UŞAQ / BÖYÜK
Mən divləri öldürürəm - İkinci Mahmudun yazısı Tarix : 06 Sentyabr 2022, 11:06
Yazar : Qadinkimi.com
Mental təfəkkürdən o qədər uzaq adamam ki, bizim cəmiyyətin lokal dəyərləri haqqında, ümumiyyətlə, məlumatım yox. Ona görə də bəzi situasiyalarda özümü yadplanetli kimi aparıram. Və bir Allah şahid ki, bunu qəsdən etmirəm. Necə deyərlər, özümü gicliyə qoymuram...

Qızım dünyaya gəlmişdi. Açıq desəm, atalıq duyğusu hələ baş qaldırmamışdı. Xüsusi bir şey hiss etmirdim. Bir az mənşəyi bilinməyən həyəcan var idi, vəssalam. Statistik olaraq başa düşürdüm ki, övladım dünyaya gəlib. Onu ilk dəfə qucağıma alanda da sentimental və ya hansısa incə, ülvi duyğuya bürünmədim. Heç bunların fərqində də deyildim. 

Əslində, indi başqa şeylər haqqında danışmaq istəyirəm. 

Analizlərlə, pafoslu cümlələrlə oxucunu yormaq istəmirəm – bir-iki əhvalat danışıb gedəcəm...
Sadə, tipik və mənimçün anlaşılmaz bir neçə əhvalat...

Xəstəxana koridorunda gözləyərkən istər-istəməz adamlarla danışmalı olursan – mənimçün ən dözülməz şeylərdən biri də bu. 
Yaşlı bir cütlük var idi. Soruşdular ki, qızdı, ya oğlan? Dedim, qız olmalıdır. Kişi naşılığımı o saat hiss etdi, təcrübəsini bölüşməyə başladı. Dedi, bir azdan mühafizəçi gələcək, muştuluq verəcək, əlin cibində olmalı. Sonra da gülümsəyərək əlavə etdi ki, sənin işin yüngüldür - 10 manatla canını qurtaracaqsan, mən gərək 20 verim. 

Bütün söhbət boyu məndə ilk dəfə maraq yarandı. Niyəsin soruşdum. Yəni niyə mən 10 manat, sən 20 manat? 
Dedi ki, səndə qızdı axı...

Sonra hər şey kişinin dediyi kimi baş verdi...
Xəbəri tutan dost-tanış, qohum-əqrəba zəng edib təbriklərini çatdırmağa başladılar. Standart təbriklər: "Atalı-analı böyüsün...”
Bir zəng daha yaxşı yadımda qalıb. Ana tərəfədn uzaq bir qohum - mən ona "xala” deyirəm. Zəng etdi, təbrikə bənzər bir - iki söz dedi, keçdi mətləbə: "Heç ürəyini də sıxma... Allah verən paydı. Belə baxanda, qızdan yaxşısı yoxdur. İnşallah, gələn dəfə oğlan olar...”
Bu nə idi belə! Təskinlik? 

Və mən sonrakı təbriklərdə eyni təskinlik intonasiyasını daha aydın duymağa başladım...
O vaxt yerli bir şirkətdə işləyirdim. Həmin gün işə getməmişdim. Səbəbini soruşdular. Dedim,  övladım dünyaya gəlib, xəstəxanada idim.
Dedilər ki, müqaviləyə görə işçinin övladı dünyaya gələndə pul verirlər. Doğuş haqqında sənəd vermək lazımdı. Məbləğlə maraqlandım. Cavab sarsıdıcı idi: oğlan uşaqlarına 100, qız uşaqlarına 80 manat...

...Yazının bu hissəsində selektiv abortlardan sonra doğulan uşaqlar arasında qız - oğlan  nisbətinin təbii norma ilə müqayisədə nə qədər pozulduğu və bunun nəticəsi olaraq bizi gözləyən demoqrafik problemlər haqqında statistik məlumatlar da verə bilərdim...
Amma lazım deyil.

Pozitiv şeylərdən danışaq.

Mən qız atasıyam. Nə gözəl duyğudu bu! 
Özündə səndən bir parçanı daşıyan canlı varlığın gözünün qabağındaca büyüməsinə, dünya ilə tanışlıq prosesinə şahid olmaq... Bu ki əsl möcüzədi!
Bəzən nağıl danışıram qızıma. Bəzən o mənə nağıl danışır... Uydurur nağılları... 
Canavar Qırmızıpapağı yeyir. Sonra Mahmud gəlir xilas edir Qırmızıpapağı... Mən onun nağıllarının qəhrəmanına çevirilirəm. 
Mən onun nağıllarında divlərə qalib gəlirəm...
Mən onun nağıllarında uça bilirəm... 
Mən onun nağıllarında dünyada ən güclü kişiyəm... 
Mən onun qəhrəmanıyam.
Bu ki əsl möcüzədi!

Bir dəfə qızımla parka gəzirdik. Əhvalım yaxşı idi. Birdən gəlib qabağında dayandım, teatral əda ilə diz çöküb dedim:
- Nə istəyirsən, qızım, edim səninçün, istəyirsən, lap ulduzları dərim sənə!
Bir xeyli sakitcə baxdı üzümə və nəhayət, şübhəli-şübhəli dedi:
- "Sok”...
Bunu üzünüzdə təbəssüm yaratmaq üçün yazdım, məncə, indi üzünüzdə təbəssüm var.

***

Müəllif: İkinci Mahmud, Qadinkimi.com üçün