UŞAQ / BÖYÜK
Kompüter, televizor, smartfonlar və görmə qabiliyyəti: Valideynlər nə etməli? Tarix : 25 Aprel 2023, 10:00
Yazar : Qadinkimi.com
Açıq havada vaxt keçirmək uşağınızın gözü üçün niyə faydalıdır?

Belə görünür ki, müasir dövrün uşaqları kompüter, planşet və oyun konsolları kimi cihazlara hədsiz vaxt ayırır.

Elektron qurğularda oynamağın çəki artımına təsiri məlumdur, bəs bu cihazların görmə qabiliyyətinə təsirilə maraqlanmısınızmı?

Mütəxəssislərə əsasən uşaqlar arasında yaxından görmə, yəni miopiya halları yayılmaqdadır.

Görmə qabiliyyətinin zəifləməsinə qarşı ən yaxşı çarə uşaqların bayırda daha çox vaxt keçirməsi ola bilər, ekspertlərdən valideynlərə məsləhət belədir.
 
 

Miopiya yayılmaqdadır

Son onilliklər ərzində dünya boyunca miopiya hallarının sayı artmaqdadır.

"Miopiya və yaxud da yaxından görmə hallarının sayı çoxalmaqdadır", Londonun King's College Universitetində oftalmologiya professoru və St Thomas' Hospital-ında göz cərrahı, doktor Chris Hammond deyir.

"Bu Şərqi Asiya, Sinqapur, Tayvan və Cənubi Koreyada epidemiya həddinə çatıb, orada 18 yaşınadək gənclər miopiya halları 90 faizə yaxınlaşır".

Chris Hammond deyir ki, 20-ci əsrin əvvəlində Avropa gəncləri arasında 20 faizə yaxın olan bu rəqəm tədricən artaraq 40-50 faizə çatmaqdadır.

 

Miopiya niyə yayılır?

Əsas səbəb təbii işıqlandırmanın çatışmazlığı ola bilər, Londondakı Moorfields Eye Hospital klinikasının oftalmoloqu Dr Annegret Dahlmann-Noor deyir.

"Əsas amil günəş işığının çatışmazlığıdır, çünki çox oxuyaraq kompüter, planşet və smartfonlarından istifadə edən uşaqların bayıra çıxıb gəzişmək imkanları məhduddur və onlar günəş işığını daha az görür. Bu səbəbdən onlar yaxından görmənin əmələ gəlmə riskinə daha çox məruz qalır".

Professor Hammond hesab edir ki, çox oxuyan asiyalı uşaqlar arasında miopiyanın artması elektron cihazların istifadəsi və görmə qabiliyyətindəki zəifləmənin əlaqəli olduğuna dəlalət edir.

Onun sözlərinə görə uşaqlar ən gənc yaşlarından "çox intensiv oxumağa məcbur edilərək" əksər vaxtlarını evdə keçirir.
 


Ekran qarşısında keçirilən vaxt məhdudlaşdırılmalıdırmı?
 


Hər bir valideyn uşaqların ekrandan ayırmağın necə çətin olduğunu yaxşı bilir.

Üç uşaq anası Dr Dahlmann-Noor hesab edir ki, tədrisin elektron şəklində aparıldığı üçün uşaqları kompüterdən uzaqlaşdırmaq cəhdləri qeyri-real ola bilər.

"Düşünmürəm ki, qarşıdan gələn illər ərzində ekrandan istifadəni azaltmaq mümkün olsun".

Bayırda vaxt keçirmək mühümdür

Əlinizdən gələn ən yaxşı şey uşaqları bayırda daha çox vaxt keçirməyə həvəsləndirməkdir.

"Miopiyadan ən yaxşı qorunma yolu küçədə daha çox olmaqdır - idman və asudə vaxt gözə faydalıdır", professor Hammond deyir.

O, günün minimum iki saatını bayırda keçirməyi məsləhət görür.

Tərəvəzi də unutmayın!

Dr Dahlmann-Noor miopiyaya qarşı mübarizədə düzgün qidalanmanın rolunu da qeyd edir.

"Biz həmişə valideynlərə omega-3-lə zəngin yağlı turşular, vitamin A, C və E, gözün arxa səthinə faydalı olan qidalar barədə danışırıq".

"Uşaqlara gəlincə - reseptsiz satılan beyin üçün faydalı qida əlavələri göz üçün də xeyirlidir. Onların sadəcə olaraq bu xüsusiyyəti qeyd olunmur".

Dr Dahlmann-Noor həmçinin ildə bir dəfə göz həkiminə baş çəkməyi tövsiyə edir.
 


Uşaqda yaxından görmənin əlamətləri

Britaniya Səhiyyə Nazirliyinə əsasən, uşağınızda yaxında görmənin yaranmasına dəlalət edən əlamətlər bunlardı:

  • Lövhədən oxumağın çətinləşməsinə görə ön masaya oturmaq ehtiyacı.
  • Televizora daha yaxın oturma.
  • Baş ağrıları və gözün yorulması ilə bağlı şikayət.
  • Daima gözü ovuşdurmaq.
 
 
 
 

Mənbə:bbc.com
qadinkimi.com