SƏNƏT, SEVGİ
Ramiz Rövşən bu gün azad və müstəqil ömrünün ilk ad gününü qeyd edir Tarix : 15 Dekabr 2020, 16:13

Azərbaycanın müstəqilik əldə etməsindən sonra doğulmağı özümün və nəsildaşlarımın şansı hesab edirdim.

Düzü, hansısa ölkənin tabeliyində yaşamağı, sənin və xalqının üzərində söz sahibinin başqa - səninlə heç bir aidliyi olmayan ölkə rəhbərlərinin olması, mənə həmişə vahiməli gəlib. Baxmayaraq ki, valideynlərim və bizdən öncəki nəslə qədər hər kəs həmin tabelik dövrünü yaşayıb. Yetmiş il az zaman deyil. Bu dövrün içərisində doğulub ölənlər, müstəqilliyin nə olduğunu bilməyənlər də olub. Biz isə asılılığı bilmirik. İnşallah, heç zaman da bilmərik. Amma bu şükrümüz həmişə yarım idi. Çünki elə biz doğulan zamanlarda ölkəmizin 20 faizi düşmən tapdağına keçmişdi. Ölkəmiz, millətimiz müstəqil, 20 faiz torpağımız isə tapdaqda...

Nəhayət, bütün o "yarım"lar bitdi və düz bir ay beş gündür ki, biz öz qolumuzun və rəhbərimizin uzaqgörən, dayanıqlı siyasətinin sayəsində tamıq, bütövük.

44 günlük Vətən müharibəmizin hər günü bizə yeni torpaqlarımızı qaytardı, kəndlərimizin, rayonlarımızın azadlığını yaşatdı. Bütün qarabağlıların, torpağı azad olunmuş insanlarımızın sevincinə ortaq olduq. Amma hər rayon azad olunduqca yadımıza birinci o rayondan olan məşhurlar, ziyalılar düşdü. O ziyalılar ki, Qarabağı görməyən nəsil olaraq, oraları məhz onların xatirələrindən dinləmiş, qələmlərindən oxumuşuq.

Oktyabrın 25-i, Vətən müharibəmizin 28-ci günündə Qubadlı rayonu erməni işğalçılarından azad olundu. Həmin vaxt xatırladığımız ziyalılarımızdan biri də Xalq şairi Ramiz Rövşən idi. Ramiz Rövşən Bakıda anadan olmağına baxmayaraq, əslən Qubadlının Teymur Müskanlı kəndindəndir. O, həmişə Qubadlıdan, Qarabağdan ağızdolusu, amma nisgillə, həsrətlə danışar, orda keçirdiyi uşaqlıq, gənclik günlərindən bəhs edərdi. Müsahibələrində Qubadlı adı keçəndə dərindən köks ötürməyi vardı. Lakin ay yarım öncə tarix yazan ordumuzun, Ramiz müəllimin diliyə desək, "arzularımızdan daha sürətli əsgərimizin" sayəsində o nisgil, o həsrət, o köks ötürmələr keçmişdə qaldı. İndi həm Qarabağın, həm Azərbaycanın, həm də böyük bir xalqın tarixində yeni - şanlı səhifə açılıb.

 

 

 Ramiz Rövşən Elçibəy şeiri haqqında:




Bizim doğum günlərimiz də daha əlamətdar, daha özəldir artıq. Çünki noyabrın 10-dan etibarən biz tam, bütöv, qalib xalqın nümayəndəsi kimi yeni yaşımızı qarşılayırıq. Bu gün 74 yaşını qeyd edən böyük şairimiz Ramiz Rövşən kimi...

İnanıram ki, Ramiz müəllim 74-cü yaşını heç unutmayacaq. Çünki o, bir azərbaycanlı olaraq, 74 ildə ilk dəfədir ki, tam mənasıyla müstəqil, azad və bütöv dövlətin vətəndaşıdır. Bir qədər də cürətlənib deyə bilərəm ki, məncə, 10 milyonluq Azərbaycan xalqı kimi o da ötən ay - noyabrın 10-da doğulub. Niyə 10-da? Bunun cavabını özü bu yaxınlarda efirdə Qubadlı sevincini bölüşərkən vermişdi. Demişdi, elə bir yaş dövründəyəm ki, Sovet hakimiyyətindən asılı Azərbaycanda dünyaya göz açmışam və ömrümün böyük hissəsi həmin Azərbaycanda keçib. 1991-ci ildə müstəqillik qazandıq, amma ardınca iyirmi faiz torpaqlarımızı itirdik. Yenə də tam azad ola bilmədik. 44 gün bütün ağrılarına baxmayaraq, ömrümüzün ən xoşbəxt günləri idi. Fikrimcə, bizim bütün mənalarda azad və müstəqil ömrümüz indi  başlayır.

Deməli, Ramiz Rövşən bu gün azad və müstəqil ömrünün ilk ad gününü qeyd edir. Bu gün onu düz 27 ildən sonra "azadlığını bu qədər tezliklə gözləmədiyi" doğma Qubadlısı da təbrik edir və deyir ki, səni tezliklə görüşümə gözləyirəm, torpağımın böyük şair oğlu!


Biz də sevimli şairimizi 74-cü yaşı, azad və müstəqil ömrünün ilk doğuluş günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, Qubadlıda, azadlığıyla göz yaşlarına qərq olduğu Şuşada və bütün Qarabağda, bütöv Azərbaycanda neçə gözəl illər arzulayırıq!

 

 

 


Şahanə Müşfiq


( 525-ci qəzet)

 

 

qadinkimi.com