BİLİM / DİN
Sevginin ölümü - Kəmalə Abiyeva yazır Tarix : 08 İyul 2018, 16:11

Uşaqların Beynəlxalq müdafiə Gününə

Qoruyaq körpələri,

Körpələrin gözləri heç vaxt yaşla dolmasın.

Dünya körpə gözündə göz yaşına dönməsin.

Qoruyaq körpələrin məhəbbət baxışını,

Müqəddəs gülüşünü,

Ürəklərində heç vaxt sevinc odu sönməsin.

Bu şeri çoxdan yazmışam. Gənc idim. Ziyalı, aylıq maaşa baxan bir ailədə böyüyürdüm. Elə ciddi problemim olmurdu. Əslində sovet dövrünün uşağıyam və nə qədər tənqid etsələr də, indi də o illərimi həsrətlə xatırlayıram – xoşbəxt idim. Amma müharibə mövzusunda olan filmlərdə gördüyüm, kitablarda oxuduğum uşaq ölümləri, onların ac - yalavac, səfil həyatları ağlıma, ürəyimə təsir edib həmişə. Sovet dövründə müharibə mövzusunda çox güclü filmlər çəkilirdi. Müharibənin dəhşətləri adamın iliyinə işləyirdi. Böyüdükcə "Dövlətlər niyə müharibə edir?” sualı beynimə yapışıb qalırdı. İnsan həyat uğruna, xoşbəxtlik uğruna savaşmalı, yaşamalıdır. Xoşbəxt günləri qeyd etməliyik. Təntənə ilə qeyd etməliyik; Uşaqların Beynəlxalq Müdafiə günü kimi. Bu günü qadınlar tarixləşdirib. Qadınların – anaların dünyaya "müharibələrə yox” mesajıdır. Birinci  Dünya savaşından dəhşətə gələn ingilis social reformçusu Eglantye Jebb (1876 – 1928) kimi. Müharibənin gətirdiyi acıları anlayan xanım səfalətə düçar olan, aclıq çəkən Avstriya və alman uşaqlarına yardım etmək üçün 1919 – cu ildə "Uşaqları xilas edin” (Save the Children) fondu yaradır. 1959 – cu ildə BMT tərəfindən müəyyən redəktə, dəyişikliklərlə qəbul olunan, 1989 – cu ildə isə Uşaq Hüquqları Konvensiyasının təkanvericilərindən olan ilk Uşaq Hüquqları Bəyannaməsinin ilkin variantını da hələ 1925 – ci ildə E. Jebb hazırlayıb. 1 iyun 1950 – ci ildə "Qadınların Beynəlxalq Konfransı”nda isə təkliflər səslənib və BMT-nin Baş Assambleyası tərəfindən 1 iyunun Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunması qərara alınıb. Beynəlxalq gündür, bütün dövlətlər qeyd edir. Biz də qeyd edirik. Bizim də ölkəmizdə prezidentin 22 dekabr 2008 – ci il tarixli sərəncamı ilə 2009 – cu il Uşaq ili elan edilmişdi.  Hər il müxtəlif maraqlı tədbirlər hazırlanır, uşaqlara "sənin bayramındır” deyirik - nə gözəl. Simvolik olaraq yox - əsl bayram kimi qeyd etsəydik sevinərdim. Sevinclidir, amma bu sevinc ağrılı, ağlayan sevincdi. Çünki uşaqları - dünyamızı müdafiə etməyə - qorumağa məcburuq, ehtiyacdı artıq. Yada salmalıyıq uşaqları - yadımıza salmalıyıq. "NİYƏ”si narahat edir. Yəqin ki, bu "niyə” savaşlara qarşı "Durun! Dayanın!” harayıdı.   

 İnsanlar bir-birindən qorunmaq  üçün evlər, məhlələr, kəndlər, şəhərlər, dövlətlər - sərhədlər yaratdılar. İnsanların ağlı, savadı, dünyagörüşü artdıqca sərhədlər də artıb, möhkəmlənib, daha güclü qorunub. Atom fizikası, radioaktivlik, nüvə reaksiyaları - filan  keçirəm uşaqlara. Hələ 2500 il əvvəl Demokrit cisimlərin kiçik zərrəciklərdən - atomlardan təşkil olunduğunu deyib. Atomun quruluşu 25 əsrə yaxın öyrənilib, hələ də öyrənilir. Bapbalaca atom bəşəriyyəti  həmişə  təəccübləndirir. Bəlkə Bekkerel təsadüfən radioaktivliyi - nüvələrin özbaşına şüalanmasını müşahidə etməsəydi, Pyer və Mariya Kürilər, ya başqa alimlər bu hadisəni tədqiq etməsəydi, Rezerford da atomun quruluşunu verə bilməzdi. Nüvə reaksiyaları da öyrənilməzdi, nüvə silahları da yaranmazdı… Yəqin Demokrit, Bekkerel, Rezerford kimi nəhənglərin ağlına gəlməyib ki, insanlar atomu öyrənə - öyrənə, bir-birini məhv etməkçün bir gün kütləvi qırğın silahları düzəldəcəklər. Təbii ki, atomu əvvəl-axır kimsə kəşf edəcəkdi.  Və bir gün sevginin yavaş-yavaş öləcəyi gümanlıqdan çıxacaqdı. Uşaqları qorumaq kimi böyük bir ehtiyacımız varsa – insanlığı qorumağa ehtiyacımız var, deməli, sevgi ölür.  Tarix boyu fasiləsiz çəkişmələrin, müharibələrin baş verməsi ağıla sığmır.  Hamı həyata bir dəfə gəldiyini, necə yaşasa da öləcəyini bilir, özü də dəqiq bilir, güman yeri olmadan bilir.  Nəinki ayrı-ayrı insanların, dövlətlərin də "mən”əmlik iddiasını başa düşmək olmur. Niyə döyüşürlər, niyə müxtəlif bəhanələrlə həyatı cəhənnəmə döndərirlər? Sonra da "cənnət o biri dünyadadı” deyirlər.  Özünü demokratik dövlət kimi tanıdan, çoxumuzun da belə hesab etdiyi ABŞ niyə silahlanmaya sərf olunan pullara görə birincilərdəndi? Dünyada səfil, ac-yalavac, evsiz-eşiksiz  bu qədər insan varsa, nəhəng, demokratik dövlətlər niyə silaha bu qədər pul xərcləyir? Öz nəhəngliyini  qorumaq üçünmü? Əgər insanlar silah düzəldirsə, deməli, sevgi ölür.  Müharibə sevginin məğlubiyyətidir!

Övladlarımızı sevirik, kimsə övladının bədbəxt olmasını istəmir.  Övlad acısından acı heç nə yoxdu. Bu acını bir-birinə yaşatmaqdan dəhşətli də heç nə yoxdu. Daha böyük günah yoxdu. Bu dəhşətlə necə yaşamaq olar? Uşaqları necə süngüyə taxmaq, güllələmək, kəsib-doğramaq olar? Bunu heç Şeytan da eləməz. Bunu elə insan edər. İnsan edir.   Yaşadığı ortamı cənnət də edər, cəhənnəmə də döndərər insan. Müharibə insanların – insanlığın özünə xəyanətidir. Biz bu xəyanətdən qurtulmalıyıq. Biz sevgiyə sadiq olmalıyıq. Uşaqların Beynəlxalq Müdafiə Gününə əsil sevinc -sevgi arzulayıram. Özümüzü özümüzə xəyanətdən xilas edək. Adi rəngli şarlara Yer kürəsi boyda sevinən uşaqlarımızı – həyatımızı bizdən asılı olmayan səbəblərdən qoruyaq. Sevgini ölməyə qoymayaq. SEVGİYLƏ böyüyək, yaşayaq. Sevgi həmişə QALİB olsun.

Müəllif: Kəmalə Abiyeva

qadinkimi.com