Bizimkilər – Azərbaycan xalqını deyirəm, bir-birini xoşbəxt görünməyə, bədbəxt hiss etməyə məcbur edirlər. Deyin nə təhər?
Dedinizmi?
Desəniz də, danışacağam, deməsəniz də.
Mən də bu xalqdan deyiləm? – Ləm. Yəni "deyiləm” sualına təsdiqdə cavab verirəm. Aydın olmadısa, açıq deyim, bəli, mən də bu xalqdanam, ona görə də qulaq assanız da, asmasanız da, danışacağam.
Deyirəm ki, nə deyirdim, yadımdan çıxdı, hə, yadıma düşdü. Qoyursunuz ki, iki kəlmə danışım? Kəlməbaşı sözümü kəsirsiniz. Onu deyirdim. Niyə gücümüz çatıb aldığımız sadə paltarı evdə geyinib, cəmiyyət içinə çıxmaq üçün isə borc-xərc edib nisbətən bahalı paltar alırıq? Kiriyin, özüm deyəcəyəm. Ona görə ki, sözə qoyacaqlar, yəni müzakirə edəcəklər. Bu da cəhənnəmə, ucuz geyinsən, ətrafdakılar harasa dırmaşmalı olacaqlar, yəni sənə yuxarıdan aşağı baxacaqlar. Adam yerinə qoymayacaqlar. Keçək o biri məsələlərə. Evdə nə qədər söyülüb-döyülsən də, (çox vaxt bunu döyülüb-söyülmək şəklində deyirlər, amma proses söyülməklə başladığından, döymək onun ardından olduğundan mən qaydaya əməl edərək yazdım) camaat içinə çıxanda yalandan gülümsəməli, ərindən razılıq etməli, yumruğuna şükür oxumalısan. "Onsuz nəyə lazımsan? O olmasa, hərə adına bir söz çıxarar” – yanaşma budur. Sən də ömrün boyunca nəyisə izah etmək üçün and-aman edə-edə qalırsan. Uzun illər sonra təmizliyini sübut edəndə də yıxılıb (oturduğun yerdə, ayaq üstə – hər cür olar) ölürsən. Onda hamı deyəcək ki, halal olsun, ərindən sonra bir adını iki eləmədi. Ta sənin onlara "cəhənnəm olun işinizin dalınca” deməyə canın olmayacaq. Nə isə.
Harada qaldıq? Hə, əgər gözünün altı qaralıbsa, küçəyə eynək taxıb çıxacaqsan. Bəziləri buna da icazə vermirlər, odur ki, yaxın adamının dəfninə üz-gözünün şişindən gedə bilməyəcəksən. Qohum da inciyəcək, elə yasdaca əhd eləyəcək ki, sənin də əzizin ölsün, o gəlməsin. Borclu borclu olduğunun sağlığını istəməyi burada keçmir. Məlum olur ki, borclu borclunun həm də ölməyini istər.
Əsas məsələ qaldı, söhbəti uzatdım.
Qoy başa qayıdım görüm, nə yazmışdım orada? Hə, deyirdim ki, bizim millət adamı özünü xoşbəxt hiss etməyə məcbur edir. Düz deyirəm də.
– Evin var?
– Var.
– Divarına "oboy” çəkmisən?
– Çəkmişəm.
(Pah! Divara güllü-müllü kağız çəkdirmisənsə, demək varlısan).
– Maşın almısan?
– Almışam.
Uşağın var, ərin var, indi başla özünü xanla bacanaq... yox, xanın baldızı hesab eləməyə. Ta o evi, maşını kreditlə, yaxud dişlə, dırnaqla almağın kimsəni maraqlandırmaz. Əsas odur, var. Di, sevin, gül. Xoşbəxtsən. Nəbadə ərindən şikayətlənəsən. İçir? – Yox. Çəkir? – Yox. Vəssalam! İdeal insandır. Qalırsan yana-yana, deyə bilmirsən ki, nbjhdkldkjdn.
Dədənin söyülməyi, adam yerinə qoyulmamağın xoşbəxtlikdir. Bəziləri anlamırlar ki, ya içib söydü, ya da ağlı üstündə olanda, söyüş söyüşdür, təhqirdir, alçaldılmaqdır.
Nə isə. Qaldı ona özünü bədbəxt hiss elətdirmək.
Ərin dünyasını dəyişibsə, mütləq saçlarını yolmalı, üzünü cırmalı, qara bağlamalısan. Ağlayanlara imkan verməməlisən. Dərdinlə baş-başa qalıb için-için ağlasan, inanmayacaqlar. Sən də məcbursan, səsini sonuncu oktavadan götürüb, bildiyin bütün sözləri düz-qoş edib bayatıdan-zaddan deyəsən. Yasdan sonra da saçlarını rəngləsən, deyəcəklər, sevinir. Toya getmək olmaz. Getsən də, orada kimisə qucaqlayıb ağlamalı, qanıqaraçılıq yaratmalısan. Toplumun zövqünü, "kurallarını” nəzərə almadan yaşadınsa, batdın.
Bütün bunlar saxta adamların qondarma qaydalarıdır. Səmimi adamların sevinci də, kədəri də təbii yaranır. Onlar gülmək istəyəndə gülür, ağlamaq istəyəndə... bəziləri ağlamırlar, uzaqlaşırlar insanlardan. Dərdi ilə tək qalır. Deyinmir, gileylənmir, şikayətlənmir.
Zarafat bitdi.
Günü saçları rəngdə olan qadın vardı. Elə bilirdilər, dinc yaşayır. Ona görə belə zənn edirdilər ki, qadınlara qoşulub, taleyindən şikayətlənib ərinə qarğamırdı. Sonra eyni ildə dörd övladını ard-arda itirdi. Yenə ağlayıb heç kəsi narahat etmədi. Sonuncu ölən oğlunun qırx mərasimini də ötürüb sakitcə öldü. Onu qınayan qadınlar şivən qopardılar ki, yazıq "içində çəkirmiş”, yəni kimsə ilə bölüşmədən dərdini ürəyində təkbaşına daşıyırmış. Bunu sübut eləmək üçün yazıq qadın mütləq ölməli imiş, yoxsa adına arsız deyəcəkdilər.
Həyatımızı başqalarının zövqü, düşüncəsi, yanaşması ilə tənzimləyirik. Əl çəkmirlər. Səni xoşbəxt olduğuna inandırmağa çalışır, bədbəxt olmağa da məcbur edirlər. Di yaxanı qurtar, görüm, necə qurtarırsan?
"Köhnə bazara təzə nırx qoyacan?”, "Çanağını bəyənmirsən?”, "Dədəni, ananı tanıyan yoxdur?”