YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ
Natəvan Abdulladan "Ər çörəyi" Tarix : 09 Mart 2021, 08:54

Kənddə bir bibi vardı, bacımla mən, "Öz işimizi quracağıq, özümüz pul qazanacağıq, iqtisadi azadlığımız olacaq", - deyib sinəmizə döyə-döyə danışdıqca əsəbləşir, "Elə deməyin, deyin ki, Allah-təala mənə ər çörəyi qismət eləsin" - deyərdi. 

Yadımdadır, bacım bu söz birləşməsini ilk dəfə eşidəndə necə şok yaşamışdı, bərk cırnamış, əsəbləşmişdi. Sonradan bu ifadə dilimizə düşdü, hətta arabir bacımla öz aramızda lağlağı edib gülürdük də.

O bibinin him-cimlə, xüsusi ədayla dediyi o sözlər hərdən çox yorulanda, bezəndə indi də yadıma düşür, yoldaşım evə əlində çörək gələndə, "Bu gün nahara ər çörəyi var!" - deyib gülürəm.

Zarafat bir yana, bəzi qadınlarda bu ər çörəyi arzusu hardan gəlir, görəsən? Bir dəfə öz iqtisadi azadlığını kiminsə, nəyinsə yolunda qurban verdinmi, başqasının boyunduruğu altına könüllü girmiş sayılırsan. Belə bir qadın özünü, öz mənliyini, kimliyini necə tanıya, öz potensialını necə reallaşdıra bilər axı? Açıq-aydın məlumdur ki, tabe olan, fərd olma hüququndan imtina edib könüllü surətdə kişi köləsinə çevrilən bu qadınlar həqiqi xoşbəxtlik yox, yalnız təsəlli tapa bilərlər. Vallah, düz sözümdür, bu təsəllilərin dəfələrlə şahidi olmuşam. Qırx yaşlarında qadınların, "Əşi, məndən keçib, əsas uşaqlardır, əsas odur ki, başımızın üstündə bir dam var, əsas odur ki, evdə bir kişi hənri var" - demələrinə, gözlərində qalan arzuları sahib olduqları ilə müqayisə edib özlərini təsəlli etmələrinə xoşbəxtlik demək olarmı? Bəlkə səhv edirəm, nə bilim. Hamı eyni düşüncədə olası deyil ki. Amma insan özünü reallaşdırmasa, öz potensialını ortaya qoymasa, necə rahatlıq tapa bilər axı həyatda? Öz arzularını övladlarının üstünə köçürərək, yoxsa daha çox pal-paltar, əşya alaraq? 

Təsəvvür edin, yetkin bir yaşa çatmısınız, oturub gözləyirsiniz ki, bir igid çıxacaq qarşınıza, sizi öz güclü qollarının arasına alıb həyatın çətinliklərindən xilas edəcək. Demirəm pis xəyaldır. Xəyal olaraq yaxşıdır, əlbəttə. Amma real həyatda bunu yaşamağı gözləmək, bunun arzusunda olmaq böyük xəbislikdir. Allah kəssin belə xasiyyəti. Bu niyyətlə insanlara yaxınlaşıb könül bağı qurmağa çalışmaq naqis hərəkət deyilmi?

Psixologiya elmi deyir ki, dünyanın hər yerində qadınların daxilində "ər çörəyi" arzusunda olan biri yatırmış. Psixologiya elmində bunun adı andromeda kompleksidir. Bu kompleksi yaşayan qadınlar, çətin həyat şərtlərindən və öz məsuliyyətlərindən xilas olmaq üçün qarşılarına çıxan ilk kişinin şirin sözlərinə aldana bilirlər. Bu aldanmaq əslində, hər hansı bir kişinin toruna düşmək deyil, öz içindəki o androdema quyusuna yuvarlanmaqdır. Hətta bəzi psixoloqların iddialarına görə, demək olar ki, bütün qadınlar, şüurlu, ya da şüursuz formada bu kompleksi yaşayırlar. Yuxarıda dedim axı, pis xəyal deyil. Gəl ki, bu kompleksin güclü formasını yaşayan qadınların həyatla bağlı məmnunluqları azalır, hərəkət sferaları məhdudlaşır və onlar həyatın çətinlikləri ilə mübarizə aparmaq, motivasiyalı olmaq, öz daxilindən güc alıb cəsarətlə hədəflər qoyub irəli getmək əvəzinə, bir kişi vasitəsilə içində olduqları həyat şərtlərindən qurtulmağı gözləyirlər.

Bu gün cəmiyyətimizdə gənc qızların, hətta qadınların bir çoxunun düşüncələrində bir kişinin baş tacı olmaq, əl içində yaşadılmaq, şahzadə kimi yaşamaq xəyalları ilə qarşılaşa bilərik. Əlbəttə, hər bir insan dəyərlidir və rifah içində yaşamaq hər kəsin haqqıdır. Amma bu düşüncədə olan qadınların görə bilmədiyi bəzi məqamlar da var. Onlar şahzadələrin böyük saraylarda, bağlı qapıların, qala divarlarının arxasında nələr yaşadıldıqlarını unudur, bir kişinin baş tacı ola bilmək üçün ona tabe olub xidmət etməyi seçir, həyatdakı yerini öz həyatının baş rolu olaraq yox, bir kişinin "əlləri içində" yaşadılmaq olaraq müəyyənləşdirirlər. Bu isə müstəqil fərd olmaqdan, onun məsuliyyətlərini öz üzərinə almaqdan qaçışdır.

Bütün bu şüurlu, yaxud şüursuz seçim tərzi qadının ağlını və yaradıcılığını lazımınca işlədə bilməməsinə, basdırılmış hisslərə,  sosial fobiyaya və bir sıra başqa problemlərə gətirib çıxarır - gərəksiz ailə-məişət davaları, məntiqsiz hərəkətlər, isterikalar, başqa qadınlara qarşı güclü paxıllıq hissindən əziyyət çəkmək və sairə. Beləcə, adi bir psixoloji halı bir az araşdıranda anlayırsan ki, qadınların mübarizə apardığı əslində, həyatlarında olan, onları məhdudlaşdıran insanlar yox, bəzən öz düşüncələrindəki boşluqlar olur.

 

 

 

 


Natəvan Abdulla 

 

qadinkimi.com