SEVGİ
Esmira Fuad: “SEVGİ MƏKTUBLARI” SİLSİLƏSİNDƏN UNUTDUN MƏNİ.... Tarix : 08 İyul 2018, 16:09
Yazar : Qadinkimi.com

Esmira Fuad

“SEVGİ MƏKTUBLARI” SİLSİLƏSİNDƏN

UNUTDUN MƏNİ....

Bu ilki ad günü Vəfa üçün ömrünün şad günü deyil, zülm-zillət, ağrı-acı günü oldu. Nə illah edirdisə özünə gələ bilmirdi... Qüssədən bağrı çatlayır, üzüntüdən az qala nəfəsi kəsilirdi. Sanki dünya gözünün önündəcə başı üstündə durmuşdu... Qərarsızdı, otağı o baş-bu başa var-gəl eləməkdən içindəki əşyaları da artıq bezdirmişdi. Dabanının hirsli-hikkəli tappıltılarından ayağının altında zinhara gələn döşəmə taxtalarının dili olsaydı ona beləcə deyərldi: - Nə olub axı, səbrli ol, niyə özünü öldürürsən? Bəlkə nə isə baş verib... Axı, səbəbsiz deyil bu susqunluq... Bu qədər fironluq eləmə, özünə və bizə yazığın gəlsin...

Saatlar, dəqiqələr bir-birini qovalayır, parlaq günəş yavaş-yavaş saçaqlarını-saçlarını uzaqdan bir-biri ilə baş-başa verən sıra dağlar kimi görünən üfüqün arxa tərəfinə çəkir, yerini gecələr gözəli aya verməyə hazırlaşırdı. Qızın nigarançılıq içində titrəyən ürəyi şiddətlə döyünür, aram olmurdu ki, olmurdu. Özü ilə bacara bilmirdi. Bütün günü Bakı Dəniz limanında işləyən, gəmi ilə mütəmadi uzaq səfərlərə çıxan və demək olar ki, bütün dünyanı mavi suların qoynunda “üzərək” gəzən sevgilisinin, canından çox sevdiyi, düşüncələrini, ürəyini, ruhunu belə əsir alan Ərtoğrulunun yolunu gözləmişdi. Çox sevdiyi döşəməli plov dəmdə onu gözləyirdi. Dünəndən içinin qozunu bolluca eləyib bişirdiyi qıpqırmızı paxlava və naxış vurub üstünü həvəslə bəzədiyi badamburaları da buluda səliqə ilə düzüb masanın üzərinə qoymuş, noxudlu dovğanı soyuducunun alt qatına yerləşdirmişdi ki, sərin qalsın və gələn kimi bakalı doldurub ona ikram eləsin. Sevdiyi kişiyə xidmət etməkdən, qulluğunda durmaqdan, öz əli ilə sevə-sevə bişirdiyi ləziz yeməkləri onun iştaha ilə yeməsini seyr etməkdən sonsuz zövq alırdı Vəfa... Ərtoğrul evdə olanda bişirdiyi yeməkləri masanın üzərinəqoymasını, boşqabına çəkməsini gözləməyə səbri çatmaz, qazandan, yaxud ümumi boşqabdan götürüb qımışa-qımışa üzünə baxar, ayaqüstəcə yeməyə başlayardı. Bəlkə də sevdiyinə xoş gəlsin dəyə o, belə edir, adına bişirdiyi yeməkləri bəyəndiyini beləcənümayişkaranə şəkildə heyatının qadınına hiss etdirərdi... Belə anlarda özünü dünyanın bəxtəvəri sanan Vəfa nədənsə utanar, lakin az sonra qəhqəhə çəkər, şirin-şirin gülərdi. Vəfa anlayırdı ki, sevib könül verdiyi insan onun yanında bütün yanları ilə özü idi, olduğu kimi, necə varsa... səmimi, isti və sevəcən... Belə anlarda içindəki uşaq bütün şıltaqlıqları ilə oyanırdı sevdiyinin... Və qız onu məhz bu dibsiz səmimiyyətinə, olduğu kimi göründüyünə, bir də anladığına görə, uğrunda canını fəda edəcək dərəcədə, öləsiyə sevirdi. Hansısa bir məsələdən söhbət düşəndə cümlənin əvvəlini dediyini görürdü, gerisini həmin andaca o, tamamlayırdı. Söhbət üçün aralarında mövzu qıtlığı yaşamazdılar. Bütün mövzularda gözəl anlaşır, içdən gələn səmimiyyətlə dərdləşə bilirdilər. Daha çox öz fikirlərini çatdırmağa həvəsli olan Ərtoğrul Vəfa danışanda çox böyük hörmətlə onu dinləyərdi. Xüsusilə ailəsindən, ata-anasından, bacı-qardaşlarından, doğulub böyüdüyü doğma yerlərdən bəhs edəndə qətiyyən sözünü kəsməz, əksinə, bu mövzuya özü körpü salar, qarşısına qoyduğu yeməyi aramla, tələsmədən yeyə-yeyə son dərəcə böyük diqqətlə ona qulaq asardı. Bu sayğı, diqqət və qayğı, mehribanlıq Vəfanın nəzərindən qaçmaz, onu beləcə rahat anlayıb dəyər verə bildiyi üçün içində duyduğu mutluluqdan sanki qanad açıb uçardı. Ərtoğrulun dünyaya gəldiyi, onun üçün günlərin ən gözəli olan 14 fevral günü gəncin səmimi etirafı ilə bambaşqa bir anlam qazanmışdı gözlərində... Onu necə qutlayacağının xəyalını çoxdan qurmuşdu... Eşqini ifadə edən bircə dənə al rəngli qızılgül, nəfəsinə, ürəyinə yaxından yaxın olacağını, əslində taxdığında daim sinəsinin üstündə qalacağını düşündüyü üçün bir də qalstuk almış, sevdiyi yeməkləri bişirmiş, masaya bircə qədəh neçə illik olduğunu unutduğu tut arağı da qoymuşdu. Bütün bunlardan sonra onun üçün rəqs edəcəkdi Vəfa...rəqsini tamamlayıb qarşısında dizi üstə duracaq və: “Hədiyyəni qəbul elə, Sultanım!” – deyəcəkdi... Amma bircə bunu edə bilmədi... Çünki dilindən: “Sənə bir dənə də sürprizim var!” – etirafı çıxmışdı ki, o, həmən ayağa qalxıb, gəlib düz qarşısında dayanmış, qollarını belinə dolayıb möhkəmcə sıxmış və: “Sən özün mənim üçün heyatın ən böyük sürprizisən!” – demişdi. Ərtoğrul içdən gələn bu etirafı ilə artıq qadını olmuş, yaşamının bir parçasına, ruhunun və bədəninin ən zəruri ehtiyacına dönüşmüş Vəfanı həmin an necə xoşbəxt etdiyinin bəlkə də tam mənası ilə fərqinə belə varmamışdı... Amma bu etiraf Vəfanın zehninin bir küncündə qrammofon valı kimi hey səslənməyə başlamışdı.

Ancaq çox keçmədən “Sənə qızılgül ləçəklərindən çay dəmləmək istəyirəm bu gün” deyərkən yenə də qızı qucaqlayaraq boyun-boğazını öpüşlərə qərq edib söylədiyi: “Elə özündən də qızılgül ətri gəlir” sözlərindən doğan bütöv bir eşq etirafı tutdu həmin fikrin yerini... Özünün də çox xoşuna gəldi və iki fikri birləşdirərək bir az bərkdən, sevdiyinin eşidə biləcəyi həzin bir səslə dilləndi: - Hə, çox gözəl səslənir: - Həyatınızın sürprizi, qızılgül ətirli qadın!

Bir qadını bu etirafdan çox nə xoşbəxt edə bilər ki həyatda?! Qadın qulaqları, kişi isə gözləri ilə sevir, deyənlər nə qədər haqlı imişlər! – düşüncəsində idi Vəfa... Bilirdi ki, Ərtoğrul onunla olanda boğazdan yuxarı söz deməz, qətiyyən lovğalanmaz, qeyri-səmimi olmazdı... Qıza qarşı heç bir kobudluğa yol verməz, hərdənbir etdiyi bu kimi etiraflarla onu dünyanın ən bəxtəvər qadınına çevirərdi. Çay istəyəndə belə: “Çox xahiş edirəm, bir çay dəmlə!..” – deyərdi. Hər bir xahişini sevə-sevə yerinə yetirən Vəfanın heç bir maddi gözləntisi yoxdu ondan... nə komfortlu ev, nə lüks maşın, nə də hədsiz xərclər tələb edən səyahətlər istəyirdi. İstədiyi yalnız və yalnız möhtac olduğu sevgi, şəfqət və səmimiyyət idi... Başını sinəsinin üstünə qoyub saatlarla onu və ürəyinin səsini dinləmək... özləmini gidərmək və... qucağında məsudcasına nazlanmaq...

Ancaq canından çox sevdiyi, öləsiyə özlədiyi adam bu axşam gəlib çıxmaq bilmirdi ki, bilmirdi... Halbuki bircə gün səsini eşitməyəndə, onunla həmsöhbət olmayanda yer ayağının altından qaçır, bütün gün sudan çıxarılıb qumun üzərinə atılmış balıq kimi çabalayır, özünə yer tapmırdı. Özünün də bəyənmədiyi bir xasiyyəti vardı Vəfanın... Ərtoğrul görüşə gecikəndə, yaxud gec zəng edəndə, ya da ki, səsində azacıq soyuqluq duyanda, əhvalı tamam dəyişirdi. Ona özü qədər inanmasına baxmayaraq, həmin andan canına üşütmə, bir vəsvəsə düşür, içində öz-özü ilə savaş, özünü qınaq duyğuları baş qaldırırdı. Belə anlarda bəlkə də ondan çox heç kəs özünü qınamaz, günahlandırmaz, ürəyində vicdan məhkəməsi qurmazdı... Vaxtilə nakam Nəzakət Məmmədovanın yanıqlı səsləoxuduğu “Təki sən səslə məni” adlı unikal mahnısının bəndləri arasında ifa elədiyi muğam parçası beynində müğənninin şaqraq səsi ilə fəryad qoparırdı:

Sevmirdi o səni, sən niyə sevdin?

Səni sevməyəni niyə sevirdin?

Sözümə baxmadın, indi yan, ürək!

Yan, ey mənim kimi peşiman ürək!

Baxmayaraq ki, qutsal yuvalarında birgə yaşama başladıqları ilk gün sıxıca sarılmış, dönə-dönə alnından öpmüş, sonra üz-üzəəyləşərək ona... aralarındakı dostluqdan, ilişkilərindən çox məmnun qaldığını, həyatında var olmasından şad olduğunu söyləmiş vəəbədi olaraq onu sevəcəyinə, son nəfəslərinədək birlikdə olacaqlarına, bərabər yaşayacaqlarına və həyatın dadını çıxaracaqlarına söz vermiş, nigah şəhadətnaməsini masanın üzərinə qoymuşdu... Və... həmin gün Ərtoğrul ona kişi sözü vermişdi...

O da sevdiyinə, öləsiyə aşiq olduğu, qucağında hər an can verməyə hazır olduğu Ərtoğruluna bütün varlığı ilə inanmışdı... Ancaq bu gün nədənsə geniş ev-eşiyində özünə yer tapa bilmirdi. Gücü göz yaşlarına çatdı, doyunca ağlayıb ürəyini boşaltdı... Bu anlarda da dadına qələm və kağız yetdi. Həyatına anlam qazandıran, ömrünə gəlişi ilə üzünü güldürən o sehrkar insana məktub yazmağa, həm dəözünü ovundurmağa başladı. Beləcə, intizarlı anların, saatların yazdırdığı, ən səmimi duyğularının açıq-açıq etirafı olan sevgi məktubları yarandı...

Davamı olacaq...