Sahilə İbrahimova

Yazar

Sahilə İbrahimova Sumqayıt şəhərində doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Etnologiya ixtisası üzrə magistr dərəcəsi alıb. Heç kim bilmir, 8 yaşında “Şirlə Sahilin görüşü” adlı hekayəsi çap olunan və davamlı yazan bir qız niyə gedib etnoloq olub. Bəlkə də hər şeyin kökünə gedib çıxmaq həvəsindədir. Ümumiyyətlə, Sahilə xanım çox axtarır, tapacağına söz verib. Bu yaxınlarda başa düşüb ki, həkim olmalıymış. İndi onun peşmançılığını yaşayır. Dəhşətlisi odur ki, həkimliyi bizim başımızda sınayır. Xəstə olmasaq belə bizi sağaltmağa çalışır. Müxtəlif otlar və bitki qarışıqlarından dərmanlar hazırlayıb bizə içirdir. Ümumiyyətlə, çox iş çevirir. Siz onu hansısa tədbirin aparıcısı, hansısa layihənin icraçısı, hansısa tamaşanın baş ifaçısı - burasını ağ elədik – kimi görə bilərsiz. Uzun sözün qısası, "Varlı kişinin portmanatı" , “ Yuxarı və aşağı ətraflar” , “ Çevriliş” adlı kitabların müəllifidir. 2012-ci ildə Gənclər və İdman Nazirliyinin "Gənclər günü" yarışmasında "İlin Gənci" seçilib. "Azərbaycanda demokratiyanın perspektivləri" essesi müsabiqədə birinci yer tutub. "Qorxu" hekayəsi Mədəniyyət və Turizm Nazirliyinin "Yeni adlar" yarışmasında qalib olub. Yoldaşı ilə şəklini sosial şəbəkədə paylaşanda zarafatla “üzr istəyirəm, həyat yoldaşım” yazır. Başa düşə bilmir ki, adamlar niyə həyat yoldaşlarının adını çəkəndə üzr istəyirlər. Pis cəhəti bütün dünya elmlərinə və sahələrinə yiyələnmək arzusudur. Ən yaxşı cəhəti feminist olmasıdır.