SƏNƏT
Vəfa Allahyarova sənətinin "1001 ahəng"i Tarix : 11 May 2025, 17:56
Yazar : Qadinkimi.com

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli lider H. Əliyevin 102-ci il dönümü münasibətilə keçirilən tədbir çərçivəsində rəssam Vəfa Allahyarovanın "1001 ahəng” adlı fərdi yaradıcılıq sərgisi keçirilib.


 

Tədbir Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsi, Elm və Təhsil Nazirliyi və ADPU-nun birgə təşkilatçılığı ilə baş tutub.


 

ADPU-nun rektoru professor Cəfər Cəfərovun rəhbərliyi və "İncəsənət və Fiziki Tərbiyə” fakültəsinin dekanı Anar Fərmayılovun təşkilatçılığı ilə keçirilən tədbirdə elmi konfrans, sərgi və musiqi proqramı yer alıb.


 

Qadinkimi xəbər verir ki, tədbirdə ADPU rəhbərliyi, professor-müəllim heyəti, Milli Məclisin "Elm və Təhsil” komitəsinin sədri, prof. A. İsgəndərov, Milli Məclisin "Elm və Təhsil” komitəsinin üzvləri prof. B. Əliyev, dosent P. Kazımzadə, prof. V. Qafarov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, M.Rəsulzadənin nəvəsi, ADPU-nun "Təsviri sənət” kafedrasının dosenti, əməkdar rəssam Rais Rəsulzadə, tanınmış rəssamlar və bir çox incəsənət nümayəndələri iştirak ediblər.



Sərgidə milli və müasir üslubda işlənmiş müxtəlif rəsm işi, illüstrasiya, portret və kompozisiyalardan ibarət 34 əsər nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrında işlənilib. Həmçinin miniatür sənətinə də sərgidə xüsusi yer ayrılıb. Miniatür məktəbini, milli incəsənət dəyərlərini yaşadan rəssam diqqətinin bu sahəyə yönəlməsinin əsasının ulu öndər H. Əliyevin tələbə vaxtı dinlədiyi çıxışı ilə bağlı olduğunu vurğulayıb.
 

Qeyd edək ki, Vəfa xanım miniatür sənətinə qrafik və müasir yanaşma gətirən rəssamlarımızdandır. Hansı ki, müasir dünyamızda bu çox nadir görülən bir haldı.

 

 

Hər bir rəssamın özünəməxsus dəst-xətti olur. Vəfa Allahyarova yaradıcılığı da özünəməxsus bədii estetikası ilə seçilir. Rəssamın fırçasından süzülən hər bir rəng, hər bir cizgi, detal öz incəliyi ilə diqqət çəkir. O, rənglərin bənzərsiz harmoniyasını, yumşaq keçidləri və kontur vurğusunu ustalıqla əks etdirir. Ona görə də əsərlərinin hamısının sanki ruhu var, canlıdır.


Fırçası ilə öz düşüncələrinə həyat verən rəssam, eyni zamanda bir müəllim kimi də öz saçdığı bilik şüası ilə gənc nəsli sənənyasına hazırlayır. Klassik təsviri sənət məktəbini müasir metodlarla yeni nəsil tələbələrə öyrədən pedaqoq Vəfa Allahyarova ADPU-da dəzgah qrafikası, kitab qrafikası, kompozisiya, rəsm, rəngkarlıq və s. fənləri üzrə tələbələrə dərs deyir. Özü ilə yanaşı onun tələbələri də beynəlxalq və ölkə daxili təşkil olunan sərgi və müsabiqələrdə uğurla iştirak edirlər.



Tədbirdə iştirak edən qonaqlar rəssamın əl işlərini böyük maraqla qarşılayıb, ona yeni yaradıcılıq uğurları arzulayıblar.


 

 

Vəfa xanım isə öz növbəsində sərgidə iştirak edənlərə, həmçinin sərginin təşkilində əməyi keçən, ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib.

 


Sonda təqdim edilən musiqi proqramı ilə tədbir yüksək əhval-ruhiyyədə başa çatıb.


 

 

 

 

Hazırladı: Günel Dəniz

Qadinkimi.com