GENDER, SƏNƏT
"Qız doğulduğum üçün anam məni istəməyib” - aktrisa Sovqat Səmədovanın acı hekayəsi (MÜSAHİBƏ) Tarix : 29 Oktyabr 2022, 22:01
Yazar : Flora Hüseynova

Qadinkimi.com gözəl aktrisamız Sovqat Səmədova ilə Flora Hüseynovanın müsahibəsini təqdim edir:  


Qədim romalılarda "nomen est omen” - "adımız taleyimizdir” kimi bir inanc vardı. İndiki zamanda da belə bir deyim var ki, ad insanın taleyində mühüm rol oynayır. Qəhrəmanımız Sovqat xanımın adı  kimi... Yaşadığı bütün çətinliklərə baxmayaraq həyatının xoş anları da olub. Yəni həyat ona adı kimi sovqatlarını da bəxş edib hərdən. Amma o xoş anlar yaşadığı ağrı-acını üstələyə bilib, ya yox, onu da ancaq Sovqat xanım özü bilir. Adam eşitdiklərinə inanmaq istəmir bəzən. Eləcə də Sovqat xanımın danışdıqlarına inanmaq istəməsəm də, bu, bir qadının yaşanmış taleyidir, həqiqətdir. Özünü beləcə təqdim edir: Ömrünün 50 ildən çoxunu səhnədə özünəməxsus obrazlar yaradan, filmlərdə, seriallarda maraqlı ana, nənə obrazları ilə tamaşaçılarını sevindirən aktrisa”.


Sovqat Səmədova Səfər qızı. Xaldanda anadan olub.


 


Sovqat xanım, uşaqlığınızı necə xatırlayırsınız?


Adımı atam qoyub. Mən doğulanda anam qız istəmədiyini və ona qız lazım olmadığını deyib. Mən bunları təbii ki, sonradan bilmişəm. Gözümü açandan nənəmə "ciyi" yəni ana demişəm, nənəmi anam bilmişəm. Xalamla nənəm baxıb mənə 6 yaşıma kimi. 


(Hiss edirəm ki, üstündən keçmək istəyir)


Lap başdan danışın, lütfən.


(Gülümsəyir, bir az fikrə gedir, sonra asta-asta danışmağa başlayır)


Anamın atamla böyük uşaqları oğlan idi. İkinci uşaqları mən olmuşam. Mən doğulanda anama göz aydınlığı veriblər: "Alagöz, gözün aydın, qızın olub”.

Anam: "Mən qız istəmirəm, mənə qız lazım deyil” - deyə cavab verib. Anam atamın ikinci həyat yoldaşı olub. Atamın birinci evliliyindən bir qızı vardı. Ona da atam özü baxırdı. Atam o vaxtlar indiki polis, yəni milis işləyirdi, evdə az olurdu. Vaxtının çoxunu işdə keçirdiyi üçün mənə baxa bilmirdi. Amma məni çox istəyirdi. Sonralar da bunu hiss edirdim. Anam məni istəmədiyinə, baxmadığına görə də mənə bacım baxıb - yəni bir uşağın baxa bildiyi qədər. Mənim bu həyatda qalmağıma, yaşamağıma səbəb bacım Surət olub. 6 aylığımda nənəm - anamın anası bizə gəlib mənim bir küncdə atılıb baxımsız qaldığımı görəndə onu dəhşət bürüyür.  Anamdan soruşur ki, bu uşaq niyə bu haldadır, yazıq deyil, ölər, axı?! Anam da deyib ki, mənə qız lazım deyil. Ürəyin yanırsa özün apar, nə istəyirsən elə. Beləcə, nənəm məni gətirib Xaldana, özü saxlayıb. Mən də nənəmi anam bilmişəm.

  

 

(Gözündə qəribə bir nisgillə davam edir, amma sevinc işartıları da var baxışında)

 

Dediniz ki, altı yaşına qədər, bəs sonra?


Əvvəl mənə nənəmlə xalam baxıb. Çox yaxşı baxırdılar, bir istədiyimi iki eləmirdilər. Xalam mənim geyim-keçimimə, saçıma-başıma baxırdı, nənəm də yemək-içməyimə. Altı yaşım var idi, nənəm həyətdə nəsə eləyirdi, mən də səkini süpürürdüm. Yəni 6 yaşında uşaq necə süpürə bilərsə elə. O vaxtlar elə idi, qız uşağı kiçik də olsa, evdə bir işin qulpundan yapışırdı. Anam bizə gəldi, yəni doğma anam. Arabir gəldiyini görsəm də, kim olduğunu  bilmirdim. Hərdən-birdən gəlirdi, amma uşaq ağlımla qohumdur deyə düşünürdüm. O qədər zəhmli idi ki... Mən həyəti süpürürdüm, o da dayanıb mənə baxırdı. Getməyə hazırlaşanda mənə yaxınlaşdı, sərt səslə dedi ki, get pal-paltarını yığışdır. Mən heç nə başa düşmədim, nənəmə baxdım. Nənəm də çaşıb qaldı. - Sən nə danışırsan, nə pal-paltar? – dedi.  Anam da "aparıram” cavabı verdi. Nənəm ona dedi ki, sən uşaq saxlamısan, demədin ki, mən qız istəmirəm? Mən saxlamışam onu, mənim qızımdır.  Anamla nənəm mübahisə edirdi, mənsə heç nə anlamırdım. Anamın da o qədər sərt xasiyyəti var idi ki, dediyini eləyərdi. Axırda bərkdən nənəmə dedi ki, başa düşmədim, burda sənə səki süpürür, mənim səkim yoxdur ki?! Beləcə, anam məni Şəkiyə apardı. Mən Xaldanda 1-ci sinfə gedirdim. Burda da gəlib təhsilimə davam edirdim. Anam qardaşlarımın oxumağını çox istəyirdi, amma mən əlimə kitab alan kimi acıqlanırdı mənə ki, dur iş gör. Oxumağı çox istəyirdim. Gecələr qapımızın ağzındakı şalbandan düşən işıqda pəncərənin pərdəsini aralayıb güclə kitab oxuyurdum. 7-ci sinfə kimi əlaçı olmuşam, sinif nümayəndəsi idim. Sonra atam qəza keçirdi və anam məni məktəbdən çıxardıb ipək zavodunda işə düzəltdi. Güclə də olsa gecə məktəbində təhsilimi davam etdirməyimə icazə ala bildim. Bircə ona görə minnətdaram ki, oxumağıma icazə verdi, heç olmasa orta təhsilim oldu. Düzdür, oxumağa şərait yaratmırdı, sadəcə icazə verdi, amma mən yenə də tək ona görə anama minnətdar olmuşam. Heç olmasa orta təhsilim olacaq deyə çox sevinirdim. Yoldaşımla bir briqadada işləyirdik. O, ləzgi idi. Bir-birimizi sevdik, bizə elçi göndərdi. Anam heç istəmirdi ailə qurum, evin işini görən lazım idi ona. Amma yoldaşım tərs ləzgi idi, dedi ki, verməsən qaçırdacam. O da məcbur olub razılıq verdi. Mən ailə quranda o evdən canım qurtarırdı deyə sevincimdən ağlayırdım.


Xoşbəxt idiniz?


Çox xoşbəxt idim, məni çox sevirdilər. Beş baldızım var idi, hamısı məni çox istəyirdi.  İki il sürmədi bu xoşbəxtlik. Yoldaşım rəhmətə getdi, oğlumun qırxı təzəcə çıxmışdı. Anam qardaşımı dalımca göndərdi ki, məni evə gətirsin.

 

 


Qayıtdınız ananızın yanına?


Heç qayıtmaq istəmirdim, qayınanamgildə qalmaq istəyirdim, onlar da məni buraxmaq istəmirdilər. Amma anam dedisə qurtardı, necə getməyə bilərdim? Məcbur qayıtdım. Yenə hər şey əvvəlki kimi davam etməyə başladı. Yenə zavodda işlədim, yenə eyni münasibət, yenə eyni həyat... 


Necə düşünürsünüz, niyə bütün yollar sizi yenidən o evə qaytarırdı? Nənəniz yaxşı baxırdı, yoldaşınızla xoşbəxt idiniz. Amma..


Mən bunu sadəcə alın yazısı, qismət kimi qəbul edirəm. Qismətimə yazılanları yaşayırdım. Başqa nə edə bilərdim ki? Uşağımın qırxı çıxanda artıq bağçaya qoyub işə gedirdim. Amma iş də alınmadı, sağlamlığımda problem yarandı. Həkim zavodda işləməyimin mümükün olmadığını dedi. Artıq o vaxtlar çox hadisələr baş verdi -  anam yenə ailə qurdu, bir müddət yoldaşıgildə yaşasa da, sonradan yaranan problemlərə görə qayıdıb bizimlə yaşamaq istədilər. O vaxt ilk dəfə anamın üzünə qayıtdım, həm də çox sərt. Bunu mənə bağışlamadı heç vaxt. Yəni həyat yoldaşı bizə gələrsə, bunun ardından çox pis hadisələr olacağını dedim. 

 

 

Sonra?


Sonra hadisələr elə gətirdi ki, qardaşım evi satıb getdi, mən oğlumla kirayədə yaşamalı oldum, amma kirayə pulunu da verə bilmirdim. Çünki səhhətimlə bağlı zavodda işləyə bilmirdim. Hər gün uşağı bağçadan götürüb bir qonşuya gedirdim ki, özüm heç, oğlum ac qalmasın. Bir gün qonşumuz Zivər xalagilə getdim. Yemək yeyəndən sonra dedi ki, gəl, səni bir yerə göndərim işlə. Məni mədəniyyət evinə makinaçı işləməyə göndərdi. Mədəniyyət evinin direktoru Nazim müəllimin yanına getdim ki, mən makinaçı işləmək istəyirəm. Dedi, o yer boş deyil. Başladım ağlamağa, mənə yazığı gəldi. Dedi, səni işə götürəcəm. Amma özfəaliyyətə kömək edəcəksən. Mən dedim qorxuram, Nazim müəllim dedi, heç narahat olma, mən səni Şəkidə səhnəyə çıxartmaram. Qostrollara gedəndə sən oynayarsan, nə vaxt Şəkidə səhnəyə çıxmağa hazır olduğunu desən, onda çıxarsan. 6 aydan sonra "Namus” pyesini götürdülər və mənə də Şapanik rolunu verdilər ki, öyrən, məşq elə, Qaxda oynayacağıq. Sən demə, aldadırlar. Sonra dedilər ki, rayon rəhbərliyi gələcək. Mən də başladım oynamağa. Birinci katib Sadıx Nəzərli tamaşadan sonra səhnə arxasında bizimlə görüşdü və mənə "sən bundan sonra xarakterik, yaşlı obrazları oyna” dedi. Şəkidə 3 il heç kim mənə salam vermədi, bütün qohumlar üz döndərdi. Səhnəyə çıxan qadına pis baxırdılar.


Nə qədər belə davam elədi, necə dözürdünüz?


3 ildən sonra, 1975- ci ldə Şəki Dövlət teatrı mərhum rejissor Vaqif Abbasovun və direktor Nazim Bilalovun rəhbərliyi ilə bərpa olundu. Mədəniyyət evindən də 22 nəfərdən imtahan götürdülər. Məni 2-ci dərəcə ilə teatra aktyor kimi qəbul elədilər. Məndən başqa 4-5 nəfərdən də  imtahan götürüb teatra aktyor kimi təsdiq etdilər. Eyni ildə İncəsənət İnstitutunun bir kursunun məzunları da teatrda işləməyə başladılar. Əməkdar artist Qəmər Məmmədova, əməkdar artist Gülşad Baxşıyeva da onların içində idi. "Nişanlı qız” tamaşasında qayınana, "Hacı Qara”da Tükəz, "Komsomol” poemasında Şahsuvarın anası Gülgəz nənəni oynadım. Teatr bərpa olunandan sonra ilk tamaşalar idi. Komsomol poemasını oynadıq. Bəxtiyarı da Hüseynağa Atakişiyev oynayırdı. Tamaşada oğlumun ölüm xəbərini eşidəndə özümdən iki bənd bayatı dedim. Zaldakılar ağlayırdı. Tamaşadan sonra katib Sadıx Murtuzayev bizimlə görüşdü. Dedi ki, sən məni ağlatdın. Nə istəyirsən istə məndən. Əvvəl utandım, sonra kirayədə qaldığımı dedim. Elə orada tapşırıq verdi. Məni evlə təmin elədilər.


Şəki əhalisi nə vaxt sizə salam verməyə başladı?


Elə həmin tamaşadan sonra. Artıq hamı məndən danışırdı. Anama da xəbər vermişdilər ki, qızın çox gözəl tamaşa oynayıb. Ondan sonra qohumlar, qonşular arasında çox hörmətli bir adam oldum.


Siz necə, unutdunuz yaşadığınız o 3 ili?


İnsan yaşadıqlarını unutmur ki...Mən də unutmadım, amma heç kimi də qınamadım. Düz 40 il Şəki teatrında müxtəlif rollarda oynadım, yaşadıqlarımı oynadığım obrazlarla unutmağa çalışırdım: "Hacı Qara”da Tükəz, Aydın tamaşasında Böyükxanım, "Adamın adamı”nda Xəbərçi Xədicə. Tez- tez Moskvaya  qostrola, festivala gedirdik, Bolqarıstana, Çexoslovakiyaya gedirdik. Bütün 15 respublikaya qostrola getmişik. Kubaya getmişik, Fidel Kastronun qəbulunda olmuşuq. Hüseynağa Atakişiyevin vaxtında olub bütün bunlar.


(Danışır, yaradıcılığından danışdıqca gözləri gülür, amma yenə də həyatının bəzi məqamlarına toxunmaq istəyirəm)


Sovqat xanım, oğlunuz böyüdü və sizin taleyinizi təkrarladı.


Elədir, oğlum ailə qurandan sonra onun həyat yoldaşı tez dünyasını dəyişdi. Bir qızı oldu gəlinimin, o da eynilə anam kimi dedi ki, mən qız istəmirəm. O qıza da mən baxırdım. Amma uşaq olanda həkim dedi ki, daha övlad dünyaya gətirə bilməzsən, qanında problem var. Gəlin ikinci dəfə hamilə qaldığını gizlətmişdi. Mən xəbər tutanda çox pis oldum. Niyə belə eləyirsən, - dedim.  Oğul istəyirəm, - dedi. Oğlu oldu, amma qanındakı problemə görə çox yaşamadı. O nəvlərimə də özüm baxdım. Yəni ana-bala eyni taleyi yaşadıq. Qismətə-taleyə bağlayıram bütün bunları.


Nəvələrə baxa-baxa teatrda da çalışırdınız?


Teatrda çalışırdım. Şəki teatrı təmirə bağlanandan sonra Bakiya gəldim. Bakıda seriallara çəkilməyə başladım. Düzdür, teatrdan maaşımızı alırdıq, eyni zamanda da dəvət olunduğum seriallara çəkilirdim. Amma teatr təmirdən çıxan kimi məni çağırdılar ki, tədbir hazırlayırıq. Mən də seriala çəkilirdim. İcazə alıb Şəkiyə getdim. Rolumu yazdım,  hələ hər kəs rolunu yazmamışdı. Onda zəng gəldi ki, 2 saatlıq çəkilişin var, çəkil get. Teatrın baş rejissoru Mirbala Səlimlidən nə qədər xahiş elədim icazə vermədi. Mən də adamları pis vəziyyətdə qoymayım deyə ərizəmi yazıb işdən çıxdım.


Bəs səhnə?


Hə, səhnəsiz qalmaq çox çətin idi. Sonra İntiqam Soltan məni Uşaq və Gənclər teatrına qəbul elədi. Bir növ məni həyata bağladı. Buna görə də İntiqam müəllimdən çox razıyam.


(Danışır, nisgili var, gözləntiləri var... Ömrünün 50 ilini səhnədə keçirən aktrisa dövlətdən nə ev, nə Prezident təqaüdü alır, heç onların adını da tutmur. Baxmayarq ki, 5- 6 il səhnədə olan cavan aktyor, aktrisalar ev, təqaüd istəməyi özlərinə rəva bilirlər. Çoxları da bu imtiyazlardan yararlanır. Olsun, nə gözəl! Kaş ki, bütün aktyorlarımızın maddi vəziyyətləri çox yaxşı olsun, heç nəyə ehtiyacları olmasın. Amma 75 yaşında Sovqat xanım kimi aktyor və aktrisalar da diqqətdən kənar qalmasınlar).


Nə gözləyirsiniz bu 50 illik səhnə fəaliyyətinə görə?


Mən səhnəyə görə çox əziyyətlər çəkmişəm - ailədə, qohumlar arasında. Teatr mənim üçün hər şeydir. Düzdür, qohumlar qınayırlar ki, ömrünün yarıdan çoxunu teatra həsr eləmisən, bir fəxri adın da yoxdur. Bu, məni çox sıxır, pis təsir edir, təbii ki. Maddi heç nə istəmirəm, 65 yaşında Bakıya gəlib ev tikmişəm, zəhmətdən qorxmamışam. Amma fəxri adı indi də gözləyirəm. Bilmirəm olacaq, ya yox... Həyatdır da, yaşayıb görəcəyik.


Sovqat xanımın ona qarşı olan haqsızlıqları qabartmaq istəmədiyini açıq-aydın görürəm. Qardaş evi satıb, o isə kirayədə yaşayıb, ona qarşı bu qədər acımasız olan, ondan imtina edən, ancaq oğullarına dəyər verən anaya  6 il xəstə yatağında qulluq edib. Bütün bunları çox ürəklə etdiyini deyir. Ürəyində olan tək nisgili nə vaxtsa ona dəyər veriləcəyinə ümididir. Biz də ümid edək ki, Sovqat xanım gözlədiyi o dəyəri alacaq. Ən azı sonradan, heyifsilənməyək. Vaxtında qiymət verək insanlara.

 

 

arxiv fotolar

 

Hazırladı: Flora Hüseynova, xüsusi olaraq Qadinkimi.com üçün