BURA / ORA
Erməni milyonçunu qızları zorakılığa görə öldürüb - Rusiyada qızlara dəstək güclənir Tarix : 21 İyun 2019, 16:30

Rusiyada atalarını öldürən bacılara dəstək kampaniyası başlayıb. Onların illərlə ataları tərəfindən fiziki, psixoloji və cinsi zorakılığa məruz qalması atanı öldürməkləri ilə nəticələnib. Ötən il erməni əsilli Rusiya vətəndaşı olan milyonçu Mixail Xaçaturyan öz qızları tərəfindən öldürülüb. Vəkillər isə bunun özünümüdafiə olduğunu deyirlər.

 


İddialara görə imkanlı və geniş əlaqələri olan Mixail Xaçaturyan ölümündən 3 il əvvəl həyat yoldaşını da öldürməklə təhdid edərək evdən qovub. Onu tanıyanlar etiraf edirlər ki, özünü hər yerdə lotu kimi aparırdı, maşınında silah gəzdirirdi və narkobizneslə məşğul olduğu versiyaları da var. Qızlarını daim fiziki şiddətə məruz qoyan Mixail Xaçaturyanı elə öz qızları mənzillərinin qapısı önündə 36 bıçaq zərbəsi ilə öldürüblər.


Bacılar bunu özləri etiraf edib. Anaları deyir ki, hadisə yerinə gəldikdə qapının ağzında Mixaili qan içində qızlarını da yanında yerdə oturmuş şok vəziyyətində görüb. Bacılar cinayət məsuliyyətinə cəlb ediliblər. Qızları 20 illik həbs cəzası gözləyir. Onlara qabaqcadan əlbir olaraq qətl törətmək ittihamı irəli sürülüb. Rusiya ictimaiyyəti və hüquq müfadiəçiləri isə bu ittihamla razılaşmır. Bunun özünü müdafiə olduğunu sübut edən faktlar ortaya qoyurlar. Qızların zaman-zaman döyüldükdə, çəkib saxladıqları şiddətə uğramış şəkilləri də istintaqa təqdim edilib. Böyük qız etiraf edib ki, özünü atasının hücumundan qoruyub.

 

Psixoloji ekspertizadan keçirilən qızlarda psixi pozuqluq aşkarlanıb. Ekspertlər onların özlərində olmadıqlarını və ciddi sarsıntı keçirdiklərini deyib. Hadisənin üstündən bir neçə vaxt keçdiyi üçün qızların sağlıq durumu nisbətən düzəldiyi deyillir. Amma bütün bunlar qızları həbsin caynağından xilas etmir. Vladivostok, Samara və Sankt-Peterburqda rusiyalılar ittihamla razılaşmırlar, onlar tək piketlər keçirir, bacılara dəstək olurlar. Belə bir aksiya 19 iyun, çərşənbə günü Moskvada, Yeni Arbatda keçib və davam edir. Mərkəzi idarəetmə binası qarşısında toplaşanlar Xaçaturyan bacılarını niyə müdafiə etdiklərini açıqlayıblar:

 

Dilçi Mariya Trubisina deyib: "Biz öyrəndik ki, qətl olub və bu, tamamilə inanılmaz hadisədir, çünki bütün bu cəhənnəm bağlı qapılar arxasında baş verib. Bu barədə qonşular, qızların rəfiqələri də bilib, amma heç kəs tam olaraq nə baş verdiyini öyrənməyib. Anaları polisə deyib, amma polis heç nə etməyib. Xaçaturyan bacılarının işi məişət zorakılığının nə dərəcədə təhlükəli olduğunu göstərir". Üç bacı niyə tiran atanı öldürüb? Bunu anaları izah edir. Dəhşətli odur ki, qızlar ona qulluq ediblər və o, qızları zınqırovla çağırırmış.Hər gün qızları təhqir edirmiş. Bu bacılar qəhrəmandılar ki, ondan qurtulublar. Yeniyetmə olduqları üçün getməyə yerləri də olmayıb. Hara getsələr, onları geri gətirəcəkdilər. Heyf ki, Rusiyada piket ənənəsi yoxdu. Bu qızlara böyük dəstək lazımdı.

 

Dərya Apaxonçiç rəssam, aktivist, "Həvvanın Qabırğaları" layihəsinin iştirakçısı, Sankt-Peterburqda "Feministlər bildirirlər" kanalının həmmüəllifidi. O, ictimai yerdə tək piket keçirib qızların probleminə diqqət çəkmək istəyib. Deyir ki, Rusiyada tək piket keçirmək bəlkə yeganə qanuni imkandı. İnternetdə etiraz etmək, küçədə etməkdən daha təhlükəsizdi. Ancaq biz gərək elə ən çox haqqımız pozulan yerdə sözümüzü deyək, kölgəliyə çəkilməyək. Bu qızlar uşaqlıqdan zorakılığa məruz qalıb. Heç kim dinməyib. Qonşular bilib, məktəb bilib, amma susublar. Biz bu cür problemləri ört-basdır etməklə məşğuluq. Ana da tam hüquqsuz olub: 17 yaşında ərə gedib, miqrant olub və əri ona evdən çıxmağa icazə verməyib. Evdə əsir saxlayıb. Qadınların çoxu onları evdən çölə buraxmayan ərin tiran, özlərinin isə kölə olduğunu anlamır.

 


Çünki bunu onlara deyən olmayıb. Onlara deyilib ki, belə də olmalıdı. Ərin əzazilliyi normadı. Kim ki "cinayətə cinayətlə cavab verməzlər" deyir onun yeri istidi. Öz firavan vəziyyətində bu qadınların nələr yaşadığını başa düşmək çətindi. Samaradan olan redaktor Anna isə piketə az-az çıxdığını deyir. Amma bu situasiyada cəmiyyətin dəstəyinə ehtiyac var deyir. "Keçən il qızları ev dustaqlığına buraxanda ümid yarandı ki, onların qurban olduqları və yaşadıqları dəhşətlər nəzərə alınacaq. İndi isə qızları 20 il həbs gözlədiyi bildirilir. Məni dəhşətə gətirən odur ki, bu qızların vəziyyətində olanlar üçün heç bir kömək yoxdur. Mütləq vəziyyət elə həddə çatmalıdı ki, onların problemini cəmiyyət görə bilsin. Mənim plakatımda yazılmışdı: "Məişət zorakılığı haqqında qanun qəbul edilməsini tələb edirəm". Bizdə bu qanun yoxdur. Məsələn, bir mühafizə orderləri tətbiq etmək olar. Bu, lazımdır, çünki biz kifayət qədər kasıb ölkəyik, belə hallarda qadının getməyə yeri yoxdur. Qanun layihəsi Dövlət Dumasına vaxtaşırı göndərilir və futbol topu kimi geri qaytarılır.

 

 

Jurnalist Alena Ağacikova isə bunları danışdı: Mən rayon üzrə iki saat plakatla gəzdim. Əvvəlcə insanlara plakatla şəkil çəkdirməyi təklif edirdim, lakin demək olar heç kim razılaşmadı. Sonra plakatla şəklimi çəkməyə kömək istədim. Onlar plakatdakı təsvir və yazılarla maraqlanmağa başladılar. Qırx nəfərdən yalnız altısı bu iş haqqında eşitdiyini dedi. Mən onlara bu qızların uzun müddət əsarətdə olduğunu, zorlandıqlarını dedim. Həm qadınların, həm də kişilərin sifəti dəyişirdi və deyirdilər: "Dəhşət"! Qətl barədə məqamda isə onlar başlarını bulayırdı, amma qınaq yox idi. Bir qız isə hadisənin başqa cür olduğunu, bir qadın bu mövzuda danışmaq istəmədiyini dedi. Düşünürəm ki, bunun bir neçə səbəbi var. Birincisi, uşaqlıqdan bizə deyilir ki, öldürmək günahdır və ciddi cinayətdir. Bu, həm həqiqətdi, həm də avtomatlaşdırılmış ağ-qara təfəkkürün məhsuludu: Bəs illərlə birgə yaşadığın insanı öldürməyə məcbur qalmaq nə deməkdi? Bu insan psixikasının darmadağın olmasıdı. Bundan heç kim danışmır. İkincisi, daim təhlükədə, zorakılıqda, köləlikdə yaşayan insanın düşüncəsi necə işləyir? Onun düşüncəsi tuneldə olur. Stokholm sindromu yaşayır, kənar dünya beynində təhrif olunur. Çox adam qaça bilərdilər deyir. Amma silahlı təhdid, atanın mümkün əlaqələri, psixoloji asılı vəziyyətə düşmə nəzərə alınmır.

 

Qızlar qorxurdular. Üçüncü səbəb, qızları qınayanlarda olan eskapizm və inkardı. Onlarda öz başlarına belə bir hadisə gəlməyəcəyi illüziyası var. İnsanlar inanmaq istəyirlər ki, hər şey təqdim edildiyi kimi deyil. Bu, daxili mizoginiya kimi bir şeydi. Məsələn, hansısa qadını aşağılayanda, amansız zarafat edəndə, haqsız hücuma məruz qoyanda başqa qadınların buna qoşulması və gülməsi kimi. Onlara elə gəlir ki, bu şeylərin özlərinə dəxli yoxdu, guya onlar belə halla üzləşməyəcəklər. Kimsə hətta irəli gedib düşünür ki, qızlar özləri əxlaqsız olub. 

 

 

Qızların işi tipik deyil və çətindi. Onlar birmənalı olaraq cəzalanacaqlar. Öldürmə faktı var.

Etiraf var. Heç bir ölkə qətlə bəraət verməz, çünki insan həyatı toxunulmazdı. Bəraət - nağıl söhbətdi. Başqa məsələ, cəza necə olacaq? Ən yaxşı variant şərti cəza və psixoloji reablitasiya olardı. Məhkəmə sistemi mexaniki olmalı deyil, konteksti nəzərə almalıdı.Maksimum yumşaldıcı variant olmalıdı.


 

qadinkimi.com