QADIN / KİŞİ
Qadın etinasızlığı Tarix : 12 Avqust 2022, 11:01

Psixoloqlar müəyyən ediblər ki, əksər qadınlar həmişə yanında kişi olmasını istəmir. 

Həyatda bunun şahidi oluruq. Bunu etiraf edən qadınlar az deyil.

 

Hər qadının kişilərə tam etinasız olduğu gizli bir dövrü, yaşı var. Bu, yalnız intim münasibətlə bağlı deyil. Maraqlı odur ki, müəyyən vaxtda əks cins qadın üçün maraqsız olur. Bunun müxtəlif səbəbləri var.

 

Bəzilərində yaşla bağlıdır, yəni yaşa dolduqca yanındakı kişidən bezən, yorulan qadınlar az deyil. 

 

Bir qisim qadın üçün bu, klimaks dönəmində baş verir.

 

Ancaq ən gözəl yaşda, yəni 30 yaşında da kişilərə laqeyd olan xanımlar az deyil. Bunun qadın azadlığı ilə əlaqəsi yoxdur. Bu qadının maraq dünyasına, düşüncəsinə bağlıdır. 


Adətən kişilərə etinasız olan qadınlar daha baxımsız təsir bağışlayır. Həmişə yorğun görünür, xarici görünüşlərində bir səliqəsizlik hiss olunur. Narazı görkəmlə dolanır, deyinirlər. Onlar bunu gizlətməyə çalışırlar.


Bunun əksi də olur. Tək yaşamağa qərarlı qadınlar özlərinə daha çox diqqət ayırır, heç bir kişinin arzusu ilə deyil, öz zövqünə uyğun geyinir. Bu tip qadınlar "həyatımı hansı kişininsə xoşuna gəlmək üçün yaşaya bilmərəm" - fikrinə əsaslanır. 


Kişilərə etinasız olmanın və ya həyatında əks cinsə yer olmadığı düşüncəsinin ən mühüm və ağrılı səbəbi kişiyə inamın itməsidir. Zənnimizcə, bu, başlıca səbəbdir. 

 

Kişilərdə xəyal qırıqlığı yaşayan qadınlar onlara marağı itirir. Adətən bunu gizli saxlayırlar. İnamınnı itirən qadınlar bunu başqaları ilə bölüşməyi sevmirlər. Sadəcə xoşagəlməz hesab edirlər. Ancaq aldanan, ya özünə uyğun kişini tapa bilməyən elə xanımlar var ki, bunları yaxın rəfiqələri ilə paylaşırlar.

 

Nə baş verir? Niyə qadın əks cinsə marağını itirir? Heç birini həyatına buraxmır. Ürəyinin qapılarını bağlayır.

 

Təbii ki, başlıca səbəb qadının yanlış seçimi olur. Sevdiyi qədər sevilməyən, xəyanət görən, kişi laqeydliyindən bezən qadın onlarla arasına sədd çəkir. Hətta sevgiyə inamını itirir. Həqiqətən onu sevəcək birinin ola biləcəyinə şübhə ilə yanaşır. Onlara elə gəlir ki, kişiləri daha çox yataq-cinsi həyat maraqlandırır. Qadınlar daha duyğulu olduqlarından daha həssas münasibət istəyirlər. Onlara şirin sözlər, oxşamalar, diqqət daha vacibdir. Axı sevmədiyin adamla da bir - neçə saat yataqda vaxt keçirə bilərsən, bədənin tələbatını ödəyərsən. Amma ürək? Ürəyin tələbatını ancaq sevgiylə, sevməklə anlayarsan. Ehtiras təkcə yataq arzusu deyil, yaşamaq arzusu olmalıdır. 


Sevilən qadın, sevildiyinə inamı olan qadın həmişə xoşbəxt görünür. Hətta sevgilisi uzaqda olsa belə, bu sevgiyə inamla yaşaya bilir. Bu sevgini hiss etmədiyi kişinin yanındasa, xoşbəxt olmur.


Yanınızdakı qadın sevildiyinə əmin olsa, sizi xoşbəxt edəcək. Əks halda sizi həyatından çıxaracaq.

Sevgi dolu günlər yaşayın! 

 


 

qadinkimi.com