YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ
“Zəfərimizi görməyincə ölmərəm” deyib möhlət istəyirdim - Əntiqə Qonaqla MÜSAHİBƏ Tarix : 09 Mart 2025, 14:23
Yazar : Günel Dəniz

Qadinkimi.com Respublikanın Əməkdar jurnalisti, Müharibə veteranı, Hərbi yazar Əntiqə Qonaqla müsahibəni təqdim edir

 

DOSYE: Qonaqova Əntiqə Gülməmməd qızı Xaçmaz rayonunun Maqsud kəndində anadan olub. 1974-cü ildə Maqsudkənd 8 illik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini bitirib. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik”, "Nəğməli-sözlü tələbə”, "Natəvan qızlar klubu”, "Tələbə dünyası” və s. müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxıb. 15 ilə qədər radio-televiziyada ştatdankənar müxbir kimi fəaliyyət göstərib.

1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlayıb. Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral” qəzetində korrektor, müxbir (1984-1990), "Həyat” qəzetində baş müxbir (1990-1992), "Biznes” qəzetində şöbə müdiri (1992-1993), "Ana” müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), "Azərbaycan” qəzetində müxbir (1999-2001). 2001- 2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində baş məsləhətçi vəzifələrində işləyib. Dövlət qulluğunun müşaviridir. Hazırda səhhəti ilə bağlı təqaüddədir. Yaradıcılıqla məşğuldur.


Qarabağın dağlıq hissəsinə erməni təcavüzü başlayan gündən jurnalist kimi dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olub, könüllülərə, əsgər və zabitlərə, ordu heyətinə mənəvi dayaq olmağa çalışıb. Xocalının soyqırımdan əvvəlki vəziyyətində, Şuşada, Ağdamın Gülablı, Mərzili, Başqərvənd, Papravənd, Füzulinin Qacar, Xələfşə, Cuvarlı, Gövşatlı, Veysəlli, Arış, Hoğa kəndlərində və Məngələnata yüksəkliyində, Cəbrayılın Sur yüksəkliyində, Zəngilanın Novlu, Kollu, Rəzdərə, Yeməzli, Günqışlaq, Pirveyisli, Şərifan, Aşağı Göyəli, Nəcəflər, Ağbənd, Vejnəli, Qubadlının Çardaqlı, Əyin, Məlikəhmədli, Tarovlu, Yuxarı Cibikli, Aşağı Cibikli, Əliquluuşağı, Zor, Laşının Səfyan, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Türklər, Qazağın Barxudarlı, Sofulu, Qızılhacılı, Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Tovuzun Ağdam, Əlibəyli, Koxanəbi, Göyəbaxan, Böyükqışlaq, Ağdərənin Yarımca, Seysulan kəndlərində, Vəng yüksəkliyində olmuş və ön cəbhədə gedən döyüşlərin iştirakçılarından müxtəlif səpkili yazılar yazıb. 1988-1994-cü illərdə Füzuli cəbhəsində 12, Ağdamda 8, Qubadlıda 4, Laçında 2, Zəngilanda 2, Şuşada 2, Cəbrayılda 1, Xocalıda 4, Ağdərədə 2, Kəlbəcərdə 2, Qazaxda 2, Tovuzda 2, Gədəbəydə 1 dəfə olmuş və burada şahidi olduğu hadisələr, canlı döyüş epizodları, döyüşçülərin vəziyyəti, qayğı və problemləri ilə bağlı yazılarla çalışdığı mətbu orqanlarında çıxışlar edib. Bundan başqa mütəmadi olaraq xəstəxanalarda müalicə olunan yaralı əsgər və zabitlərimizə baş çəkib, şəhid ailələrinə maddi və mənəvi dayaq olub.


Azərbaycan Jurnalistlər Birliyinin "Həsən Bəy Zərdabi” və "Salatın Əsgərova” mükafatlarının laureatıdır. "24 yaşdan asılmış ömür” oçerki Respublika Həmkarlar Komitəsinin I dərəcəli fəxri fərmanına layiq görülüb. "Bu günəş Türk üfüqlərində doğdu” məqaləsi Böyük Atatürk haqqında yazılmış ən gözəl məqalə müsabiqəsinin qalibi olub. Onlarla Fəxri Fərman və müxtəlif diplomlarla təltif olunub. BMT-nin Xoşməramlı Səfiri diplomuna layiq görülüb.


2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Əməkdar jurnalist” fəxri adını alıb. 

Müharibə mövzusunda yazdığı iki kitabın müəllifidir: "Ölməzlik” və "Vətən, səndən keçmək olmaz!”.

 

Qarabağ Müharibəsi Veteranıdır.


İki övladı var. Həsən və Şəhriyar Türkiyənin Mersin Universitetinin Mühəndislik və Gözəl sənətlər fakültələrində təhsil alır.


Salam, Əntiqə xanım. Necəsiz?


 

- Yaxşıyam, çox sağ olun, gözəl xanım. Minnətdaram.


 

Əntiqə xanım, niyə məhz hərbi müxbir? Necə oldu ki, hərbi sahəni seçdiz?


 

 

- Birbaşa həyatımın hərblə yazılan dövründən başladınız. Düzü, bu mənim xoşuma gəldi. Çünki hərb mənim həyatımın qırmızı xəttidir, ən zəif, həssas, önəmli tərəfidir. Mən Qarabağ müharibəsinin birinci dönəmindən üzü bu tərəfə Vətənimizi nəhəng bir hərb maşını kimi təsəvvür edirəm. Hər yeri, hər şeyi hərb rəngində, əsgər geyimində görürəm. Elə bilirəm bu ahəngdarlıq hər zaman davam edəcək və biz düşmənlərimizə qarşı həmişə tətikdə olacağıq. Yadımdadır belə bir yazı da yazmışdım: "Əsgər geyimli Vətən”. Nəfəs aldığımız hava, üzərində addımladığımız torpaq, hətta ağacları, səması belə hərb deməlidir, hərbə istiqamətlənməlidir.

 

 

Gələk sualın cavabına. Bilirsiz, əslində hərbi müxbir deyilən bir status yox idi o zaman. Elə indi də yoxdu məncə. Müharibə dəhşətlərini yalnız kitablardan oxuyub, filmlərdən seyr edən, ağsaqqallardan və müəllimlərindən eşidən bir gənclik üçün özünü birdən-birə müharibənin içində görmək, bilavasitə onun iştirakçısı olmaq çox dəyişik bir haldır. Qəfil qarşılaşdığın və hazır olmadan yaxalandığın bir hadisə deyək. Nə etmək lazım olduğunu həmən kəsdirə bilmirsən, neyləməliyəm, nə etməliyəm sualları ildırım sürəti ilə beynindən keçir, ildırım kimi də həyatında çaxır. Və sən özünü müharibənin tən ortasında görürsən. Elə bil ki, yaşadığın evdə birdən yanğın çıxır və sən bununla mübarizə aparmağın, burdan sağ-salamat qurtulmağın yollarını arayırsan. Fikirləşməyə zamanın yox, hərəkətə keçməlisən. Bir vətəndaş kimi, qadın kimi, bu torpağın yetirməsi kimi, ikinci anamız olan Vətənin təəssübünü çəkən bir insan kimi başqa cür düşünə bilmirsən. Anamızı qorumalıydıq, onun yaralarını sarımalıydıq. Belə də etdik. Burda bir nüans da var. Bir dəfə cəbhəyə getdinmi, qaynar nöqtədə olan döyüşçülərlə görüşüb onların vəziyyətini, problemlərini öyrəndinmi, səni görəndə nə cür sevindiklərinin şahidi oldunmu, səni özlərinə doğma saydıqlarını hiss etdinmi...bu siyahını uzatmaq da olar. Əsas odur ki, artıq hərbin lap içindəsən və bu sənin o dövr üçün həyat tərzinə çevrilir. Beləcə müharibə və vətənin keşiyində duran döyüşçülər həyatından bir qırmızı xətt kimi keçir. Bu mövzunu yazdıqca yazırsan. Müharibə bitsə də sənin vəzifələrin bitmir. Davamlı olaraq hərbə, hərbçilərə köklənmiş olursan. Bir də baxıb görürsən ki, artıq səni hərbi yazar kimi tanıyır və qəbul edirlər. Yaradıcılığının mühüm hissəsini hərbi mövzular təşkil edir. Məndə də belə oldu.

 

 

Sizcə müharibə nədir?


 

 

- Bu çox geniş mövzudur, başlasan sonunu yığıb yığışdırmaq çətin. Tolstoyun "Hərb və sulh"ü kimi. Hərbdən yazılmış digər çoxlu kitablar kimi. Zənnimcə müharibələr lənətlənmiş olmalı. Bir şey ki, bəşəriyyətə, insanlığa faciələr, dəhşətlər yaşadır, bəşər övladının illərlə qurub yaratdığı gözəlliyi bircə anın içində yerlə yeksan edir, xarabazara çevirir onu necə qəbullanmaq olar ki? Hansı tərəfdən baxırsan bax, mən müharibələri ədalətsiz sayıram, lazımsız bilirəm. Nahaq qanlar tökülur, günahsız insanlar qətlə yetirilir, əsir götürülür, işgəncə, zülüm... Bir halda ki, sülh də var. Hər hansı bir münaqişəni sivil qaydada, danışıqlar masasında həll etmək mümkündü, nədən olmasın? Bəşəriyyətə müharibəsiz, rahat bir yaşam arzulayıram.


 

 

Müharibə zamanı yadınızda qalan ən təsirli hadisə nə idi? O hadisəni qısa da olsa bizlə bölüşə bilərsizmi?


 

- Əlbəttə. Ən ağrılısı əsirdəyişmədə iştirak edərkən qarşılaşdığım ağır mənzərə idi. Füzulinin Gövşatlı kəndinə yaxın neytral ərazidə Xocalıdan olan girovların dəyişdirilməsi səhnəsi son dərəcədə təsirli və ağrıdıcı idi. İşgəncələrdən taqətdən düşmüş, beli bükülmüş atasını oğlu kürəyində gətirirdi. O qədər əziyyət vermişdilər ki, Əli kişi artıq gəzə bilmirdi. Oğul atasını kürəyindən yerə qoyan kimi ağsaqqal bir kəlmə söz dedi; "Səsinizə qurban olum”… və bir neçə anlıq sükutdan sonra komandirə üzünü tutub dedi: "Ailə üzvlərimdən ikisini xilas etmisiz, ikisi də qalıb axı...” (kövrəlir)... Sonra öyrəndim ki, həmin igid oğulların sayəsində Əli kişinin ailə üzvlərinin hamısı əsirlikdən azad edilib.


 

- Daha sonra Sahib Qarayev vəfat edəndə də çox təsirlənmişdim. O, İmişlinin Bəhramtəpə qəsəbəsindən idi, iki bacının bir qardaşı olub. Atası o körpə olanda rəhmətə gedib. Rusiyada işləyirdi, Xocalı hadisəsindən sonra ordakı işini atıb Füzulidəki döyüşlərə qatılmışdı. Anası Qızbəs xanım da oğlunun ardınca gedib, çox dil töküb, yalvarıb ki, ay oğul, qayıt geri, səni atasız min bir əziyyətlə böyütmüşəm, mən istəmirəm nəvələrim də atasız böyüsünlər. (Bir oğlu, bir də qızı var idi Sahibin). Sahib də qapısında qıfıl olan evləri anasına göstərib demişdi ki, ana, bax, bu qıfılların hamısı açılmamış mən geri qayıdan deyiləm. Anası da çarəsiz, kor-peşman geri qayıtmışdı. 28 iyun əməliyyatında – Füzulinin Məngələnata yüksəkliyində Sahib yaralanır, yaralarından qan axa-axa döyüş ərazisindən qaçaraq çıxmaq məcburiyyətində qalır. Çoxlu qan itirir təbii ki. Əvvəl Füzuli rayon xəstəxanasına aparırlar, görürlər vəziyyəti ağırdı helikopterlə Bakıya Mərkəzi Təcili Tibbi Yardım xəstəxanasına gətirirlər. Bildiyim qədər onu xəstəxanaya gələn günü əməliyyat etmirlər. Həmin günü əməliyyatın keçiriləcəyindən xəbərim vardı. Ev telefonumdan tez-tez zəng edərək taborun növbətçisindən vəziyyəti öyrənməyə çalışırdım. Ürəyim həyəcandan az qala yerindən çıxacaqdı. Döyüşçülərdən biri zəng edərək dedi ki, Sahiblə birlikdə 6 yaralı əsgər var. Onları da Bakıya aparıblar, siz gedib onların vəziyyətlərini öyrənin, bizi xəbərdar edin. Xəstəxanaların yerlərini müəyyənləşdirdim. Ərzaq və mer-meyvə alıb getdim əsgərləri ziyarətə. Dörd xəstəxana gəzdim, yaralı döyüşçülərlə görüşdüm. Ən son "Semaşko” adı ilə tanınan xəstəxanaya gəldim. Axşam saat on biri keçmişdi. Sahib orda idi, artıq onu əməliyyat etmişdilər. Palatada 7-8 yaralı var idi, ən sonda Sahib uzanmışdı. Onlar çox idi mən tək, mən onu tanıya bilmədim, bir də gördüm məni çağırır; "Əntiqə xanım mən burdayam”. Cüssəli, hündürboy oğlan idi. Yataqdan qalxmaq istədi, amma bacarmadı. Məndən ona kömək etməyimi xahiş etdi, mən də nə qədər çalışdımsa, onu dikəltməyə gücüm yetmədi. Çarəsizcəsinə yenidən yerinə uzandı. Dedim:


- Sahib, sabah yenə gələcəm, sənə nə gətirim?

- Heç nə, sağlığınız yetər, dedi.

 

Səhər yemək filan da hazırlayıb Sahibin döyüş yoldaşı Azər Şəmiyevlə birgə gəldik ona dəyməyə, xeyli gözlədikdən sonra tibb bacısı yaxınlaşıb xəstənin qohumu olub olmadığımızı soruşdu. Əvvəl sualın mahiyyətini dərk etmədim elə bil. Sualını təkrarladı:

 

- Siz xəstənin nəyisiz?

 

Dedim ki, jurnalistəm müsahibə götürmüşdüm ondan və digər döyüşçülərdən… Kədərli-kədərli:

 

- Başınız sağ olsun, - dedi. Şok yaşadım bir anlıq. Əlim-ayağım boşaldı, yeməklər, torbalar hamısı yerlə bir oldu. Sanki həyat bir anlıq dayandı. Yolun sonunda hiss etdim özümü. Çox ağır bir hadisə idi… İndi də gözümün önündən getmir. (Səsi titrəyir, yenə kövrəlir).


 

 

Bəs, ailəsi ilə sonra əlaqə saxlaya bildiz?


 

 

- Mən o zaman "Ana” müstəqil qadın qəzetinin təsisçisi, baş redaktoru idim. Redaksiyamız "Azərbaycan” nəşriyyatının 6-cı mərtəbəsində yerləşirdi. Sahib vəfat etdikdən sonra anası Qızbəs xanım gəldi redaksiyaya… Qədd-qamətli, qartal baxışlı qadın idi. "Oğlumu ən son görən sən olmusan, son sözü nə olub, de mənə nə olar” - deyib nalə çəkirdi. Sonra bir neçə dəfə evimə də gəldi. Onunla hər görüşüm elə bil zindan əzabı idi. Mən o dik yerişli, məğrur duruşlu qadının əzabdan, oğul həsrətindən necə yumağa döndüyünün canlı şahidi oldum. Çox ağır mənzərə idi. (İç çəkir) Ehh, Sahib kimi o qədər oğullarımız getdi ki… Çox olub belə hadisələr. Həmin şəhidlərin surətləri gözlərim önündən, ağrıları isə qəlbimdən getmir bu günədək.



 

O qaynar nöqtələrdə neçə il olduz?


 

 

- 1989-cu ildən 1995-ci ilə qədər. Sonra ailə həyatı qurdum. Uşaqların qayğısına qalmalı oldum.


 

 

Bilirik ki, 1992-1994 cü ilərdə erməni işğalçılarınının təcavüzünün qarşısını almaq üçün qadınlarımız da orduya cəlb olunur, hərbi əməliyyatlarda iştirak edirdi. Onlardan bir qismi snayperçi, tankçı, əsgər, bir qismi də tibb bacısı, ilk yardım və döyüşdə yaralı insanları evakuasiya etmək kimi köməkçi rollarda xidmət edirdilər. Bəs müharibədə iştirak etmiş qadınlarla əlaqəniz var idimi? Yaxud onlardan müsahibə götürmə imkanınız oldumu?


 

- Cəbhə bölgəsində gördüyüm ilk qadın döyüşçü Eyzəngül Kazımova idi. 1991-1992- ci illər olardı. Qubadlının Səngər dağının döşündə yerləşən Əyin kəndində rastlaşdığım balaca boylu, çəlimsiz, qarayanız, səmimi üz ifadəsi olan bu qız mənə bir dəstə çəmən çiçəyi ilə yaxınlaşdı. Düzü komandir və döyüşçülər Həcər hünərli bu qız haqqında mənə öncədən azacıq məlumat vermişdilər. Cəsurluqda, döyüşkənlikdə oğlanlardan heç geri qalmaz deyirdilər. Tanıdıqdan sonra həqiqətən də vətənpərvərliyinə heyran qaldım. Onunla Əyinin ermənilərə bitişik sərhədində gəzərək xeyli söhbət etdik. Dedikləri kimi çox cəsur və qorxmaz biri idi.


 

- Tibb bacısı Rəhilə Orucovanı isə Ağdərə ətrafı döyüş bölgəsində görmüşdüm. Bakıdakı Təcili Tibbi Yardım Xəstəxanasında tibb bacısı işləyirdi. Könüllü olaraq orduya yazılmışdı. Yorğunluğu yerişindən hiss olunurdu, amma biruzə verməməyə çalışırdı. Marquşevan kəndini erməni quldurlarından təmizləmə əmri verilmişdi. Rəhilə 70-dən çox yaralı əsgəri döyüş meydanından təhlükəsiz zonaya çıxararaq onlara ilkin tibbi yardım göstərmişdi. Növbəti dəfə yaralı döyüşçüyə yardıma gedəndə gülləyə tuş gəlmişdi. Deyirdilər ki, Rəhilə həm də əlinə silah alaraq vuruşurdu. Nişanlısı da eyni taborda döyüşürdü. Hər ikisi şəhid oldular. Nur içində yatsınlar.


 

- Gülbar Heydərovanın qəhrəmanlığı isə dastanlara sığmazdı. Füzulidəki taborun rabitə xidmətinin rəisi idi. Ailədə üç qardaşın yeganə bacısı idi və qardaşlarından heç də geri qalmazmış. Eyni onlar kimi ovçuluğu, atıcılığı sərrast idi. Atası və qardaşları nə qədər çalışsalar da onu orduya yazılmaqdan çəkindirə bilməmişdilər. Qardaşı Kərim də onunla bərabər eyni taborda döyüşüb. Onun verdiyi dəqiq koordinatlar sayəsində neçə-neçə düşmən mövqeyi darmadağın edilmişdi. Yeri gələndə döyüşürdü də. Tabordakı bütün döyüşçülər onu "bacı” deyə çağırırdılar. O qədər səmimi və qeyrətli qız idi ki... Füzulinin işğal olunacağını təsəvvürünə belə gətirmirdi. Son hadisələr onu da çox sarsıtmışdı. Bir dəfə mənə dedi ki, Füzuli düşmən tərəfindən işğal olunarsa özümü atamın məzarının üstündə güllələyəcəm. Atamı burda yalnız qoya bilmərəm. Amma tale elə gətirir ki, hospitala yaralı apararkən onların olduğu tibbi yardım maşını top atəşinə tutulur və Gülbar da maşındakı yaralılarla bərabər şəhidlik zirvəsinə yüksəlir. Nur içində yatsın.



 

Amin. Bəs, yalnız əsgərlərdən müsahibə götürürdüz?


 

- Əsgərlərdən, komandirlərdən, könüllülərdən, hətta yeri gələndə döyüş bölgəsinə gələn rəsmilərdən də müsahibə götürürdüm. Həm müsahibə edirdik, həm də apardığımız müxtəlif yardımları onlara paylayırdıq. Orda baş verənləri yazırdıq, proses necə gedir, əhval-ruhiyyə necədi, hər birinə maddi-mənəvi dəstək olmağa çalışırdıq "biz sizin arxanızdayıq”, "baxın məktəblilərimiz də sizə məktub yazıb, pay göndərib”, "özünüzü tək hiss etməyin”, "bütün xalq yanınızdadı” kimi bu tip mesajlarla əhvallarını yüksək tutmağa çalışırdıq. Ailə vəziyyətlərini soruşur, problemlərini dinləyirdik. Şəhərə qayıdan kimi döyüşçülərin saysız-hesabsız problemləri ilə bağlı məmur qapılarıını döyür, onları bu problemlərin həllinə təşviq edirdik. Hətta torpaq sahəsi verdirir, ev tikmələrinə yardımçı olurduq. O zamanlar jurnalistlər böyük nüfuz sahibi idilər. Biz də bu üstünlüyümüzdən hərbçilərin xeyrinə istifadə etməyə çalışırdıq.



 

Bildiyimə görə o ağır zamanlarda hər ehtimal üstünüzdə zəhər gəzdirirdiz.


 

 

- Doğrudur. Anam 20 Yanvar hadisələrindən sonra mənim cəbhəyə getməyimi istəmirdi, ondan gizli gedirdim döyüş bölgələrinə. Kəlbəcərdə erməni ilə sərhəddə Dikyurd, Sarıyer tərəflərdə əsgərlərdən müsahibə alıram. İyul ayı olsa da hava çox soyuq idi, duman hər yeri bürüyüb, göz-gözü görmür. İki saatdan bir post dəyişdirilir. Əsgərlərin soyuqdan dilləri söz tutmur, buna baxmayaraq: "Anamızı, bacımızı, ailəmizi, ana vətənimizi qoruyuruq”, - deyirlər. Əlqərəz, çox çətinliklə müsahibə aldım. Hətta orda çobanlarla qarşılaşdıq. Onlar gördükləri ilk jurnalistin (yəni mənim) şərəfimə qurban kəsmək istədiklərini bildirdilər. Təbii ki, buna razı olmayıb, onları da incitmədən "sonraya qalsın” deyərək boyun qaçırdım. Mən ordan qayıtdıqdan sonra "Qarabağ” qəzetinin müxbirləri də həmin yerlərdən, həmin döyüşçülərdən reportaj hazırlayır. Təsadüfən elə həmin əsgərlərdən də müsahibə götürürlər. Mənim müsahibim olan o döyüşçülər "bura indiyə qədər jurnalistlərdən heç kimin ayağı dəyməyib bircə Əntiqə xanımdan savayı. Əntiqə Qonağa bizdən salam aparın”, - deyirlər. Həmkarlarım da Az.TV-də "Günün ekranı” xəbərlər proqramında həmin əsgərlərin salamını teleekrandan bəyan edirlər. Təbii ki, bunu valideynlərim də TV-dən görür. Ertəsi gün anam başıalovlu rayondan yanıma gəlir. Deyir; "Əntiqə, sən neynirsən? Bir də savaş bölgəsinə getməyini sənə qadağan edirəm, birdən əsir düşsən, necə olacaq? Bizi heçmi düşünmürsən?” Həyatımda ilk dəfə anama qarşı gəldim. Dedim: "Ana, öldür məni, mən öz işimdən dönmərəm, neyləsən də gedəcəm! Mən jurnalistəm, ordakı əsgərlər necə, mən də elə…” Mənə bata bilmədiyini görüb dedi ki, gedəcəksənsə, bu zəhəri də üstündə gəzdirəcəksən. Nəbadə əsir düşəsən, əsir düşsən bunu içərsən. Onsuz da səni öldürəcəklər, ölümdən betər işgəncə verəcəklər. Bunu özünlə gəzdir”. O gündən sonra o zəhəri üstümdə gəzdirirdim.


 

 

Müharibəni görmüş bir qadın kimi sərt qaydalar, dözülməz şərait, insan ölümləri, itkilər və s. xarakterinizə təsir edib? Yoxsa, heç nəyə baxmadan xarakterinizi, qadın nəcabətinizi, duyğusallığınızı qoruya bilmisiz?


 

 

- Elə eyni duyğusallıqdayam, heç nə dəyişməyib. Bu gün də uşaq kimiyəm. Bir təsirli filmə baxım, o dəqiqə gözlərim dolacaq. Həm də müdriklik yaşına gəldikcə daha da səbrli, mülayim, həssas və anlayışlı oluram. İnsanlığa sevgim heç tükənməz. Zorakılığa, vəhşiliyə, ədalətsizliyə və qəddarlığa qarşı barışmazam. Hərbçilərə bəslədiyim sərhədsiz sevgim, hörmətim də günü-gündən artır. Bu da məni daxilən məmnun edir.


 

Həyatda səhv addımlarınız olub?


 

 

- Olub. O qədər (gülür). Amma bu yanlışlar yalnız özümə ziyan edib. Heç kəsə qarşı bilərəkdən səhv hərəkətim, yanlış yanaşmam olmayıb. Buraxdığım böyüklü-kiçikli səhvlər ən çox özümə ziyan vurub, zərər verib. Bir də doğulsam, ən azından səhvlərimi düzəltmək imkanım olardı, özümü daha da təkmilləşdirərdim. (Təbii ki, bu mümkünsüzdü). Bir də axı, hər bir fərd doğruları və yanlışları ilə bütövdü.



 

Xaçmazda böyümüsüz. Necə keçib uşaqlığınız?


 

- Bəli, Xaçmaz rayonunun səfalı kəndlərindən biri olan Maqsud kənddə doğulmuşam. Meşələrin qoynunda yerləşən bir kənddi və elə demək olar ki, kəndimizin ətrafındakı həmin o meşələrdə böyümüşük. Uşaqlığımız meşələri gəzməklə, bulaqlardan səhənglə su daşımaqla, qucaq-qucaq meşə çicəklərini toplamaqla, göbələk, quzuqarnı, ilan çubuğu, pel, qıjı, cincilim, quşəppəyi və s. toplamaqla, otlaqlarda qoyun-quzu otarmaqla keçib. Gah ot yığardıq, gah anamıza, nənəmizə xalça-palaz yuyaraq yardım edərdik...eh, o qədər macəralı uşaqlığım olub ki... Meyvə ağaclarının təpəsini budaq-budaq gəzirdim. Ən hündür yerində qərar tuturdum. Ən çox da məni çöl işlərinə göndərirdilər. Evin son beşiyi idim, ev işlərini anamla böyük bacılarım görürdülər, məni isə kiçik qardaşımla çöl işlərinə yollayırdılar. Ən çox oğlanların gördüyü işləri tapşırırdılar mənə. Elə indi də çöl işlərini sevirəm, ev işlərinə o qədər həvəsim yoxdur. Ev islərini könülsüz görürəm, bir məsuliyyət, vəzifə borcu olaraq. Amma onu da deyim ki, dərslərimi bitirməmiş iş görməzdim. Bu mümkünsüz bir şeydi. Əvvəl dərs, sonra iş. Kəndimizin məktəbi 8 illik olduğundan doqquz və onuncu siniflərə qonşu Ləcət kəndinə gedirdik. Gündə 5 km yolu piyada gedib evə dönürdük. Çox uzun danışdım. Uşaqlıq xatirələrimi qələmə alsam qalın bir kitab çıxar.


 

 

Bildiyimə görə gənc vaxtlarınızda at da çapırdız.


 

- Bütün ev heyvanları varımız idi. Mən isə ən çox atı sevirdim. Ata minib çapmağı xoşlayırdım. Bir iki dəfə atdan yıxılsam da, bu gözəl və güclü heyvana olan sevgim hər şeyə üstün gəlirdi.


 

Ümumiyyətlə, atlar qadınları daha çox sevir. Dünya praktikasında da bu belədir, ata qulluq edən mehtərlər qızlar və qadınlar olub. Səbəbi isə qadınların daha incə, daha rəhmli və mərhəmətli olmasıdır. Bütün dünyada atçılıq idman növlərində qadınlar kişilərdən geridə qalmır. Siz də öz həyatınızda bunu bir daha sübut etmiş olduz.


- Çox doğru vurğuladınız, elədir. Onu da deyim ki, mən idmana və musiqiyə çox həvəsliyəm. İnanın şəhərdə doğulsaydım hansısa bir idman növündə, həmçinin musiqi alətində peşəkar ola bilərdim. Amma olmadı. İndi bu sevgimi idman yarışlarına baxmaqla və musiqi dinləməklə balanslaşdırmağa çalışıram.


 

 

44 günlük Vətən müharibəsində Qələbə xəbərini alanda hamımız bir vətəndaş kimi aşağı-yuxarı eyni hissləri yaşadıq, bəs məhz müharibə veteranı kimi qələbə xəbərini eşitmək necə duyğu idi?


 

 

- Bu o qədər gözəl, o qədər möhtəşəm, əsrarəngiz və dərin bir hiss idi ki, bunu sözlə, qələmlə izah etmək imkansız idi. Göylərdə qanadlanıb uçurdum, azad olmuş torpaqlarımızı səmadan seyr edirdim sanki. Pespublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev televiziyadan düşməndən azad edilmiş rayon və kəndlərimizin adlarını çəkdikcə getdiyim kəndlərin adlarını intizarla gözləyirdim. Çünki mənim olduğum kəndlərin əksəriyyəti düşmən sərhədinə yaxın idi. Əgər onlar azad olunubsa, demək torpağımız düşməndən tam təmizlənib. Çox şükürlər olsun ki, vahid komandanlıq altında mübariz ordumuz ərazilərimizi düşmən tapdağından xilas edərək Böyük Zəfərə imza atdı.


 

 

Qələbəmizə inanırdınızmı?


 

 

- Hələ birinci Qarabağ savaşı başlayandan mən qələmimlə döyüşən jurnalistlərdən olmuşam. Yadımdadı, bir yazımda belə bir cümlə qurmuşdum: "Biz artıq divarlara təbaşirlə, kömürlə "Qarabağ bizimdir!" yazan xalq deyilik". Qarabağı qorumaq üçün canımızdan belə keçməyə hazır olan mübariz insanlarıq". Cəbhə bölgələrindən yazdığım bütün yazılarımı da nikbin ruhla bitirirdim. "Biz bu torpaqları verməyəcəyik” deyirdim. Cəbhədə gördüklərim, yaşadığım bütün təəssüratlar əvvəl qəzet və jurnal yazılarına, sonra da "Vətən səndən keçmək olmaz" adlı böyük formatlı, 800 səhifəlik bir kitaba dönüşdü. Və mən nikbin ruhla bitirdiyim yüzlərlə məqaləmə görə çoxlu iradlar da eşidirdim. "Nə oldu, Qarabağ bizimdir, bizim olacaq” deyirdin,- kimi filan. Onlara cavabım həmişə pozitiv olurdu. Qəlbimin dərinliklərində qəribə bir rahatlıq və bir inam gizli qalırdı sanki. Məni qələbəmizə inandıran, bu ülvi hissə tapındıran. Çünki, mən igid oğullarımızın o əzmini, mübarizliyini, vətənsevərliyini, cəsarətini həmin illər çox görmüşdüm, onların elə qəhrəmanlıqlarının, cəsurluqlarının şahidi olmuşdum ki... İnanırdım ki, bu ruh, bu bitib-tükənməz Vətən sevdası əvvəl-axır qələbəmizə gətirib çıxaracaq. Və əminliklə deyirdim ki, mən düşmən üzərində zəfərimizi görməyincə ölmərəm. Sanki Tanrıdan möhlət istəyirdim. Çox şükür olsun Allaha ki, mənim bu inamımı doğrultdu, ümidlərim yaşıllandı, çiçək açdı, gerçək oldu.


 

 

Qələbədən sonra Qarabağa getdinizmi? Getmisizsə hansı duyğuları yaşamısız?


 

 

- Yox, çox maraqlıdır ki, işğaldan azad olunandan sonra Qarabağa getməmişəm, öz xəttimlə gedə bilərdim, lakin getmək istəmədim. Çox istərdim ki, mən də rəsmi dövlət səviyyəsində oraya gedim. Müəyyən mətbuat tədbirləri olur, mətbuat günləri keçirilir və bizim də mətbuat sahəsində bir uğurlu keçmişimiz var, dövlətçilikdə gəldiyimiz şərəfli bir yol var, arxaya baxarkən utanmayacağımız bir yol, cizgi var. Məhz onları nəzərdə tutub mətbuatla bağlı forumlara və yaxud da dövlət səviyyəli tədbirlərə düşünürəm ki, biz dəvət olunmalıydıq. Yəni mən bu cür dəvətlə, dövlət xətti ilə getmək istərdim, öz xəttimlə həmişə getmək olar. Müharibə vaxtı həmişə deyərdilər ki; "Çətin günündə cəfasını görənlər, yaxşı günün də səfasını görməlidi”… Lakin çox heyf ki, o torpaqların cəfasını görməyənlər bu gün səfasını görməkdədi. Amma o cəfalı vaxtında, ağır günlərində o torpağın üstündə addımlayaraq erməniyə göstərmək ki, biz burda addımlayırıq və deməli bu torpaq bizimdi, biz mübarizəmizdən geri qalmamışıq, orda olan əsgərlərə deyirik biz sizin yanınızdayıq, bütün arxa cəbhə sizinlə bir yerdədi mesajını verdiyimiz anda indi orda şənlənənlərin bəlkə də yarıdan çoxu heç Qarabağ barədə təsəvvürü olmayanlardı. Getsinlər şənlənsinlər, fotosessiyalar etsinlər. Ona görə də, mən o duyğuları yaşamamışam. Həmişə ürəyimdən bir arzu keçirdi ki, "kaş, zəfər xəbərini verən ilk jurnalist mən olardım", Böyük Zəfər çalındı. Amma mən zəfər yazısını yaza bilmədim. Bu çox çətin, çox ağır bir duyğudur. Lakin buna baxmayaraq ərsəyə gətirdiyim üç cildliyimlə öz zəfər sevincimi, zəfər təəssüratlarımı göstərmək istədim. İçimdə yaşadığım hisslərimin bir təzahürü kimi o üç cildliyi ortaya qoydum və davamı gəlməkdədi.


 

 

Sözü açılmışkən zəfərimizə həsr olunmuş "44 günlük savaşın 444 cəngavəri” adlı üçcildliyinizdən danışaq. Necə ərsəyə gəldi o kitablar?


 

 

- Deməli, hardasa 2021-ci ilin yayı idi, zəfərimizdən 8 ay keçmişdi, bir xeyriyyəçi insan var idi. İyunun 1-i Beynəlxalq Uşaq gününə gənclərə yardım etmək istəyirdi, mən də təklif etdim ki, Xaçmazda yardıma ehtiyacı olan qazilər çoxdu, bəlkə ora gedək. O da razı oldu. Beləcə 25-30 nəfər qaziyə az məbləğdə olsa da maddi yardım oldu, sonra yemək süfrəsində onlarla söhbət edərkən gördüm ki, müəyyən narazılıqlar var; "Biz can qoyduq, vuruşduq adımız heç yerdə hallanmır, düzdü, nəyinsə xatirinə vuruşmadıq, amma yenə də vuruşanla vuruşmayan seçilməlidi və s…” bu kimi söhbətlər oldu. Mən də dedim ki, ürəyinizi sıxmayın, mən sizdən yazı yazaram. Sonra ordakı qazilərin nömrəsini götürüb əlaqə saxladım və bir qrup yaradıb bütün qaziləri ora cəlb etdim. Və kitabı böyük bir povest, roman kimi yazmadım, çünki bu tip əsərlər bir adama, bir ailəyə həsr olunur və insanın zamanını da aparır, həm də bunun üçün istedadın başqa yönü də lazımdı. Ona görə mən bu kitabı biblioqrafik tərzdə yazmağa qərar verdim. Yəni qazilərin həm həyat və döyüş yollarını işıqlandırmaq istədim, həm də anadan olduğu yer, harda oxuyub, arzusu nə olub, döyüşə könüllü yoxsa səfərbərliklə gedib, harda döyüşüb, döyüşübsə harda yaralanıb, necə yaralanıb, yanında şəhid olan döyüşçülərimiz olubmu? Təltifləri və hazırkı vəziyyətləri necədir? və s. bu kimi suallar ünvanladım və başladım kitabı yazmağa. Yaza-yaza hər biri ilə əlaqə saxladım, görüşdüm, Xaçmazda olanlarla orda, hospitalda yatanlarla Bakıda görüşdüm.


 

 

Bəs, siyahını hardan vermişdilər sizə?


 

 

- Siyahını Müdafiə Nazirliyi və Yaşat fondu vermişdi və məlum oldu ki, 44 günlük savaşda Xaçmazdan iki min iki yüzə qədər iştirakçı olub. Onların içində daimi hərbçilər də olub, səfərbərliklə gedənlər də, könüllü gedənlər, əsgər yaşında olanlar (3, 6, 9 aylıq, bir il 3 aylıq, il yarımlıq xidmətdə olanlar) da var… Həm də döyüşçülərin özləri çox köməyim oldular. Mən onlardan müsahibə götürərkən silahdaşlarının da adlarını söyləyir və onların əlaqə nömrələrini verirdilər. Beləcə 550 nəfərlik bir siyahı alındı və mən onların hamısı haqqında məlumatlıydım.



 

Niyə məhz "44 günlük savaşın 444 cəngavəri”?


 

- Əslində mən bilmirdim bu kitabın adı nə olacaq, olur ki, bəzən ad qoyursan o adın ardınca kitabı, yaxud yazını yazırsan, bəzən də kitabı yazırsan o yazının içindən ad çıxır. Bu iki halda da mümkün və məqbuldur. Mən də kitabı yazmağa başlayanda 50 nəfər, 100 nəfər, 150 nəfər, 200 nəfəri ötdü, beləcə durmadan artırdı say. Sonra gördüm siyahı uzanır, sayı çox çıxır və artıq bir kitaba yerləşmir. Birdən ağlıma rəqəmlərin mistik düzülüşü gəldi. Kitabın adını "44 günlük savaşın 144 cəngavəri” qoymaq istədim. Lakin say getdikcə artdı, çoxaldıqca çoxaldı. Kitabım iki cild oldu, iki cilddə 350 nəfər var idi və 2023-cü ilin sentyabrında iki cild nəşr olundu. Dedim üçüncü cildi də etməliyəm ki, say 444 olsun, beləcə üçüncü cildi də ərsəyə gətirdim. Dörd aydan sonra 2024- cü ilin fevralında kitabın üçüncü cildi də işıq üzü gördü. Və sonda qəribə bir təsadüf oldu, prezidentin 4 dəqiqə 44 saniyəlik zəfərlə bağlı çıxışını gördüm sosial şəbəkədə, onu da kitaba əlavə edib nəşr etdirdim, nəticədə gözəl bir iş alındı. 1-ci Qarabağ savaşında özüm də əsgərlərlə birgə savaşın ortasında idim. 2-ci Qarabağ savaşında isə onların təəssüratlarını öyrənib yazdım. Sanki özüm də onlarla birgə gecə-gündüz keşik çəkdim, daş üstündə, yaş torpaqda, səngərlərdə yatdım, Şuşa dağlarını dırmandım, onların yaşadıqları bütün ağrı-acıları, əzab-əziyyətləri daxilən hiss etdim. Elə ona görə də kitablara "44 günlük savaşın 444 cəngavəri” adını qoymaq qərarına gəldim. (444-dən sonrakıları isə saxladım 4-cü kitaba. İndi onun üzərində çalışıram.) Bunun adını qoydum "44 günlük savaşın 444 cəngavəri". Məncə kitabın adı uğurlu və maraqlı alındı. Bu üç kitabda 444 nəfər canlı müharibə iştirakçısının qısaca həyatı və döyüş yolu işıqlandırılıb.



 

 

 

Bəs kitabda adı gedən yaralıların sonradan şəhid olanı oldumu?


 

- Əfsus ki, oldu. Bu kitablar da şəhidsiz ötüşmədi. Deməli dörd şəhidimiz oldu. Nabran kəndində yaşayan bir ailədən iki-üç nəfər hərbçi vardı. Qardaşları şəhid olmuşdu. Dedilər ki, bizim qardaşımız şəhid olub onun adı getməsə, biz kitaba müsahibə verməyəcəyik. Şəhid qardaşlarından bəhs etdilər. Yazıya saldım. Sonra Ayaz adlı oğlan vardı. Üç uşaq atası idi. Müharibədə aldığı yaralardan əziyyət çəkirdi. Əzablara çox dözə bilmədi övladlarını vətənə əmanət edib şəhid oldu. Səsi indi də telefonumda qalır. Kitabın çıxmasına çox səbrsizlənirdi. Daha bir igid Elçin adlı leytenantımız da vardı. O da sentyabr ayında baş verən antiterrorda şəhid oldu. Səbirsizliklə kitabın nəşr olunmağını gözləyirdi. Tez-tez kitabın hazır olub olmadığını soruşur, gedişatla maraqlanırdı. Subay idi. Səs yazıları indiyədək telefonumdadı. Kitab sentyabrın 15-i işıq üzü gördü. Elçin isə ayın 19- da antiterrorda şəhid oldu. Kitabı görmək ona qismət olmadı. Sosial şəbəkədən öyrəndim vəfat xəbərini. İnanmaq istəmədim. Doğulduğu kəndin bələdiyyəsi bu xəbəri təsdiqləyəndə isə çox sarsıldım, günlərlə özümə gələ bilmədim. Kitabı qardaşına əmanət etdim. Allah hər birinə rəhmət eləsin, nur içində yatsınlar.



 

 

Əntiqə xanım, "kişilik məktəbi” sayılan əsgərlik dövrü oğlanlarımızın sağlam şəkildə yetişməsində, möhkəmlənməsində, hətta mən deyərdim insanlarla münasibətinin formalaşmasında vacib və önəmli rol oynayır. Çünki hərbi xidmətdə əsgərlərə fiziki və mənəvi hazırlıq, vətənpərvərlik, hərbi xidmətin tələbləri, əsgərin vəzifə borcları, nəzəri biliklərlə yanaşı subordinasiya və davranış qaydaları da öyrədilir. Bəs sizcə, qızlarımız üçün bu məktəb hara olmalıdır? Ana qucağımı? Ər evimi? Məktəbmi? Həddi-buluğa çatan qızlarımızın həyat məktəbində bir çox sınaqların öhdəsindən gələ bilmələri üçün hansı işlər görülməlidir?


 

 

- Düz deyirsiz oğlanlar bu sahədə müəyyən bilik və təcrübəni əsgərlikdə qazanır. Qızlar üçün də ümümi davranış qaydaları, ədəb, əxlaq, nitq mədəniyyəti, münasibətdə yanaşma forması və s. haqqında bir məktəbin olması zəruridir. Məlum məsələdir ki, valideyn özünü o qədər yetişdirə bilməz, yəni ana qucağı burda xeyirdən çox ziyan vura bilər. Müəllim də təyinatı üzrə müəyyən fənn sahəsində uşaqlarla işləyir. Düşünürəm ki, bu sahə üzrə peşəkarlar, xüsusi ekspertlər, mütəxəssislər orta məktəblərə cəlb olunsa və heç olmasa həftədə bir saat əlavə oxu kimi, yaxud dərs proqramına salınaraq tədris olunsa çox yaxşı olar. Gəncliyimizin qayğısına bu gündən qalmaq lazımdı. Onları diqqətdən kənar saxlamaq xoşagəlməz nəticələrə gətirib çıxara bilər.


 

Bu maraqlı söhbət üçün sizə təşəkkür edirəm Əntiqə xanım. Düşünürəm ki, müzakirə etmədiyimiz bir çox mövzular qalıb. Bu da bizim bir daha üz-üzə gələcəyimiz anlamına gəlir.


 

- Mən təşəkkür edirəm. Əlbəttə, doğru fikirləşirsiz. Nədən olmasın ki...


 

 

O zaman növbəti söhbətləşməyə qədər sizlə sağollaşırıq. Sonda oxucularımıza, xüsusən qadınlarımıza nə demək istərdiz?


 

- Tanrının insan yaradılışında özünə tərəfdar seçdiyi, bərabər gördüyü yeganə varlıqdı Qadın... Allah insanı məhz qadının vasitəsilə yaradır. Bu qadına verilən ən böyük tituldu. Çünki yaradan ilə bərabər bu məsuliyyəti qadın da çəkir. Odur ki; Qadınlara arzum maariflənsinlər, çox oxusunlar heç kəsə ehtiyac duymadan, heç kəsə söykənmədən yalnız öz gücünə, öz elminə, biliyinə, təcrübəsinə, dünya görüşünə güvənərək ayaqda dursunlar. Bir qadın kimi heç kimin kölgəsinə sığınmasınlar, öz intellekti, bacarıq və istedadları ilə bəşəriyyətə meydan oxusunlar. Həyatlarının mənasını orta məktəbi ala-yarımçıq bitirib münasib ortabab birini tapıb ərə getməkdə, uşaq dünyaya gətirməkdə görməsinlər. Ailə qurmağın, övlad yetişdirməyin formulunu, düsturunu bilməyən bir ana cəmiyyət üçün necə xeyirli bir insan yetişdirə bilər ki? Qadın cəmiyyətin aparıcı qüvvəsidir. O hansı mərtəbədə, hansı ucalıqda olduğunun fərqinə varmalı və yüksəkdə durmaqla bərabər öz yerini, dəyərini bilməlidir. Həmçinin bununla yanaşı öz incəliyini, nəcabətini, zərifliyini, oturuşunu, duruşunu, danışığını itirməməli və unutmamalıdı. Bütün qadınlarımıza bax, bu ədəb-ərkanı və müdrikliyi arzulayıram.

 

Sizin Qadinkimi saytı da media məkanında öz dəst-xətti ilə seçilən maarifləndirmə vasitələrindən biridir. Bu məsuliyyətli, çətin və şərəfli işdə hər birinizə bol yaradıcılıq uğurları arzulayıram.


 

 

Təşəkkür edirik, minnətdarıq. Biz də sizə yeni kitabınızın tezliklə işıq üzü görməsini, bütün arzu və diləklərinizin gerçəkləşməsini diləyirik...

 


Söhbətləşdi: Günel Dəniz

Eksklüziv olaraq Qadinkimi.com üçün