SƏNƏT
Özünü ömrünün sonunadək daim ağır "yük” altında hiss edirdi Tarix : 19 Avqust 2020, 23:11

Niyazi gənc ikən peşəkar idmanla məşğul olmuş, ştanq qaldırmış, hətta, bu sahədə ölkə çempionu da olub. Sonralar idmandan uzaqlaşsa da, maestro özünü ömrünün sonunadək daim ağır "yük” altında hiss edirdi; o, Azərbaycan musiqisinin yükünü çəkirdi. Sanki onun üzərinə tarixi bir missiya, ağır bir yük qoyulmuşdu və o, musiqimizin şöhrətini dünyaya yaymalı idi. O, bu işin öhdəsindən vicdanla gəldi...

Maestro iki ölkənin səhnəsində eyni adlı iki operanın dirijoru olmuşdu: "Koroğlu” operasının. Türk bəstəkarı Sayğunun "Koroğlu” operası İstanbulda, Hacıbəyovun "Koroğlu”su isə Bakıda Niyazinin dirijorluğu ilə səhnəyə qoyulmuşdur. Bu, bəlkə də təsadüf yox, alın yazısı idi. İki "Koroğlu” bir qılıncla vuruşurdu. Bu "qılınc” həm də Niyazinin əlindəki sehrli dirijor çubuğu idi. Həmin çubuq misrı qılınca dönüb yağıların başına od ələyirdi... Nədənsə bəzən bizim mətbuatda Niyazinin İstanbul səhnəsində səhvən Ü. Hacıbəyovun "Koroğlu” operasına durijorluq etdiyi qeyd edilir. Əslində isə Türkiyədə hazırlanan eyni adlı operanın müəllifi Ahmed Adnan Sayğun (1907-1991) idi. Sayğun Türkiyədə ilk milli operanın, ümumilikdə beş operanın müəllifi və Niyazinin yaxın dostu idi.

Niyazi fitri istedad sahibi idi. Onun rəsmi fəxri adlarının, çinlərinin sayı-hesabı yoxdu: SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı və s. və i.a. 

Niyaziyə Sosialist Əməyi Qəhrəmanı adı verilən ərəfədə məlum oldu ki, böyük sənətkarın ali təhsil diplomu yoxdur. Maraqlı həm də burasıdır ki, Azərbaycan Dövlət Konservatoriyasının o vaxtkı rəhbərliyi Niyaziyə çoxdan layiq olduğu diplomu verməkdən imtina edib.

Haşiyə. Yeri gəlmişkən, bəs nə üçün Niyazinin ali təhsili yox idi? Axı onun atası Zülfüqar bəy, əmisi Üzeyir bəy uzun illər bizim nusiqi mədəniyyətimizin beşiyi başında dayanmış adamlar idi. Versiyalar çoxdur. Amma fakt faktdır. Fakt isə budur ki, Niyazi 1929-1930-cu illərdə Leninqrad musiqi texnikumunda, 1933-1934-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Fikir verdinizsə, hər iki təhsilin natamam olduğu nəzərə çarpır. Burasını da demək lazımdır ki, diplom almaq Niyazi üçün "texniki” bir məsələ idi.

Qeyd. Niyazinin "diplom məsələsi” barədə vaxtilə istedadlı jurnalist D. Quliyevanın ətraflı araşdırması "Mədəniyyət” qəzetində dərc edildiyinə görə bu məsələ üzərində geniş dayanmaq istəmirəm.

Bəs texnikumla konservatoriyadakı təhsil müddətinin arasında yaranan fasilə nə ilə bağlı idi? Niyazi həmin dövrdə Dağıstan Sovet Sosialist Muxtar Respublikasının təhsil komissarlığının elm, ədəbiyyat və incəsənət sektorunun müdiri olub.

Niyazinin ailə qurması, həm birinci, həm ikinci evliliyi də məhz həmin dövrə təsadüf edir. Belə ki, Niyazi əvvəlcə məşhur aktrisa, SSRİ xalq artisti Bariyat Muradova ilə evlənib, bir müddət sonra hansı səbəbdənsə bu evlilik bitib.

Böyük bəstəkar ikinci həyat yoldaşı Həcər xanımla da Mahaçqalada tanış olur. Əslən Cənubi Azərbaycandan olan Həcər xanımın qardaşı Əli İskəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. O vaxt Həcər xanım tələbə idi. Gənclər elə ilk tanışlıqdan bir-birlərinə vurulurlar. Lakin nə qızın, nə də oğlanın ailəsi bu izdivaca razılıq vermir. Cavanlar gizlicə evlənir, bir müddət Ağdaşda Niyazinin qohumlarından birinin evində yaşayırlar...

Mən Niyazinin özünü həyatda görməzdən əvvəl onu başqa cür təsəvvür edirdim. Şəkillərdə, ekranda o, olduqca nəhəng, əzəmətli, qədd-qamətli, ucaboy görünürdü. Amma sən demə, Niyazi bəstəboy, arıq, zəif vücudlu bir adammış. Böybuxunu haqda ilkin təsəvvürlər dəyişsə də, hər kəs etiraf edər ki, Niyazi doğrudan da əzəmətli bir insandır. O, dirijor pultu arxasında uçuşa hazırlaşan dağ qartalına bənzəyirdi...

Sovet hökumətinin hökmlü vaxtı, ötən əsrin 80- ci illərinin əvvəllərində Qazax rayonuna sosioloji tədqiqat aparmağa getmişdik. Bu işin təşəbbüsçüsü Moskvadakı sosioliji araşdırmalar institutu və Mərkəzi Komitə idi. "Mərkəzdən” gələn qrupa Moskvadan olan gənc bir "Elm məmuru” başçılıq edirdi. Bizim kiçik qrupun rəhbərliyi isə mənə həvalə olunmuşdu. Qazaxda bizi rayon partiya komitəsinin başçısı qəbul etdi. Niyazini də orada gördük. Deyəsən, konsert verməyə getmişdilər. O vaxt dəbdə olan "məhsul bayramı” ərəfəsi idi. (Səhv etmirəmsə, o vaxt Niyazi Filarmoniyanın direktoru idi). Axşam bizi "qonaq evində” yerləşdirməyə apardılar. Sən demə, artıq bizdən əvvəl Niyazi və dostları da həmin "evdə” məskunlaşıbmış. Yeni "qonaqların”, yəni bizim gəlişimizlə bağlı onun və rəhbərlik etdiyi orkestrin üzvlərinin yeri dəyişdirilməli olmuşdu. Bütün bunlar Kremlə, Moskvaya yarınmaq üçün bir vəsilə idi. Doğrusu, bu qeyri-etik hərəkətə görə mən bizi müşayət edən raykom nümayəndəsinə iradımı, etirazımı bildirdim. Müşayətçimiz bildirdi ki, burada onluq bir iş yoxdur, bu, MK-dan gələn tapşırıqdır. Niyazi "yuxarıdan” – Moskvadan gələn qonaqları görüb hiddətləndi, əsəbləşdi. Maestro Moskvanı, MK-nı, bir sözlə "yuxarıları və aşağıları” Azərbaycan və rus dillərində bütün "çeşidli” sözlərlə söyüb bir-birinə qatdı. Rusların matı-qutu qurumuşdu: görəsən bu cəsarət sahibi kim idi? Biz "mərkəzdən gələnlərə” Niyazinin kim olduğunu izah edəndən sonra onlar "ittihamlara” sakitcə qulaq asmağa başladılar. Söhbətin dalğası geniş yayıldı. Raykomun nümayəndəsi tez-tələsik özünü "hadisə yerinə” çatdırıb maestronu sakitləşdirdi. Niyazi çıxıb getdi...
 
 Niyazi — VikipediyaNiyazi — Vikipediya

Niyazinin istedadi bir çox dahi bəstəkaları heyrətə salırdı. Onun ifaçılıq sənətini Şostokoviç, Sekki, Tarcan, Rudolf, Ryazanov və b. yüksək qiymətləndirirdilər.

Maestro bu gün yoxdur. Lakin onun musiqisi, onun sənəti, onun obrazı milyonların ürəyində yaşayır. Onun sehrli çubuğundan süzülən melodiyalar ürəklərə axır...
 
20 avqust dünyaya gəldiyi gündür.  
 

 

FİRUZ MUSTAFA
 
qadinkimi.com