SƏNƏT
Pərvanə Bayramqızının "Dvuxspalni"si Tarix : 07 Dekabr 2022, 12:49

Dur o təzyiqölçəni gətir, deyəsən, zəhirmar yenə qalxıb. Başımı üstümdə güclə saxlayıram.

-Ölürəm ee, dur özün gətir. Görmürsən, bayaqdan çayı çaya calayıram. Dilim-dodağım təpiyib.
Ta özünə qulluq eləməyi öyrən. Məndən sənə haray yoxdur.

Kişi heç nə demədi. Ayağa durub pilləkənləri endi. On-on beş dəqiqə sonra əlində dərmanla
geri qayıdıb bayaqkı yerində əyləşdi. Arvad hələ deyinirdi. Deyinməkdən çox gileyini
yaradana eşitdirirdi.

–  Bir xoş günüm olmadı, canım sağlam olanda yeməyə çörək tapmadım, çörək tapanda
sağlamlığım olmadı ki, dünyanın nemətlərindən dadım. Şəkər tapmadım çayla içəm, indi
canımada şəkər gəzdirirəm. Şəkər deyil ee, zəhərdir zəhər.

– Bəsdir az deyin, hərənin bir qisməti var.

Kişi onu alın yazısıyla sakitləşdirmək istəyəndə arvadı od götürdü.

– Qurbanolduğum gərək hər zülmü mənim alnıma yazaydı? Bir parça kağız tapmadı
istədiklərini oraya yazsın?

Həyət darvazasının səsi onu şikayətini yarıda kəsməyə məcbur etdi. Bütün günü eyvanda
əyləşib bir-birinə tamaşa edən, bəzən də deyişən ər-arvad həyətdən gələn səsə tərəf eyni
anda boylandılar. Qeybdən gəlmiş kimi həyətin ortasında bir qadın peyda olmuşdu. Əlində
gətirdiyi 
böyük torbaları yerə qoyub ona yuxarıdan aşağı baxan ər-arvada yalvarıcı tonla
dedi:

– Yaxşı dvuxspalnı örtüklərim var, istəməzsiniz?a

Maraqlı bir şey olmadığını görən kişi dinməyib yönünü çevirib getdi. Arvad bayaqkından betər
odlandı. Canının ağrısından üzündən, dilindən yağan zəhəri səyyar satıcının üstünə tökməyə
başladı.

Yaradanın cavabsız qoyduğu sualları buraxıb real vəziyyəti alverçi qadına təsvir etdirəcək
suallar yağdırdı:

-Bura bax ey, dvuxspalnı örtüyü satılası adamlara oxşayırıq? Görmürsən, hərəmiz bir yanda
zarıyıb canımızın halına qalmışıq? Odey, yan-yörə doludur cavan ər-arvadla, apar onlara sat.
Bizim dvuxspalnıda 
yatan vaxtımız çoxdan keçib.

Alverçi qadının deməyə sözü qalmadı. Torbalarını götürüb üzbəüz darvazaya yaxınlaşdı.

Qolundakıları yerə qoyub alnının tərini sildi. Darvazanı çəkinə-çəkinə bir neçə dəfə döydü.
Bayaqkı qadından qorxmuşdu deyə bu dəfə də yaşlı qadın çıxıb ona acıqlanacağını zənn
edirdi. İçəridən gənc qadın çıxanda bolluca alver edəcəyinə ümidi artdı.

Əşyaları tələsik onun qarşısında dizlərinin üstünə tökdü:

-Bax qızım, gör nə qəşəngdir, cavansan al keçir yorğanının üzünə, canına dinclik yayılsın.

Gənc qadın onun sərdiyi güllü yataq dəstlərinə baxıb dərindən köks ötürdü:

-Eh ay xala, bu gün-sabah boşanırıq, dvuxspalnı alası kefim yoxdur.

Bu dəfə də alver etmək istəyinə çatmayan qadın qarşıda gedən gənc oğlanla qızın arxasınca
birnəfəsə yüyürdü.

-Ay sizi xoşbəxt olasınız! Yəqin yaxınlarda toyunuz olacaq. Baxın, bu gözəl dəsti alıb üstündə
bir-birinizə sarılıb yatın.

-Bibi, o dəsti almağa hələ çox var. Gərək əvvəlcə ev alaq. Hələ başımızı təpməyə bir otağımız
yoxdur.

Sanki gəncin sözlərindən yollara qayğılar töküldü. Qadın onların arxasınca xeyli baxdı.
Elə bil baxışlarıyla o qayğıları bir-bir yerdən yığıb üz-gözünə düzdü. Axşam düşürdü.

Heç nə sata bilməmişdi. Kor-peşman
əşyalarını yığıb evinə tərəf üz qoydu. Yol boyu dodağının altından deyindi:

-İlahi, indi mən dvuxspalnı dəsti satmağa bir ailə tapmayacammı?

 

 

 

Pərvanə Bayramqızı