə göstərmək, sübut etmək də.

Qədərində yeyin, için, gülməyi təxirə salmayın. İnsanlarla qaynaşın, arada özünüzlə baş-başa qalın, keçmiş xoş xatirələr, gələcəyə dair xəyallar, sonra bir çay, bir dost, bunları müzakirə edin, sabah iş, həftə sonu dəniz, meşə dağ... Qışdırsa, qarın gözəlliyi, yaydırsa, dənizin sərinliyi.

Həyat da gözəldir, təbiət də, bizlər də! Bəs onda depressiya nədir elə?!

 
qadinkimi.com