Böyüdükləri cəmiyyətə xas ənənələri gələcəyə daşıyan varislər olan uşaqların ruh və fiziki sağlamlığını qorumaq, əgər varsa, bəzi çatışmayan cəhətlərini onlara tərgitmək də böyüklərin vəzifəsidir.
Gələcəklə bağlı qayğılarımızın da, ümidlərimizin mənbəyi uşaqlardır. Bir cəmiyyətdə yetişən uşaqlar nə qədər sağlam, ruh və bədən bütövlüyünə sahiblənmiş varlıqlar kimi böyüyürlərsə, həmin cəmiyyətlərin taleyi də bir o qədər işıqlı olur.
Bəs bir cəmiyyətin sağlam olub-olmadığını hardan, necə anlamaq olar? Əlbəttə ki, onun siyasi, sosial, iqtisadi, tibb və təhsil kimi sahələrindəki rifah standartlarının yüksək, yaxud aşağı olmasından. Təhsilin zəif olması, maddi imkansızlıq, əxlaqi bütövlüyün sarsılması, tibbi problemlər, ələlxüsus spirtli içkilər, narkotik, psixatrop maddələrdən istifadə həm şəxsi həyat, həm də cəmiyyət üçün təhdid ünsürüdür.
Əxlaqi dəyərlərin sarsılması və gəncliklə bağlı problemlər bütün dünya ölkələrində az-çox hər zaman olub və bütün dövrlər üçün aktual məsələ sayıla bilər. Amma söhbət xüsusilə gənc nəsil arasında yayılmış narkotik maddələrin istifadəsindən və onlardan asılılıqdan gedirsə, bu kimi halların ildən-ilə artması hər birimizi narahat etməlidir.
Bu gün dünyanın bir çox ölkəsi spirtli içkilər və narkotik maddələrdən istifadəyə görə bizim ölkəmizdən daha acınacaqlı durumdadır. Amma ölkəmizdə də, xüsusilə gənc nəsil arasında narkotik maddələrdən asılılıq halları yox deyil. Biz bu gənclərə küçələrdə, parklarda, ölkəmizin bütün bölgələrində rast gələ bilərik. Onların sayı gözardı edilməyəcək qədərdir.
Bu maddələrdən uzun müddət istifadə etmək fizioloji və psixoloji asılılıq yaradır, istər şəxsi, istər sosial həyatın pisləşməsinə səbəb olur. Ümumilikdə həyat şərtlərini hər baxımdan pisləşdirən bu maddələrin onlardan asılı olan şəxslərə və onların ailələrinə çəkdirdiyi əzabı sözlə ifadə etmək çətindir. Amma hər birimiz bu "ağ ölüm"ün gətirdiyi bəlaları təsirlərini ən azı bir nəfərin üzərində müşahidə etmişik.
Qəribəsi budur ki, məktəbdən küçələrə qədər cəmiyyətdə gənclərə narkotik maddələrin təhlükəli, zərərli olduğuyla bağlı onlarla mesaj ötürülür. Buna baxmayaraq, ondan istifadə edənlərin sayı get-gedə çoxalır, yaş həddi isə aşağı düşür. Bu qədər təbliğat gənclərdə əks təsirmi göstərir? İnsanlar niyə bilə-bilə öz taleyləri ilə oynayır, özlərinə zərər verirlər?
Siqaret pis vərdişlərə dəvətdir
Siqaret asılılıq yaradan maddələrin "ən məsumu"dur. Bu, uşaq, gənc, yaşlı nəsil arasında cinsiyyət fərqi olmaqdan hər kəs tərəfindən ən çox istifadə olunan, leqal maddədir. Çox ciddi xəstəliklərin yaranmasına səbəb olan siqaretin insana vurduğu zərər heroin və alkoqol kimi digər uyuşdurucu maddələrlə demək olar ki, eyni xüsusiyyətlərə malikdir. Əhali arasında alkoqollu içkilər, heroin siqaretdən daha təhlükəli hesab olunur. Amma siqaret təkcə zərərləri, əlçatanlığı baxımından yox, həm də digər asılılıq yaradan maddələrə keçid üçün ilk pillə hesab olunur. Məsələn, bir araşdırmaya görə, siqaret istifadəçisi olan gənclərin böyük əksəriyyəti alkoqolik deyil, amma alkoqoliklərin demək olar ki, hamısı siqaret çəkirlər. Buna görə zərərli maddə istifadəçiləri çox vaxt birinci siqaretlə başlayır, ardınca spirtli içkilərə, sonra da narkotik maddələrə aludə olurlar.
Gənclərin siqaretə meyilli olmaqlarında isə örnək kimi ətraf, maraq, yeniyetməlik dövründə başqalarının diqqətini çəkmək kimi bir qrup faktorlar rol oynayır. Hətta araşdırmalardan birində gənclərin daha çox əsgərlik dönəmlərində siqaretə aludə olduqları göstərilir.
İkinci addım - alkoqol...
Alkoqollu içkilər siqaretdən sonra ən çox istifadə olunan və asılılıq yaradan vasitədir. Ölkəmizdə siqaret qədər bu cür içkilərə də tələbat ildən-ilə artır. Alkoqollu içkilərin fiziki və psixoloji sağlamlıq üzərindəki mənfi təsirləri digər uyuşdurucu maddələrin səbəb olduğu zərərlərə daha yaxındır. Mərkəzi sinir sistemində problemlərin yaranması, dərketmənin azalması, duyğu, şüur, düşünmə və qayğı kimi müxtəlif zehni və psixoloji tarazlığın pozulması halları belə maddələrin ortaq təsirlərinin nəticəsidir. Daha çox emosional baxımdan zəif olan insanlar problem və qayğılarını unutmaq üçün belə içkilər qəbul edirlər. Amma spirtli içkilər qəbul etmək, demək olar ki, artıq bir mədəniyyətə çevrilib. Yəni insanlar sosial səbəblərdən - toy, ad günü, bəzi xüsusi günlərdə əyləncə məqsədi ilə spirtli içkilər qəbul edirlər. Bu hal o qədər təhlükəli görünməsə də, bəziləri üçün alkoqolizmə aparan yolun başlanğıcı ola bilir.
Alkoqolizm yüksək dozada və tez-tez spirtli içki qəbul etməkdən yaranır. Bu hal gələcəkdə ürək-damar və sinir sisteminə mənfi təsir edir, qaraciyərə zərər verir, insanı ölümə sürükləyir.
Aparılan araşdırmalar göstərir ki, ümumilikdə zərərli maddələrdən asılı hala düşənlər adətən özünütərbiyə mexanizması, özünə güvəni zəif olan, problemlərini yalnız başqalarının həll edə biləcəyinə inanan zəif xarakterə sahib insanlar olurlar. Özgüvəndən məhrum, özünü dəyərsiz hesab edən, daim özündə çatışmazlıqlar görən insanlar mənəvi iztirab çəkirlər. Bu vəziyyətdə öz mənəvi reallığından qaçmaq, problemlərini unutmaq məqsədi ilə həll yolunu asılılıq yaradan zərərli maddələrdə görürlər. Amma emosional tarazlığı olmayan, şəxsiyyət problemləri yaşayan, hər şeydən narazı olan, gözləntilərini qarşılaya bilməyən, həzzə və həyəcana meyilli olan insanlar da bu tələyə tez düşürlər.
Qloballaşan dünyada medianın artıq bütün evlərə girməsi və bu mənada kənd-şəhər ayrı-seçkiliyinin olmaması əslində böyük bir təhlükənin xəbərçisidir: Bütün dünyada televiziyalarda göstərilən filmlərdə insanların əylənərkən, yaxud sıxıntıya düşdüyü zaman içkiyə, siqaretə, başqa zərərli maddələrə əl atması və bunların təsirli bir şəkildə səhnələşdirilməsi gənclərdə bu maddələrə meyl yaranmasına səbəb olur. Əxlaqi və dini dəyərlərə münasibətin əvvələ nəzərən dəyişməsi də buna təsir edir.
Valideynlər nə etməlidir?
Zərərli maddələrdən istifadənin ən çox yayıldığı ailə tipləri daha çox parçalanmış, boşanmış, valideynlərdən biri vəfat etmiş ailələr olur. Ailə içində bu maddələrdən istifadə edən bir fərdin olması, diqqətsiz, yaxud həddən artıq mühafizəkar valideynlər, soyuq münasibət, ailə daxilində gəncə nümunə olacaq şəxsin olmaması, valideyn dəstəyinin az olması da gəncləri belə yollara sürükləyir. Yəni bütün məsələlərdə olduğu kimi, burada da əsas rolu valideynlər və onların qurduğu ailə modeli oynayır.
Uşaqlarının hər hansı bir zərərli maddə istifadəçisi olduğunu öyrənən valideynlər panikaya düşür, əsəbi, stresli davranır, uşaqları günahlandırıb onlarla pis rəftar edirlər. Hətta görməzdən gəlib, qohum-qonşu bilməsin deyə problemi gizlədən valideynlər də var. Hər iki davranış forması uçurumun kənarında olan gənci öz əliylə aşağı atmağa bənzəyir. Önəmli olan övladını o uçurumun kandarından çəkib almağı bacarmaqdır. Bunun üçün gəncləri, uşaqları sıxışdırmadan, onlara daha çox sevgi və qayğı göstərərək zaman ayırmaq, ailə münasibətlərini gözdən keçirmək, mövcud problemlərin həlli istiqamətində rasional addımlar atmaq lazımdır.
Əvvəlcə uşağın sosial mühiti müşahidə olunmalı, dostları ilə münasibətlərinə nəzarət edilməlidir. Valideynlər uşaqların bu kimi pis vərdişlərində özlərinin rolunu müəyyən etməli, öz səhvlərini görməyi bacarmalıdırlar. İsti, mehriban, güvən hissi verən ailə mühiti uşağı, gənci hər zaman evinə, dəyərlərinə bağlayır. Valideynlərinin xasiyyətinə, münasibətlərinə görə ailədən uzaqlaşan uşaqlar bu ehtiyaclarını yanlış insanlarla dostluq etməklə, zərərli maddələrə aludə olmaqla qarşılamağa çalışırlar. Ailədə emosional və sosial qarşılıqlı əlaqə baxımından uğurlu uşaqlıq dövrü keçirən hər bir fərd yeniyetməlik dövrünün problemlərini daha asan həll edə və qarşılaşdığı çətinlikləri daha yaxşı dəf edə bilir. Bu səbəbdən valideynlər uşaqlıqdan övladları ilə mehriban və dostcasına dialoq qurmalı, yeniyetməlik dövründə də bunu davam etdirməlidirlər.
Natəvan Abdulla