YAZI / DÜŞÜNCƏ, UŞAQ / BÖYÜK
Müəllim valideynlərə məktub yazdı Tarix : 22 Dekabr 2022, 15:38
Əziz valideynlər!
Bu gün mən müəllim işləyərək 430 manat əmək haqqı alıram. Başqa heç bir qazancım yoxdur. Müəllim kimi işə başlayandan vicdanıma and içmişəm ki, sizin övladlarınızı dövlətimin verdiyi imkanlar daxilində məhz məktəbdə öyrədəcəm. And içmişəm ki, bir şagirddən 1 qəpik də olsun heç nə götürməyəcəm. Ona görə də nə repetitorluq edirəm, nə də ad günü, şad günündə kimdənsə pul alıram. Sadəcə aldığım halal əmək haqqımdır. Amma bu gün mən həmin əmək haqqından 250 manat kirayə pulu ödəyirəm. Yerdə qalanla da ayımı güclə ötüşdürürəm. Bəzən marker, kağıza da pulu cibimdən verirəm. Hansısa şagirdin qələmi, dəftəri olmayanda mən o günə olan yemək xərcimdən həmin şagirdə qələm də, dəftər də alıram. Bütün bunlara baxmayaraq, yenə də usanmıram, "niyə bu peşəni seçdim" deyə özümü məzəmmət etmirəm. Çünki mənim amalım var. Mən müəlliməm. Vətən üçün istedadlı insanlar yetişdirmək borcumdur. Bu gün bir şagirdə bir düsturu öyrədəndə elə bilirəm ki, milyonlar qazanıram. Həmin an necə xoşbəxt olduğumu yalnız əziyyətinin bəhrəsini görənlər bilər. Hər bir şagirdə öz doğmam kimi, övladım kimi yanaşıram. Amma təəssüf hissilə qeyd etmək istəyirəm ki, bəzən sizin övladlarınız bu münasibətimdən sui-istifadə etməyə cəhd edir. Bəzilərinin dediyi sözlər qəlbimi parçalayır. Övladımtək yanaşdığım şagird "valideynlərimin hesabına yaşayırsınız" deyir. Halbuki məndən savayı digər müəllimlərin yanına hazırlığa gedir. Sizin övladınızın qiymətini kəsmirəm, amma onları oxumağa sövq edirəm. Nəticədə yenə aralarından biri çıxıb mənə deyir ki, "müəllim, onsuz da biz bunları hazırlıqda keçirik, deməsəniz də olar". Sinifə yeni şagird gəlib. Uşaqları başına yığıb və deyib "bu müəllim zəifdir, ona görə yanına hazırlığa gedən də yoxdur. Şikayət edək dəyişsinlər". Mən bunları eşitdikcə çox pis oluram. Amma çalışıram ki, təmkinli olum. Onların qəlbinə dəyəcək söz işlətməyim, şiddət göstərməyim.
Bu məktubu sizə ona görə yazıram ki, mənim andlarıma xilaf çıxmayacağımı biləsiniz. Onlar nə desə də, mən amalıma xəyanət etməyəcəm. Yetər ki, övladlarınızla danışın və davranışlarına diqqət edin.
Biz müəllimləri övladınızın qarşısında göyə də qaldıran, yerə də vuran sizsiniz. Sizin fikir və hərəkətləriniz onların davranışlarına təsir edir. Sözümdən inciməyin. Əgər bu gün evlərinizdə yanlış davranışa yol verən hansısa bir müəllimə görə bütün müəllimlər haqqında mənfi fikirlər səsləndirsəniz, həmin an bizi məhv etmiş olursunuz. Əgər siz bu gün evlərinizdə "ayda bu qədər pul verirəm, mənim pulumla dolanır" kimi fikirlər deməsəniz, o uşaq həmin sözü işlətməz. Yeri gəlmişkən, övladınızı hazırlığa qoymaq sizin öz günahınızdır. Haqqınızı tələb edə bilmirsiniz. Məktəbdə oxumaq istəyən şagird üçün imkan da var, müəllimlər də var. Bu gün dövlət pulsuz təhsil verdiyi halda bəyənmirsiniz. İclasların birində əksəriyyətiniz dediniz ki, müxtəlif fənlərə görə ayda 300-400 manat hazırlığa pul verirsiniz. Olmaz ki, həmin təhsili məktəbdən tələb edəsiniz? Olmaz ki, o pulu övladınızın və ya ailənizin başqa vacib tələbatına xərcləyəsiniz? Bəziləriniz də işsizlikdən şikayətlənirdiniz. Amma övladlarınızın hazırlığına pul tapırsınız, onlara 800-1000 manatlıq telefonlar ala bilirsiniz. İstənilən halda övladınıza özünüz ziyan verirsiniz. Pulsuz təhsil ala bildikləri halda, siz özünüz müəllimləri pula öyrəşdirirsiniz və aramızda bəziləri pullu dərs keçdiyi üçün, yanına uşaqlar getdiyi üçün güclü müəllim hesab olunur. O adı da siz verirsiniz ki, bu gün övladınız pul almayan, dərsini keçən müəllimi zəif, digərini güclü bilir.
Aranızda heç kim deyə bilməz ki, mənə 1 qəpik pul və ya hər hansısa hədiyyə verib. Xahiş edirəm ki, nəzərə alın və bu amili zəiflik əlaməti kimi qəbul etməyin.
Mən kiçik yaşdan hər bir şeyi pulla əldə etməyi uşaqlara aşılamaqla gələcək üçün rüşvətə öyrənən vətəndaş, rüşvətxor məmur yetişdirə bilmərəm. Sizə də məsləhət görmürəm.
Hörmətlə: Azərbaycan müəllimi
 
 
İbrahim Həsənzadə
qadinkimi.com