Son onilliklərdə Amerikanın siyasi arenasında belə gərginlik müşahidə olunmayıb. Demokrat Partiyasından vitse-prezidentliyə namizəd olaraq Kamala Harrisin seçilməsi 2020-ci il prezident seçkilərindən daha vacib görünür. Təkcə ona görə yox ki, Co Bayden çox yaşlıdır. Nüfuzlu "Zogby Analytics”in sorğusuna görə, 78 yaşlı namizəddə həm də əqli zəiflik yaranıb. 74 yaşlı Tramp ondan cəmi 3-4 yaş kiçikdir, ancaq o, yorulmaq nə olduğunu bilmir, çox çevik görünür. "Yuxulu Co"-nun getdikcə daha çox üzə çıxan sağlamlıq probleminə "CBS News” da xüsusi diqqət göstərib və soruşub ki, axırıncı dəfə Co Bayden koqnitiv testdən (intellekt səviyyəsini müəyyən edən üsul) nə vaxt keçib. Belə bir fonda vitse-prezidentin kimliyi xüsusi önəm daşıyır. Çünki prezidentə bir şey olsa, onun səlahiyyətləri avtomatik olaraq vitse-prezidentə keçir.
Mütəxəssislərin və rəy sorğularının proqnozlarına görə, hamı afroamerikalı qadınının Co Baydenin tərəfdaşı olacağını gözləyirdi. Vitse-prezidentliyə namizədlərin siyahısı xeyli uzun idi. Əvvəlcə ABŞ-ın sabiq birinci xanımı Mişel Obamaya üstünlük veriləcəyi güman olunurdu. İş orasındadır ki, bütün əyər-əskiyinə baxmayaraq Donald Trampın bu seçkini də udacağı gözlənilir. Ona görə də Barak Obama və Demokratlar Partiyasından olan digər rəhbərlər Mişel Obamanın ilk cəhddən məğlubiyyətlə üzləşməsini istəmədilər.
ABŞ-ın BMT-dəki keçmiş səfiri və Obamanın müşaviri Syuzan Rays da qaradərilidir. Lakin o, çox varlıdır və nüfuzlu ağ adamla evlidir.
Həm də elə bir adam vitse-prezident seçilməliydi ki, onun təmsil olunduğu ştatda Co Baydenin qalib gəlmək şansı aşağı olsun. Seçicilər o ştatda məhz vitse-prezidentə görə Co Baydenə səs versinlər.
2018-ci ildə Demokratlar Kaliforniyada güclə səs topladı. Prezident seçkisində də bu ştatın Donald Trampa səs verəcəyi gözlənilirdi. Ona görə də 55 yaşlı Kamala Harrisə üstünlük verildi. Senator və Kaliforniyanın keçmiş baş prokuroru önə çıxdı. Bu seçim gözlənilməz olmadı, çünki onun adı həmişə favoritlər sırasında idi.
Xanım Harrisin atası Donald Yamayka əsilli iqtisadiyyat professorudur. Onun anası Şamala Qaplan (Shyamala Gopalan) isə Hindistan (tamil) əsilli həkimdir. Son dərəcə ambisiyalı olan xanım Harris güclü natiqdir və debatlarda üstün mövqe nümayiş etdirir. Debatların birində o, Co Baydeni divara dirəmişdi. Xanım Harris daha çox irqçiliyin doğurduğu fəsadlardan danışır. Deyir ki, o, hələ məktəbli olanda bu bəlanın acısını yaşayıb. Hər gün digər qaradərililərlə birlikdə avtobusa minib dərsə gedirmiş, onlara ağ uşaqlar üçün olan avtobusa minmək qadağan imiş.
Amerika mediası xəbər verir ki, xanım Harrisin Yamaykadakı ulu babasının 200 qulu olub. Heç amerikalı zəncilər də xanım Harrisi əsl zənci hesab etmirlər. Amerikada bu, çox incə məsələdir. Məsələn, Barak Obamanın atası mühacir zənci, anası isə ağdərili amerikalı olub. Ona görə də amerikalı zəncilər Obamanı özlərindən bir kimi qəbul etmirdilər. Təmiz qaradərili hesab olunmaq üçün Barak Obama əsasən zəncilərin getdiyi kilsədə ibadət edirdi. Ən önəmlisi isə sonda saf qaradərili sayılan Mişellə ailə həyata qurdu.
Bu baxımdan xanım Harrisin də problemi var. Belə ki, o, yəhudi ilə evlidir.
Əgər Co Bayden prezident seçilsə xanım Harris birinci afroamerikalı vitse-prezident, birinci Asıya əsilli vitse-prezident və birinci qadın vitse-prezident olacaq. Yəni, 3 tarixi rekorda imza atacaq.
Siyasi analitiklər hesab edir yaşlı kişinin yanındakı bu gənc və aqressiv xanıma ən çox bankirlər maliyyə dəstəyi verirlər. Co Bayden sərt və qərarlı deyil. Kaliforniyanın keçmiş baş prokuroru isə bu baxımdan hamıdan öndədir. Ona görə də təmkinli və yaşlı kişinin yanında gənc və aqressiv bir xanımın olması əla tandem yaradır.
Xanım Harrisin valideynləri onun 7 yaşı olanda ayrılıblar. O və bacısı Maya daha çox qaradərililər üçün olan kilsəyə gedib.
Onun əri Duqlas Emhoff Los-Ancelesdə vəkil işləyir. Onlar 2014-cü ildə evləniblər. Xanım ilk dəfə, əri isə ikinci dəfə ailə qurub. Onun ərinin birinci xanımından 2 uşağı var. O da maraqlıdır ki, hətta onun rəqibləri də etiraf edir ki, 55 yaşlı Harris yaşından 15 il cavan görünür.
Diqqət çəkən məqamlardan biri də odur ki, müsəlman ölkələrindən Amerikanın hərbi kontingentinin çıxarılmasının alovlu tərəfdarı olan Kamala Harris WikiLeaks-in həbsxanada olan sahibi Culian Assanjın azad olunmasına qarşı çıxır. O, hesab edir ki, Culian Assanj Amerikanın hərbi cinayətlərinin üstünü açmaqla ölkənin nüfuzuna ciddi ziyan vurub. Ona görə də Culian Assanj həbsdə qalmalıdır.
Elbəyi Həsənli, Sürix
qadinkimi.com