KİŞİ KİMİ
Elə bilirəm torpaqlarımız yox, canımın parçası düşmən əlindədi - Şəhid kapitan Şahnur haqqında Tarix : 15 Aprel 2021, 16:40


"Vətən uğrunda”, "İgidliyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şahnur atası Şahin Hüseynov Polşada hərbi xidmətdə olarkən dünyaya gəlib. 1991 – ci il noyabrın 30-da Belqrad şəhərində. Birinci Qarabağ Savaşı başlayanda Şahin Hüseynov vətənə qayıdır, ailəsiylə Cəlilabadın Göytəpə qəsəbəsindəki Hərbi şəhərcikdə məskunlaşır. Şahnur da orta təhsilinə Cəlilabadın Göytəpə qəsəbəsində başlayır. Sonra Şahin Hüseynov Ağcəbədidə, təqaüdə çıxana qədər isə Füzulidə hərbi xidmətinə davam edir. Şahnur da Füzulinin Əhmədbəyli kəndindəki Mahmudlu 2 tam orta məktəbində oxuyur. Hərbçi ailəsində böyüyən Şahnur uşaqlıqdan bu sahəyə getməyi arzulayır. 

 

Bu haqda təkcə valideynləri, dostları deyil, Şahnurun fizika – riyaziyyat müəllimi Narınc xanım da danışdı. Onun Şahnurlu xatirələri ürəyimə doldu, yanaqlarımda iz saldı. İllərdi kəndinin ölüm qoxulu havasını içinə çəkə-çəkə yaşayır bu mərd azəri xanımı: Bir başqaydı Şahnur. Şagirdlərimi, sənətimi çox sevirəm, amma seçilən, ürəyimdə yeri olan şagirdlər olur. O, belə idi. Çox-çox dəyərliydi mənim üçün. Adətən uşaqlara "Kim olmaq istəyirsən?” sualını veririk. Həmişə "general” deyə cavablandırıb mənim balam. Ona arada "general” deyirdik. Kapitan oldu. Bilirəm ki, mütləq general olacaqdı. Müharibə bizim kənddən başlayır elə bil. Özüm də məscidin yaxınlığında yaşayıram. Kənddə qalan kişilər idi, yalnız dörd qadın qalmışdıq. İlk yaralılar, şəhidlər gəlirdi. Axşamüstü dayana bilmədim qadınlara "məscidə gedək” dedim. Elə bil hiss etdim ki, mənim Şahnurum ordadı. Onu şəhidlərin arasında görəndə inanmadım. Elə bilirdim Şahnur şəhid olmaz. Ailə ilə münasibətim var. Onlara xəbər vermədim. Yalan olar deyə düşündüm... Bu il doğum gününü onsuz qeyd elədik oxuduğu sinif otağında. Sinif yoldaşlarından bəziləri döyüşürdü, bəziləri gəlmişdi.

 

Şahnur Hüseynovun hərbçi olacağını hamı bilirdi.

8-ci sinifdən sonra C. Naxçıvanski adına hərbi liseyə daxil olur, oranı bitirib 2009-cu ildə H.Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alır. Ali Hərbi məktəbdən sonra 2013-cü ildə taqım komandiri kimi hərbi xidmətə başlayır. 2016-cı il aprel hadisələrində, Lələtəpə yüksəkliyinin alınmasında qəhrəmanlığı ilə fərqlənir. Hərbi xidmətdə olarkən Yubiley medallları ilə təltif olunur. Beləcə arzusunda olduğu hərbçi həyatını şərəflə yaşayır...

 

No description available. 


2017-ci ildə sevib-seçdiyi Gülyaz xanımla ailə qurur. Sonra daha bir ad alır: Əlinurun atası.

Taqım, bölük komandiri olub. Taborun qərargah rəisi kimi də seçilib: intizamı, çalışqanlığı, mədəniyyəti, savadı, təşkilatçılığı, cəsurluğu ilə seçilib.

Atası Şahinin əmiləri Böyük Vətən müharibəsində Berlinə qədər döyüş yolu keçənlərdəndir. Ata deyir ki, həmişə ona əmilərimi nümunə gətirərdim. Vətənpərvər ruhda böyüyüb Şahnur. Onunla bir hərbçi, bir övlad, bir vətəndaş kimi fəxr edirəm. Övladım Vətən oğlu kimi öz borcunu yerinə yetirib, təkcə ailəsinin deyil, vətəninin övladı idi. Mərd yaşadı. Qəhrəman kimi yaşadı.


Yeddi yaşlı Şahnurun himnimizi oxuyarkən çəkilən görüntülərini izlədim. Balaca Şahnurun dəqiq, səlis ifasından çox diqqətimi Şahin Hüseynovun qürur dolu baxışları, özündən razı üz ifadəsi çəkdi. Ata himnimizi ürəklə oxuyan oğluna elə baxırdı ki... Baxışlarından, üzündən "baxın mənim balaca oğlum Vətən himnini necə böyük ürəklə oxuyur” təbəssümü işıq səpirdi. Bu işıqda oğlunun oxumasından qürurlanan atadan çox, vətən sevgisindən doğan nur vardı.


Mərd kapitanın anası Hüseynova Hədiyyənin sözlərini də heyranlıqla dinlədim: Şahnur tək mənim oğlum deyil. Astaranın, Füzulinin – bütün elin övladıdır. Onun dərdi-səri vətən torpaqları idi. O, bütün arzularına çatmışdı. Oxumuşdu, xoşbəxt ailəsi vardı. Ən böyük arzusu Vətən azadlığını görmək idi. Həmişə deyirdi ki, lazım gəlsə, Şəhid olaram, amma torpaqlarımızı azad edərəm. O günü görsəm, bütün həyatım məna tapacaq. Üzürlü sayın, amma "Şəhid olacam” dedikcə deyirdim elə demə. Anayam axı... O qədər inanırdı ki, torpaqlarımızın azad olacağına. Mən o qədər inanmırdım, amma o inanırdı. "Bu arzuma da çatacam” deyirdi. Çox ağırdı övlad itkisi. Bütün dərdlərdən ağırdı. Övlad itirən ananın ürəyi yaralıdı. Sağalmaz bu yara. Amma indi düşünürəm ki, oğlum xoşbəxt oldu doğrudan da, bütün arzularına çatdı. Hamının sevimlisi idi. Yaxşı oxuyurdu, yaxşı övlad idi. Uşaqlıqdan hərbçi olmaq istəyirdi, arzusuna çatdı. Sevdiyi qızla evləndi. Xoşbəxt ailəsi vardı. Torpaqlarımızın azadlığı uğrunda Şəhid olmağa hazır idi. Bu arzusuna da çatdı. Mən bu gün tək Şahnurun anası deyiləm, bütün şəhidlərin anasıyam. Vətən uğrunda döyüşən bütün oğulların anasıyam”.

 

Nehmətov İlkin Şahnur Hüseynovun bölüyündə xidmət edib: ”Onun haqqında hamıya danışmaq istəyirəm, hamıya. Şəxsiyyət idi, əsil şəxsiyyət. Bütün heyətimiz onu sevirdi. İlk hücuma keçdi, düşmənin ön xəttini, müdafiə səddini yaran ilk qəhrəman oldu. Döyüş başlamazdan əvvəl bütün əsgərlərlə görüşdü: Bu günü illərdi gözləyirəm. Xoşbəxtəm, - dedi. Onun düzlüyünə, cəsarətinə heyrət edirdik. Onun qanını, bütün Şəhidlərin qisasını aldıq”.

 

İki güllə, 21 qəlpə yarası alan Abbasov Müşfiq: İnsan idi, İnsan. Çox savadlı, işini bilən igid idi. Nə deyim ki? Bütün əsgərlərinə sevgiylə, qayğıyla yanaşırdı. Döyüş başlamazdan əvvəl dedi ki, biz çox xoşbəxtik. Qələbə çalacayıq. Bu torpaqları azad edəcəyik. Bundan böyük xoşbəxtlik ola bilməz. Belə cəsur hərbçilərin sayəsində qələbə çaldıq əslində.

 

 Deyirdi ki, lazım olsa, Füzulini alıb şəhid olaram” - MÜSAHİBƏ - 24media.az


Hər birimizin uşaqlıq arzuları olur. Böyüdükcə arzularımız böyüyür, dəyişir. Kiçik Şahnurun arzusu özündən əvvəl böyümüşdü, dəyişmədi. İnadla "Əsgər olacam. General olacam” – dedi.

"Vətən mənim namusum, qeyrətimdi. Onu sevmirəmsə bütün sevgilərim yalandı” deyirdi kapitan Şahnur Hüseynov. Düşmənin güvəndiyi Ohanyan səddini dağıtdı, döyüşlərdə göstərdiyi cəsurluğu dastan oldu.

"Vətən mənim canımdı. Elə bilirəm torpaqlarımız yox, canımın parçası düşmən əlindədi. Onu azad etməsəm yarımcan, yarımçıq olacam həmişə. Bütün torpaqlarımızı almalıyıq”.


Doğru deyir Şahnur. Vətəni bütöv olmayanın özü də paramparçadı.

Belqradda doğuldu, Füzulidə böyüdü, Füzuli uğrunda döyüşlərin qəhrəmanı oldu. Düşmənin çox güvəndiyi Ohanyan səddini yardı – Qələbəyə yol açdı kapitan Şahnur Hüseynov.

 

Gülyaz xanıma sevgili həyat dostu, Əlinura qürur duyacağə Ata oldu. Şəbnəm və Şəhriyara əvəzsiz qardaş oldu. Atası Şahin bəyin dediyi kimi, vətənpərvər Azərbaycan oğlu oldu. Anası Hədiyyə xanımın dediyi kimi, ən böyük arzusuna çatdı - xoşbəxt oldu.

 


Bədbəxtlər – özündən əvvəl öz xoşbəxtliyi ölənlər çoxdu. Özündən sonra xoşbəxtliyi yaşayanlar azdı - Şahnur Hüseynov kimi.

 

Kamalə Abiyeva

qadinkimi.com