YAZI / DÜŞÜNCƏ
Özünü yalnız özünlə müqayisə et - İntihar qorxaqlıqdı Tarix : 24 Noyabr 2022, 22:00

İntihar nədi? 


Qisasdı

Mənasızlıqdı 

Çarəsizlikdi

Məsuliyyətsizlikdi

Hikkədi

Qorxaqlıqdı



İntiharda yaxşı olan heç nə yoxdu. Bu sözü oxuyanda belə, insana ağırlıq çökür. 


Elə bir səbəb ola bilməz ki, sən yaxınlarını ömürlük əzabla baş-başa buraxmaq haqqı görəsən özündə. Cəmiyyət? O səni tezliklə unudacaq. Özündən əvvəlki intiharçılara bax. Onları kim xatırlayır? Kim məzarlarını ziyarət edir? Kim darıxır?..


Ən doğmalarından başqa heç kim. 


Övladı, valideyni, ailəsi, həqiqi dostları…


Bu adamlara o zülmü yaşatmağa haqqın varmı? 


Bir ana, ata üçün övladının intiharından daha dəhşətli nəsə ola bilərmi? 


Bir övlad üçün anasının, atasının intiharından daha əzablı ömürlük travma ola bilərmi? 


Sən öləcəksən, bu adamlar yaşamalıdır, axı…


Həyat? Çətindi? Dözülməzdi? 


Anlamaq lazımdı, həyatda problem deyilən şey yoxdu. Həll etməli olduğun tapşırıqlar var. Keçməli olduğun imtahanlar var. Şans qapılarını bağlayıb 4 divar arasında ölüm haqqında baş yorunca, tapşırıqların həlli haqqında düşün. Dünya genişdi, ən çətin işdə işləyə bilərsən, ən böyük ayrılıqlar yaşayarsan, ən ağır sınaqlardan keçərsən, amma bu bir mərhələdir. Onu keçmədən qarşıda səni nələrin gözlədiyini öyrənə bilməzsən. 


Özünü başqaları ilə müqayisə etməkdən əl çək. O daha yaxşı yaşayır, bunun maşını gözəldi, digərinin əri-arvadı daha yaxşıdı, başqasının işi daha gəlirlidi və bitməz tükənməz "başqaları…” səni həll etməli olduğun öz məsələlərinə diqqət etməkdən yayındırır. Özünü yalnız özünlə müqayisə et. İndi necəsən, kimsən, dünən necə idin, kim idin? 


Özündən daha yaxşı olmusanmı? Əvvəlkindən daha artığını öyrənib bilirsənmi?  Kimsənin varında gözün olmasın. Ölüm ayağında yüzlərlə varlı adam var ki, indi sənin yerində olmaq, yaşamaq üçün vaxt qazanmaq istərdi.



Hər işə əl at, hər variantı sına. Utanma, qorxma, yoxla! 

 

Aysel Alizada