YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ
Sevinc Fədai yazır: Tanrı, sən bu dünyada qadın olmamısan! Tarix : 01 Mart 2021, 09:22
Tanrı, sən bu dünyada qadın olmamısan! *
Özəl günlərdə qadınlara dilənən arzuların içində biri həmişə diqqətimi çəkib: "Filankəs xanım, sizə qadın xoşbəxtliyi arzulayıram". Nədir qadın xoşbəxtliyi, nə deməkdir? Onu necə əldə eləmək, harada axtarmaq lazımdır? Ailədəmi, subaylıqdamı? Sevgidəmi, tənhalıqdamı? Şöhrətdəmi, sakit həyatdamı?.. Siyahını bəs deyincə uzatmaq olar.
Nə gizlədim, hərdən bu arzunu dilə gətirmək mənə çox axmaq və lazımsız görünürdü. Deyim niyə. Fikirləşirdim ki, daha hər şeyi arzulamısan, elə bunların cəmi qadın xoşbəxtliyi deyilmi? Ancaq son vaxtlar mənə belə gəlməyə başlayıb ki, analarımızın, xalalarımızın, bibilərimizin, qonşu qadınlarımızın heç biri qadın kimi xoşbəxt deyil. Ana kimi xoşbəxtdir, nənə kimi xoşbəxtdir, müəllim kimi, həkim kimi xoşbəxtdir, amma qadın kimi yox... Çoxumuz anamızın üzünə, hədər gedən illərinə baxanda bunu çox gözəl görə bilərik. Onlar özləri qadın xoşbəxtliyini ailələri üçün, övladları üçün qurban veriblər. "Məndən eybi yoxdur" deyə-deyə. Ancaq bilməyiblər ki, onların qurban verdikləri qadın xoşbəxtliyi övladlarının ürəyində həmişə bir dağ kimi qalacaq. Kaş bizim üçün bu qədər fədakarlığı eləməzdilər, özlərini bu qədər qurban verməzdilər.

Xahiş eləyirəm, düzgün başa düşün, mən anamın mənim üçün elədiyi bütün fədakarlıqların, məhrumiyyətə dözməklərin nə demək olduğunu hamıdan yaxşı bilirəm. Sadəcə demək istəyirəm ki, analarımız bizdən ötrü dözdüyü bütün zülmlərin mənəvi ağrısını bizə ötürürlər, vicdan əzabını bizə yaşadırlar. Bu yük çox ağırdır.
Bir şey də var ki, qadınların çoxu bizə ağır gələn bu məqam haqqında bircə dəfə də olsun oturub düşünməyiblər, bu, onların heç ağlının ucundan belə keçməyib. Ya da çoxları qadın xoşbəxtliyini "az aşım, salamat başım", "əlim sağ, ayağım sağ", "şükür, balalarım oxuyub", "şükür, oğlum evlənib, qızım gəlin köçüb" və sairə kimi başa düşüblər. Bircə dəfə də olsun onlara bəxş olunan canın, ruhun, qadınlığın, zərifliyin, gözəlliyin qeydinə qalmayıblar. Ya da onlara bu fürsəti verən olmayıb. Kim verməyib? Ömür-gün yoldaşları, ana-ataları... Səhər duran kimi günorta yeməyinin qeydinə qalmaq, günorta yeməyini yeyən kimi axşam yeməyinin dərdini çəkmək onlara canı da unutdurub, ruhu da, qadın olmağı da, xoşbəxtliyi də... Bu illər ərzində saç ağarıb, rəngləmək yaddan çıxıb, dırnağın yarısı boyalı olub, yarısı boyasız, üz qırışıb, bel bükülüb. Ancaq vaxtından bir dəqiqə də olsun gecikməyən naharlar, həmişə təmiz, ütülü olan əyin-başlar, yuvanın qorunması üçün edilən cəhdlər lazımi qiymətini tapmayıb. Bu lütflərə sahib olan kişilərə isə elə gəlib ki, məhz belə olmalıdır. Qadının kişinin qabırğasından yaranması fikri onları həmişə çaşdırıb, həmişə qadına qarşı ədalətsiz edib. Onlar elə biliblər ki, məhz buna layiqdirlər. Tutaq ki, siz buna layiqsiniz? Bəs qadınlarınız, onlar ömürlərini bu cür yaşamağa layiqdirlərmi? Bəs onlar özünü xoşbəxt, rahat hiss etməyəndə siz buna necə nail olursunuz?
Məni qınamayın, hərdən yaşıdlarımla yaşlı nəslin qadınlarını müqayisə edəndə mənə elə gəlir ki, bu günün qadınları daha xoşbəxtdirlər. Bütün məhrumiyyətlərə baxmayaraq, daha xoşbəxtdirlər. Çünki onlara sevgi, dəyər verilir, qayğı göstərilir. Onların üzündə təbəssüm varsa, demək, belədir. Elə bilirsiniz, "evlənəndən sonra ayrıca evdə yaşayaq" davası təkcə qadın eqosundan irəli gəlir? Belə olmayanda istər-istəməz qadının ömrü "kollektiv" yaşayışa qurban gedir. Türklər demiş, bu karqaşanın içində ər qadınını unudur, qadın ərini. Nəvaziş, sevgi görməyən qadının ürəyi də, bədəni də korşalır, özü-özünü belə unudur.
Nə bilim, çətindir qadın olmaq. O böyüklükdə Marina Svetayeva intiharından əvvəl boşuna yazmamışdı ki, "Tanrı, qınama məni, Sən bu dünyada qadın olmamısan!"
 
 
 

Sevinc Fədai
 
 
qadinkimi.com