SƏNƏT
Qulağı kəsik dahinin həyat hekayəsi Tarix : 30 İyul 2023, 14:44
Yazar : Günel Dəniz
Dünən anım günü olan bir sənət ustasından yazmaq istədim. Çoxunuz tanıyırsız onu. Bu dünyadan gəlib-keçmiş bəlkə də ən müəmmalı həyat ona məxsus olub. Həyatı hələ də sənətsevərlər üçün sirr olaraq qalan, "sarı rəng" dedikdə, ağıla ilk gələn imza, dahi rəssam - Vinsent Viliam van Qoq.

Sağ ikən yalnız bir əsərini sata bilən dünya şöhrətli holland rəssamı Vinsent van Qoqu bu qədər məşhur və diqqət çəkici edən nə idi? 

Bəli! O məşhur müəmma dolu "qulaqkəsmə” hekayəsi. 
Necə olub, əslində?

Bu haqda bir çox versiya irəli sürülüb, lakin həqiqi hesab edilən budur: 

"Hadisə Fransanın Arl şəhərində 1888-ci il, dekabrın 23-ü soyuq bir bazar gecəsində baş verib. Öz portretini çəkmək üçün güzgü qabağında əyləşən rəssam üz cizgilərini kağıza köçürərkən sağ qulağının baş və üz simmetriyasını pozduğunu görüb və belə bir dəhşətli üsula əl atıb: həmin qulağını dibindən kəsib...”
 
 
Sarıqlı qulaqla Avtoportret

 
 
Psixoloqlar bu kimi yaradıcılıq situasiyalarının mümkünlüyünü təsdiq ediblər. Onların fikrincə, yaradıcılıq prosesi zamanı hədsiz özünəqapılmalar sonunda belə aqressiv hərəkətlərə gətirib çıxarır.

Düzdü, Van Qoqun qulağını onunla bir evdə yaşayan yaxın dostu, digər məşhur fransız rəssamı postimpressionist Pol Qoqenlə yaşadığı bir münaqişə vaxtı itirdiyi versiyası da var. Hamburq Universitetinin iki tədqiqatçısı - Hans Kaufman və Rita Vildeqansın gəldiyi nəticəyə görə Van Qoqun qulağını özü yox, elə yaxın dostu Pol Qoqen kəsib. Səbəb isə hər iki rəssamın sevdiyi Raşel adlı həyat qadını olub.

Bir başqa versiyada dahi rəssamın qardaşına çox düşkün olduğu və məhz qardaşını evlənməkdən vaz keçirmək məqsədi ilə qulağının yalnız sırğalıq hissəsini kəsdiyi söylənilir.

Lakin araşdırmaçılar daha çox birinci versiyanın üzərində dayanırlar. Nəzərə alsaq ki, o, ömrünün son illərində ruhi xəstəliyə düçar olub – bu versiyanın həqiqiliyinə şübhə qalmır.

Vinsent qulağının hamısını kəsib, yoxsa bir hissəsini?

Qoqenin və qardaşı Teonun həyat yoldaşının polislərə verdiyi ifadələrində Van Qoqun qulağının yalnız bir hissəsinin kəsildiyi deyilir. Mətbuatda isə qulağının yalnız alt hissəsini kəsdiyi haqda məlumatlar yayılır.

Kimi qulağının bir hissəsinin, kimi sadəcə qulaq məməsinin kəsildiyini deyir. Yüzillərdi davam edən bu mübahisəyə Amsterdamdakı Van Qoq Muzeyi tədqiqatçılarından Luis van Tilborqun da açıqlaması var. Dahi rəssama tibbi müdaxilə edən doktor Feliks Reyin əlində olan bu rəsmə görə Vinsent qulağının demək olar ki, hamısını kəsib. Məşhur rəssamın qulağının sadəcə sırğalıq hissəsi qalıb. Bu məlumat ingilis yazıçı Bernadette Mörfinin "Van Qoqun qulağı" adlı kitabını yazarkən apardığı araşdırmalar zamanı ortaya çıxıb.
 


Mörfi 1934-cü ildə rəssamın bioqrafiyasını yazan amerikalı müəllif İrvinq Stounun Van Qoqu müalicə edən doktor Feliks Rey ilə görüşdüyünü öyrənir. Yazar kəsik qulağa dair bütün detalların yazıldığı o saralmış köhnə kağız parçasının illərdi Stounun arxivində olduğunu üzə çıxarır. İrvinq Stounun "Van Qoqun qulağındakı yara necə idi? Çəkə bilərsinizmi" sualına cavab olaraq Doktor Rey bir resept kağızına o günün tarixini qeyd edib kəsik qulağı göstərən  rəsm çəkir. Söhbətin baş verdiyi Cənubi Fransanın Arl şəhərində yaşayan Doktor Feliks Rey müəllif Stouna verdiyi kağıza bir də bu notu yazır: "Məndən istədiyiniz məlumatı sevinərək verirəm. Zavallı dostum Van Qoqun layiq olduğu şöhrəti dilə gətirməyiniz ümidi ilə".
 
 

Araşdırmaçı Van Tilborq, Hollandiya Telekanalına (NOS) verdiyi açıqlamada, "Vinsentin yaşadıqlarını və beynindən nələr keçdiyini hələ də bilmirik. Bu qulaq o böyük dahinin yaşadıqlarının sadəcə bir hissəsidir" deyib.

 
Van Qoqun ölüm yatağında dediyi son cümləsi
 
"Kədər əbədi olaraq davam edəcək..."
 

Vinsentin ölümü də başdan ayağa müəmmadır. İntihardı, yoxsa intihar adı ilə bağlanan cinayətdi, hələ də bilinmir. Araşdırmaçıların əsas versiyasına görə həyatının son illərində rəssamın gərgin iş rejimi, saysız maddi problemləri tez-tez stresslərə, depressiyalara, ruhi sarsıntılara gətirib çıxarır. Son illərini Arl, Sen-Remi və Auvers-sur-Oise kimi şəhərlərin ruhi xəstələr üçün nəzərdə tutulan xəstəxanalarında keçirir və 1890-cı il 29 iyulda 37 yaşında Auversdə intihar edir. Ölüm ayağında qardaşı Teo onun yanında olur və ondan bu sözləri eşidir: "La tristesse durera toujours" (azərb. Kədər əbədi olaraq davam edəcək‎).
 


Van Qoqun bir başqa ölüm versiyası onun özünü tüfənglə qətlə yetirməsi ilə bağlıdı. Həmin versiyaya görə, rəssam ruhi xəstəxanada müalicə olunan vaxt yaxınlıqdakı taxıl zəmilərini kətan üzərinə köçürmək qərarına gəlib. Etüd qovluğunu, boyasını, fırçasını da götürüb taxıl zəmilərinin olduğu sahəyə yollanıb. O, zəmiləri gəzərkən təsadüfən güllə ilə doldurulmuş tüfəng tapıb. Sonra əsəbini cilovlaya bilməyib və... Düzdü, Van Qoq bir neçə gün sağ qalıb, amma onu həyata qaytarmaq mümkün olmayıb.

Rianovosti informasiya agentliyinin verdiyi məlumata əsasən 1890-cı ildə rəssamın intihar cəhdi nəticəsində qanaxmadan öldüyü rəsmi olaraq təsdiqlənib. O, sinəsinə atəş açıb. Bununla belə, sağ qalaraq öz ayağı ilə xəstəxanaya gəlsə də, hadisədən 29 saat sonra vəfat edib.

2011-ci ildə amerikalı sənətşünaslar Stiven Nayf və Qreqori Uayt Smit hadisənin başqa versiyasını təsvir edib. Bu versiyaya görə, Van Qoq indiyə kimi bilinənin əksinə, çox güman ki, fransalı iki yeniyetmə Rene Sekretan və Qaston tərəfindən qətlə yetirilib. Tədqiqatçıların dediyinə görə, hadisədən bir neçə gün əvvəl rəssam çoxlu boya sifariş edib və heç də intihar haqqında düşünməyib.

Tarixçi Con Reval hadisələrin bu versiyasını 1930-cu illərdə Auversə səfər edərkən qələmə alıb və aşkar olunan digər təfərrüatlar da bu nəzəriyyənin doğruluğuna dəlalət edir. Reval qeyd edib ki, Van Qoqu vuran iki qardaş daima onu ələ salır, rəssamı əsəbləşdirmək üçün onun boya qutusuna ilan qoyur, qəhvəsinə duz atır, işləyərkən ağzında tutduğu fırçalara acı istiot vurur, hər fürsətdə onu qıcıglandırırmış. Onsuz da rəssamdan zəhlələri gedən gənclər necəsə ona atəş açır.

Tarixçi deyir ki, oğlanların əlində açılan tapança defektli imiş və təsadüfən ondan güllə atılıb. Van Qoq isə günahı öz üzərinə götürüb və olaya intihar adı verib. Oğlanlar qaçıb özü isə sürünərək xəstəxanaya gedib.

Ölümündən sonra Van Qoqun cibindən tapılan yazılı kağızın intihar məktubu deyil, qardaşı Teoya ünvanladığı məktubun qaralaması olduğu bildirilir. Orada gələcək üçün planlar yazdığını deyən bioqraflar, həmçinin rəssamın tapançasının olmadığını, günlük ehtiyaclarını ödəmək üçün belə qardaşı Teodan yardım alan, maddi baxımdan ondan asılı olan Van Qoqun bir silah ala bilməsinin mümkün olmadığını və ümumiyyətlə, hər hansı silahın tapılması barədə heç bir xəbər verilmədiyini də qeyd edirlər.

Amerikanın məşhur kriminalist ekspertlərindən olan Di Mayo da sənətşünaslara kömək etmək və rəssamın ölümü ilə bağlı tədqiqat aparmaq qərarına gəlir.  Məhkəmə ekspertizası və patoloji anatomiya üzrə mütəxəssis Di Mayo dahi rəssamın ölümünün intihar deyil, qətl olduğu fərziyyəsini dəstəkləyən sübutlar təqdim edir.

İnsanın özünün bədəninin bu nahiyəsinə atəş açmasının mümkünsüz olduğunu və atəş açandan sonra rəssamın əlində mütləq barıt ləkəsinin qalmalı olduğunu deyən ekspert belə ləkəyə rast gəlinmədiyini bildirir.
 

Onun ölümündən sonra məşhur fransız boyakarı Kamil Pissarro oğluna yazır: "Mən əvvəldən bilirdim ki, Van Qoq ya dəli olacaq, ya da hamımızı  xeyli qabaqlayacaq... Lakin hər ikisini edəcəyi ağlıma da gəlməzdi". 

Bir az da rəssamın keçdiyi o əzablı həyat yoluna nəzər salaq...

Van Qoqun doğuluşu da ölümü kimi sirli və mistik əlamətlərlə doludur. 1852-ci ildə martın 30-da Niderlandın Qrot-Zündert şəhərciyində protestant kilsəsinin keşişinin oğlu Teodor Van Qoqun ailəsində ilk uşaq ölü doğulur. Ölü doğulmuş uşağa babasının adını verib (Vinsent) dəfn edirlər. Düz bir il sonra, 1853-cü ildə martın 30-da Anna Kornelia Karbet və Teodor van Qoqun ailəsində ikinci uşaq dünyaya gəlir. Taleyin təsadüfündəmi, yoxsa mistik əlamətdənmi, yeni doğulan uşaq ölü doğulmuş Vinsentlə eyni tarixdə hətta eyni saatda dünyaya gəlir. Həm babasının, həm də dünyaya ölü gəlmiş böyük qardaşının xatirəsini yaşatmaq üçün uşağa yenə Vinsent adını qoyurlar.
 


Vinsentin atası keşiş olmaqla yanaşı sənət əsərlərinin və kitabların satışı ilə məşğul idi. Ona görə də Vinsent uşaqlıq illərini rəsm əsərlərinin içində keçirir. Dörd il sonra Vinsentin bütün ömrü boyu bağlı olduğu və tək gəlir mənbəyi olan qardaşı Teodor dünyaya gəlir. Daha sonra ailədə bir oğlan və iki qız uşağı doğulur. Qəribədir ki, Vinsent Teodan başqa o biri qardaş və bacılarına isnişə bilmir və bütün ömrü boyu onlara qarşı soyuq olur. Teodor van Qoq isə rəssamın həyatı boyu tutunduğu tək yaşam mənbəyi olur.

Uşaq vaxtı qəribə və ağlağan olan Vinsent etdiyi "yaramazlıqlara" görə tez-tez ata-anası tərəfindən döyülürdü. Valideynləri bu soyuq, özünə qapanıq, qəribə uşaqdan ümumiyyətlə nə isə bir gələcək gözləmirlər və bunu da heç vaxt gizlətmirlər. 

Vinsent demək olar ki, heç bir uşaqla oynamır,  hər zaman fikirli və susqun olur. Təkcə qardaşı Teo onunla dil tapa bilir və Vinsent ömrünün axırına qədər kiçik qardaşından maddi və mənəvi cəhətdən asılı olur. Hətta Teodor evləndiyi zaman Vinsent  çox böyük sarsıntı keçirir və bu xəbəri ona necə deyəcəyini Teo çox düşünməli olur. Bunu ona məktubla bildirir və həmin məktubu anası ilə rəssamın yatdığı xəstəxanaya yollayır. Yuxarıda qeyd etdiyimiz kimi Vinsentin intihar iddialarından biri də budur.
 
Vinsent van Qoq və qardaşı Teodor van Qoq

Vinsent keşiş oğlu olsa da sonradan keşişlərlə münasibəti pozulur. Bu, rəssamın teologiyanı öyrənəndən sonra Borinajda (Belçika) bir müddət dini xadim kimi işləməsindən və şaxtaçıların mənafeyini müdafiə etməsindən sonra baş verir. Van Qoqun keşişlərlə münasibəti münaqişə həddinə qədər çatır.

Dini xadimlikdən əvvəl Van Qoq Haaqa (Hollandiya), Brüssel (Belçika), London və Paris şəhərlərində komisyonçu işləyib. 1880-ci illərin əvvəllərindən başlayaraq, Van Qoqda rəssamlığa maraq oyanıb. Bir çoxlarından fərqli olaraq Vinsentdə bu maraq ötəri deyildi.
 


Yaradıcılığının ilk dövrlərində Van Qoq sosial məzmunlu əsərlər çəkirdi. O, bu əsərlərdə fəhlə və kəndli zümrənin ağır məişət həyatını realist janrda canlandırmağa çalışırdı. Rəssamın 1885- ci ildə çəkdiyi "Kəndli qadın”  (Kröller Müller Dövlət muzeyində saxlanılır) və yaxud "Kartofyeyənlər” Vinsent Van Qoq (Amsterdam) fondunda saxlanılır) belə əsərlərdəndi.
 

Van Qoqa məşhurluq gətirən  "Kartof yeyənlər" əsəri

Van Qoq 1886- cı ildə sonradan "ikinci vətən”inə çevrilən Fransaya köçür.

Qeyd etmək lazımdı ki, həmin dövrdə Fransa - İtaliya və İspaniya kimi – rəssamlığın təşəkkül tapdığı ölkələrdən biriydi. Fransanın bir çox şəhərləri rəssamlıq emalatxanalarıyla dolu idi. Cərəyanların mübarizəsi gedirdi və impressionalizm tədricən önə çıxırdı. Belə bir vaxtda Van Qoq Fransaya gəlməkdə qətiyyən yanılmamışdı...

Van Qoq Fransaya köçdükdən az sonra impressionizmin təsiri ilə rəsmlər çəkməyə başladı və məşhurlaşdı. Onun impressionist rəsmlərinin arasında müxtəlif portretlər, interyerlər və mənzərə rəsmləri vardı. Dahi rəssamın bu dövrdə yaratdığı tablolara ehtiraslılıq, emosionallıq xas idi. Van Qoq tənqidi realizm ənənələrindən qidalanır və onu inkişaf etdirirdi.

Elə buna görə də sənətşünaslar Van Qoqun həmin dövr yaradıcılığını "gerçəkliyin dramatik dərki” kimi xarakterizə edirlər.

Rəssamın həmin dövrə aid rəsmləri arasında "Doktor Qaşenin portreti”ni fərqləndirmək olar. O, bu portreti 1890-cı ildə ölümündən 2 ay öncə çəkib və hal-hazırda əsər Frankfurt-Mayn muzeyində saxlanılır. 82.5 milyon dollara satılmış Dr. Qaşenin portreti əsərindəki həkim Pol Qaşe (Paul Gatcet) onun son aylarında qayğısına qalan həkimin portretidir. Bu rəsmdə ümidsiz və yorğun baxışlı bir həkim obrazını görürük. Bəlkə də həkim ümidsizcəsinə öz xəstəsi Vinsentə baxırdı. Son aylarını 62 yaşlı psixiatrla keçirən Van Qoq onunla ruhən bənzər olduqlarını düşündüyünə görə portretini qələmə alır.
 


Bütün yaradıcılığı və yaşamı alçalmaqla, əzab əziyyətlə müşayiət olunan dahi rəssamı yaşamı boyunca hər kəs avara, səfil və dəli hesab edir. O ölənədək bu hal davam edir, yalnız bir neçə adam Vinsentin sağlığında nə qədər böyük və istedadlı olduğunun fərqinə varır.

Xəstəxananın baş həkimi, həvəskar rəssam doktor Qaşe də onun sənətini sağ ikən yüksək qiymətləndirən nadir insanlardan biri olur. Onun əsərlərinin ən böyük izləyicisinə çevrilir.

Van Qoq dünyanın ən məhsuldar rəssamlarından biri olsa da (arasında 860 yağlı boya ilə çəkilmiş tablonun da olduğu 2100  rəsm və şəkillərin müəllifi olsa da)  yaşamı boyunca ancaq bir əsərini sata bilib. "Arlın qırmızı üzümlükləri" adlı tablonun satışı Vinset üçün böyük hadisəyə çevrilir. Aldığı pulla Paris yaxınlığındakı psixiatrik xəstəxanaya yerləşən Vinsent iki ay ərzində 80-dən artıq rəsm çəkir. Ömrü boyu qardaşa möhtac yaşayan və həmişə korluq çəkən Van Qoqun öldükdən sonra çəkdiyi hər bir parça indi bir sərvətə çevrilib... Taleyin ironiyası bu olsa gərək...


Van Qoqun mistik taleyi qardaşı Teonu da təqib edir. Vinsentin ölümündən sonra Teo ruhi sarsıntı keçirir. Əsəb pozğunluğu keçirən Teodor öncə işini itirir. Sonra ruhi əsəb dispanserinə yatırılır. Həyat yoldaşı onu Hollandiyaya aparır. Vinsentin ölümündən 6 ay sonra Teodor van Qoq da 33 yaşında ifliçdən dünyasını dəyişir.
 


23 il sonra, 1914-cü ildə Teonun nəşini Hollandiyadan Auvers-sur-Oise şəhərinə gətirirlər. Vinsent van Qoqun da nəşini dəfn olunduğu qəbirdən çıxarırlar. Həyatları boyunca mistik bir qüvvə ilə bir-birlərinə bağlı olan qardaşları elə həmin məzarlıqda yanaşı qəbirlərdə yenidən dəfn edirlər…
 


Son  olaraq:

Van Qoqun həyatı yaradıcılığı qədər maraqlıdır. Onun bütün çəkdikləri insanlığın əzablarıdır. Kim bilir, bəlkə elə buna görə də sənətşünaslardan biri böyük rəssamın "Avtoportret”ini "İnsanlığın himni” adlandırıb...

Van Qoq bəlkə də ruhi xəstə idi, amma bu, onun ruhu da xəstəydi demək deyil. Ruhu xəstə olanlar ölər. Van Qoqsa ölmədi. Onun əsərlərinə ehtiyac var, günəş, rənglər, təbiət var olduqca Van Qoqun unudulması mümkün deyil...

Ruhuna salam olsun, tənhalıqda işıq axtaran sənətin çılğın dahisi...
 

Günel Dəniz 
qadinkimi.com