Cəmiyyətimin qadını sevgi axtarır
Mən səni dən gəzən sərçə kimi qorxaq görmək istəmirəm. Sevgi axtarma. Sən özün sevgisən Azərbaycan Qadını.
Əsrlərdən bəri kişilər öz evlərini qoruyublar. Müharibələrdən, düşmənlərdən, oğrulardan, daşqından, təbii fəlakətlərdən. İndi nə olub sizə?. Harda qaçıb gizlənmisiz?. Yenə telefona zəng çatmır, əhatə dairəniz azıb tamam. Qadını öldürmək üçün ona təkcə şiddət göstərmək lazım deyil. Onu sevməsən üç günə solub gedər. Onu sevsən üç günə küldən dönüb insan olar. Hamı göyün yeddinci qatında yaşamır bu dünyada. Hamıya fitrəti o dərəcədə güc vermir ki, sevgisiz də baş çıxara bilsin. Yox, əsla ağıl vermirəm. Sevgi barədə ağıl verəcək qədərində heç zaman anlayışım olmadı. Eyni zamanda da qaranlıqda sevgi gəzəcək qədər özümü əzmədim heç zaman . Hər zaman bütün bu qadınsal işlərdən özümü müdafiə etdim. Sakitliyimi qorudum. Yalnız mən sevgidən solan qadınlar gördüm. Ümidini göydən asıb yasını tutan qadınlar gördüm.
Sil gözlərinin yaşını. Sənin gücünlə fırlanır bu dünya. Bəndə dərdi çəkməli deyilsən sən. Bəlkə də dünyanın ağırlığı çiynindədi. Sən bir içim sevgidən asılısan. Divin canı samanlıqda gizlənən kimi bu dağınıq dünyada gizlənən sevgini axtarana qədər illərin keçər. Qocalarsan. Hər dəfəsində "bu o deyil” deyib bir yığın adamı yığma ürəyinə. Ürəyində müharibə meydanı yaratma. Sən məğrursan. Bir sözə, bir baxışa sınma. Yalanı duyduğun an yerlə bir olma.
Həyatınla barışma qadın. Şiddətə əyilmə. Sevgisizlik də şiddətdi. Səni əzəcəklər sən əzilmə. Sözün, əməlin sehrinə düşüb yaşamağı bacar...
Ev və çöl anlayışı yaradan çöl kişisi əlini vicdanına qoy əgər tapa bilsən. Özünə sual ver. Həyatına gətirdyin qadını xoşbəxt etməyə məcbursan. Buna qadir deyilsənsə əgər, burda nə gəzirsən? O qadının yanında nə işin var? Düzgün vaxtda getməyi bacar. Harda gizlənmişdin, qayıt yerinə. Xoşbəxtliyi hərə bir cürə anlayır. Sən qayğını əsirgəmə. Qadınının ürəyində kin yaratma. Onun keçirdiyi hisslər bumeranqdır. Bir də ümid verdiyin insanları həyatına soxmadan əvvəl düşün. Əgər o qadındırsa, iki dəfə düşün. Bunları bacarmırsansa, meydana gəlmə. Çöldəki, evdəki yoxdur. Qadının sevgisini ucuz tutma. Sonra "ah qadınlar” deyib şikayət etməyin anlamı yoxdur. Gözünü, ürəyini bağla lazım gələndə... Con Qreyin "Kişilər Marsdan, qadınlar Veneradan" adlı kitabında deyilən kimi. Düşüncə tərzimiz üst-üstə düşmürsə, sənə məsləhətim yalnız budur. Qadın olsun, kişi olsun vicdanın cinsiyyəti yoxdur. Bir addımı atmadan iki dəfə düşün. Hətta bir jesti belə edəndə iki dəfə düşün. Mən sənin yerinə olsam, bu məsələlərdə çox ehtiyatlı olardım.
Mən sevgi gəzən qadınlara bir məktub kimi yazıram bu yazını. Sizə yazıram əziz qadınlar.
REAL MƏKTUBLAR
1 - ci məktub
Dünən sevgilim evləndi. On illik sevgilim. Biz üzbəüz binalarda yaşayırıq. Hər gün evlərinin önündən geçəndə ölümümə elçi düşürəm. Onu həyat yoldaşıyla görəcəm deyə ödüm qopur. Hər gün məni axtarır.Son günə qədər xoşbəxt idik.Bu günləri atlada bilmirəm. Məhv oldum. Çökmüşəm. Mən indi onun çöldəki sevgilisi oluram? Bəs niyə məni evinə qoymadı. Hicablı, bürünmüş 20 yaşlı ilahiyyatçı qız aldı. Mənə yazır, zəng edir, darıxır, mən danışmıram. Nə edim? Evimi, ölkəmi dəyişdim.Yerinə sevmək də olmur. Aramızda böyük sevgi olub. Olubmu? Nə olar, canım yanır mənim, kömək edin. Bir söz deyin təsəlli olsun. Bu cür hiss etmədim heç ...
2 - ci məktub
Ərim məni döyür. Hər gün şiddət, dayaq.Təcavüz. İnsanlıqdan çıxmışam.O evdən gedəndə rahat aldığım nəfəs üçün dua edirəm. O əsəbi olmayanda sevinirəm. "Onun sevgilisi var” deyə sevinirəm. Boşana bilmirəm. Ailəm narazıdır. Atam "bu evə dönsən, sən adlı qızım yoxdu” deyir, anam üzünü yana çevirib "qız ki, bədbəxt oldu apar tulla” deyir, qardaşlarım susur, məndə günah gəzirlər. İntihar etmək istəmişəm, qorxmuşam. Qaynanam təhqir edir. İki övladım var. Hələki dözürəm. Nə vaxta qədər?
Hər iki məktub böyük bir müzakirə obyekti olacaq qədər dərddir. Qadınların cəmiyyətdə bu vəziyyətə düşməsi insanlıq halı deyil düzü. "Olan işdi” deyib keçə bilmərik. Əziz oxucular.Fikirləriniz çox önəmlidir.Bu fikirləri paylaşmaq zamanıdır.
(ardı var)
Aysel Fikrət
qadinkimi.com