Navalnının ölümündə Makiavellinin günahı…Aysel Aydın Tarix : 19 Fevral 2024, 21:49
Navalnı öldü… 
Saakaşvili həbsdə, 
Zelenski əlləşir. 

Navalnı özü haqda çəkilən filmdə belə bir fikir demişdi: "Bir gün məni öldürsələr, deməli, bizim çox güclü dönəmimiz yetişib”. Sözündən belə çıxırdı ki, rejim üçün təhlükəli vəziyyət yarandığında onu öldürmək qərarı verəcək. 

Bu yerdə Fransız hüquqçu və yazıçı Moris Jolinin  "Cəhənnəmdə Makiavelli və Monteskyönun dialoqu” pamfletinə göz gəzdirək.  Monteskyö bölgülü idarəçiliyin tərəfində olub, hüquqi dövlət modelini dəstəkləyib, hətta tezislərini yazıb. Makiavelli isə "Xaqan” (Hökmdar) əsərində təkhakimiyyətliliyi (totalitarizmi) təhlil edib. Təhlil edib deyirəm, çünki mənə görə belədir. Ayrı-ayrı politikan müəlliflər isə Makiavellini tiraniyanı, despotizmi öyməkdə, hətta ilhamlandırmaqda günahlandırıblar. 

Jolinin kitabından kiçik bir tərcüməmi təqdim edirəm. Makiavellinin dilindən yazıb: Bir dövlət düşünün. Bərbad ictimai institutlar, demokratiyanın qarmaqarışıqlığı, təhrikçilər önündə qanunun gücsüzlüyü sonunu gətirir. Bu zaman bir ərən ortaya çıxır. Aristokratiyadan və ya xalqın içindən fərq etməz, konstitusiyanı pozur, qanunları dəyişir, hər şeyi çevirir və xalqına sülh içində 20 sabit il bağışlayır. Onun buna haqqı varmı? Romada bunu Brut etdi, konstitusiyalı monarxiyanı dəyişdi, Tarkvinini qovdu, qılıncla dünya tarixində nəhəngliyi ilə seçilən respublika qurdu. Amma qara camaatla burjuaziyanın bitməyən savaşı respublikanın axırına çıxdı. Sezar, Avqust gəldi və respublikadan miras aldığı uzunömürlü Roma imperiyasını yaratdı; Güclü, əzəmətli bir dövlət. Və nə oldu? İmperiya çöküşü ilə bütün dünyanı öz dağıntı qalıqlarına bürüdü. Beləliklə: Bu kişilərin haqqı varmı? Sizə görə yoxdur. Gələn nəsillər isə onları sayğıyla anır. Bu adamlar gerçəkdən ölkələrinə xidmət edib və onu qurtarıblar. Görürsünüzmü, dövlət məsələsində hüquq faydaya təslim olur. Zorbalıq və hiylə pisdirmi? Hə, amma cəmiyyəti idarə etmək istəyirsənsə buna əl atmalısan, ta ki insanlar mələyə çevrilənədək. 

Monteskyö cavabında deyir: Sizə görə siyasətin mənəviyyatla heç bir əlaqəsi yoxdur? Etiraf etməlisiniz ki, rəhbərin dövlət resurslarını mənimsəməsi, zorbalığı, qanunları pozması vətəndaşın həyatına yansıyacaq. Yuxarıdakının amansızlıq aktı aşağıdakına təsirsiz ötüşməyəcək və sadə camaat da eynisini bacardığı kimi təkrarlayacaq. Hamı düşünəcək: Rəhbər qəddarlıq, qanunsuzluq edirsə mən niyə etməyim? Deyin, belə bir dövlətin təməli nə qədər sağlam ola bilər? Həmin rəhbərdən sonra dövlət də dağılır. Haqqı əlindən alınanlar qorxub susarlar, ancaq imkan gözləyər və o gün gəldikdə öyrəndiyi zorbalıqla haqlarını geri alarlar. …Siz zəki rəhbərin tərəfindəsiniz, mənsə, zəki cəmiyyətin. Siz qüdrətli rəhbərin tərəfindəsiniz, mənsə, ədalətli. Mənə görə uzun sürən anarxiya uzun sürən despotluqdan daha yaxşıdır. Xalqlar axır-əvvəl öz dövlətlərini qura bilirlər və bunu tiraniya ilə deyil, siyasi idarəçilik elmini öyrənməklə edirlər. Sizin nəzəriyyə qədim xalqların yaşamına uyğun ola bilər; Fatalizmin, quldarlığın hökm sürdüyü dövrlərə. Bu gün bir çox Avropa cəmiyyəti siyasi şəri, siyasi zorakılığı  müasir dövlətçilik və qanunlarla əvəzləyib. 

Tarixən siyasi liderləri 2 yerə ayırmaq olar: makiavelistlər  və monteskyöçular 

Kimsə düşünüb ki, dövlətin yaşaması üçün onun tək əlin gücü ilə qorunması gərəkdir, kimsə əksinə, tək əldə cəmlənən dövlətin dayaqlarının zəif olduğuna inanıb.

Və çox maraqlıdır ki, yeni dünyada birinin ağırlıq yükü Qərbə, digərininki Şərqə düşüb. Qərblə Şərq ayırımını şərtləndirən iki xətt formalaşıb. 

Bəs çağdaş müəlliflər nə deyir? Burada yenə coğrafiya taledi iddiasına üz tutmalı olacağıq. Dünyaca məşhur fələstinli ABŞ akademiki Edvard Səidin "Orientalizm” əsərini misal çəkmək istəyirəm. Cənab Səid Qərbin orientalist-şərqşünaslıq doktrinasını qınayır. 

Ümumi mesajı budur: Siz şərqi öz dünyagörüşünüzlə çözürsüz. Sizin təqdim etdiyiniz Şərq gerçək Şərq deyil. Bu coğrafiyanı anlamaq üçün onun keçdiyi mədəni, siyasi, dini tarixi mərhələləri duymalı, onun mental quruluşundan coğrafi arealına, iqlim şəraitindən mənəvi hava durumuna, onun işğallarından üsyanlarına kimi hər şeyə bir şərqli gözüylə baxmaq gərəkdir. Bunlarsız obyektiv olmağınız mümkün deyil. 

Qoyduğu problemin doğruluğuna ikiəlli razı olsam və böyük intellektual kimi aydınlığına sonsuz sayğı duysam da akademiki empati müstəvisinə dəvət etməkdən özümü saxlaya bilmirəm. Doğulduğu ərəb coğrafiyasında qalsaydı, yüksəldiyi akademik zirvəyə çatardımı, yaşadığı ölkənin mədəni, siyasi, elmi orientirini tənqid edərək orada yaşamağa davam edə bilərdimi? Buradan ora baxanda eyni cür düşünərdimi? Cavabı hamımız bilirik. Yox, yenə də yox… 

Edvard Səidin məşhur fotosu var: dünya mediasını bəzəyən. Fələstin tərəfdən İsrailə daş atan yerdə çəkilib. Əladı, patriotikdi, hətta bəlkə bəşəridir. Yalnız! Məsələ bir amerikalı aydın üçün olduğu qədər asandırmı?.. 

Qərbdə şərqli olmaq çətin deyil. Gəl sən Şərqdə qərbli ol. Makiavellinin coğrafiyasında Monteskyö kimi düşün. 

Hansı daha dəhşətlidir: boş kəllələri seyr etmək, yoxsa daş ürəkləri? 

Biz daş atanda bəzən öz başımıza düşür.

Amma bu daş təkcə şərqlilərin başına düşmür. Buradakı şərq-qərb probleminə bənzər vəziyyət Amerikanın fəthindən sonra orada şimal-cənub məsələsi kimi hökm sürür. Uruqvay yazarı Eduardo Qaleano mövzuya oxşar yanaşıb. "Latın Amerikasının açılmış damarları” əsərində imperiyaların işğalında boğulan xalqların uzun illər özlərinə gələ bilməməsini parlaq-aydın yazıb. Qaleano keçmişin kolonial siyasətini avropalıların üzünə bərk çırpıb. Oxuduqca, bu xalqlar belə əzablı yaşantılarla varlıqlarını necə sürdürə biliblər, düşünürsən. Mövzu coğrafi səmt deyilmiş. Qərb şərq şimal cənub çoxdandı coğrafi səmt olmaqdan çıxıb. İnkişaf, elm, təfəkkür, sivilizasiya, müttəfiqlik, mədəniyyət və s. ölçüsünə çevrilib.

Sənin şərq dediyin şey despotizmin, geriliyin yuvasıdırsa, mən şərqlinin ağlındakı başımın üstündə duran Rusiya yumruğudur. Qayğılarımda - dindaşım olsa da düşmənimə silah daşıyan İrandı.  Suverenliyimi mühasirəyə alan qonşularımdı. 

Bütün daxili aşınmalardan, vəhşətlərdən keçib sonunda sivil cəmiyyət, demokratik sistem quran Qərb yüzillərin əsarətindən qurtulan xalqların boğazından yapışanda ki, tez elə, demokratikləş, nəticə faciəvi olur. Daha ötəsi, "mənim bacarmadığım cənab Putinlə sən döyüş” tələbinin qarşısında sadəcə ölürsən…

Dünya mediasında Navalnının ölümündə RF hakimiyyəti suçlanır. Beynəlxalq sanksiyalara baxmayaraq Rusiya Ukraynadan əl çəkmir. Bir zaman böyük reformator titulu alan Gürcüstanın eks prezidenti Saakaşvili  istintaq altında gah həbsdə, gah reanimasiyada çürüyür.  

Sən mutluluğun rəsmini çəkə bilərsənmi, Abidin?.. 

Eeyy, Avrupaaa! 

Qərbin şərq politikasının böyük yanlışı soruşsaz, yenə Edvard Səid bəylə razılaşaram. Bizi anlamırlar. Bir şərqli üçün sanksiya, bəyanat, xəbərdarlıq, hətta silah-sursat dəstək sayılmaz. Şərqli üçün bu məsələ aposteriordu, praqmatiklik istəyir.  Gözlə görmək, yaşamaq, toxunmaq - praktiklik! Sən gəlib Mişanı, Navalnını həbsxanadan özün çıxarmalı idin, bu qədər konkret. Əks halda varımsa da, yoxumsa da budu deyib əlində olanından  yapışır.  Buna görə sıxışdırıb üstünə getdikdə isə onun sevimli tiraniyasını deyil, öz ideyanı qorxu kabusuna çevirirsən. 

Bəlkə doğrudan da problemə oradan  qərblinin yox, şərqlinin gözü ilə baxmaq gərəkdir.  

Sayğılarla, Aysel Aydin Alizada
qadinkimi.com