Nədənsə həmişə pis şeylər daha cazibədar olur. Yaxud da biz pis şeylərə qarşı çox "şorgöz” oluruq, diqqət edirik, arxasınca gedirik. Misal:
- Salam.
- Əleyküm.
- Necəsən?
- Yaxşıyam.
Bu dialoqla fikir tamamlanır. Yəni birinin yaxşı olması onun haqqında olan bütün informasiya əhatəsini qapayır, örtür. YAXŞI ilə hər şey tamamlanır, yəni. Ondan özgə şey soruşmağa lüzum qalmır. Necə deyərlər "əsas can sağlığıdır”. Əks hala baxaq:
- Necəsən?
- Belə də, yaxşı deyiləm.
- Niyə?
- Xəstəyəm.
- Haran ağrıyır?
- Ürəyim.
- Nə vaxtdan?
- İki gündü.
- Həkimə getmisən?
- Hə
- Nə dedi?
Bu sual-cavabı uzatmaq da olar. Əsl məğzə çatana kimi sualları ipək yolu etməyə dəyməz. Biz əslində bu suallarla qayğıkeşliklə əks tərəfi daha da narahat edirik. Göründüyü kimi pis şeylər daim çözülür. Amma heç vaxt "Niyə yaxşısan?” – deyə soruşmuruq. Biz həmin yaxşılığı heç bir səbəblə əlaqələndirmək istəmirik. Əgər əlaqələndirsək tərəf müqabilimiz də təəccüblənər.
- Necəsən?
- Yaxşıyam.
- Niyə yaxşısan?
- Necə yəni niyə yaxşısan?
Bilirəm ki, əksər hallarda bu sualın cavabı belə olacaq. Biz həmişə soruşuruq ki, "o uşaq niyə ağlayır?”. Heç vaxt "o uşaq niyə gülür?” demirik. Biz bəlkə də, ona görə uşaqların sevincini düzgün anlamağa acizlik göstəririk. Biz gülüşü ancaq komediya janrındakı kimi təsəvvür edirik, yəni, gülüşün altında mütləq qatı bir məna olmalıdır. Amma biz uşaqların üzündəki "təbəssüm xanım”la, "gülüş bəy”lə tanış olmuruq. Bu isə fəlakətdir, özü də R. Taqorun "Fəlakət”i deyil, bizim fəlakətimizdir.
Müəllif: Fərid Hüseyn
qadinkimi.com