"Yeşilçamın” ustad aktyor Cüneyt Arkının ölümü bütün sənətsevərlər üçün ağır itki oldu. Sənət naminə sağlamlığı daxil bir çox qurbanlar verən aktyorun yoxluğu ilə barışmaq çox çətindir. Neçə gündür Türkiyə mətbuatı unudulmaz kino ulduzu barədə silsilə yazılarla bu yoxluğu doldurmağa çalışır.
Ustad ölümündən əvvəl son müsahibəsini Merve Yurtyapan Bozkurta verib. Mervenin "Yarım asrı devirenler!” kitabında aktyor 53 illik həyat yoldaşı Betül Cüreklibatıra olan məhəbbətindən söz açıb. 7 məşhurun ailə həyatından bəhs edən kitabda ulduz xoşbəxt nikahın formulunu izah edib, həm də gənc cütlüklərə özəl tövsiyələr verib:
"Evlilikdə eşqin yerini bir müddət sonra böyük bir sevgi tutur. Onsuz var ola bilmirsiniz. Betül şəfqətli anadır. Mənə gözü kimi baxdı. Yanımda olmayanda onun üçün çox darıxıram. Bəzən bağ evinə Betülsüz gedirəm, amma səsinə həsrət qalıram. Xanımımın varlığı mənimçün çox böyük yaşam sevincidir.
Uşaqlarınızı çox sevin, amma bir-birinizə laqeyd qalmayın. Övladlarıma hiss etdirdim ki, sevgi dolu bir ailədə böyümək ən böyük hədiyyədir. Bunu onlara öyrətdim, göstərişdən uzaqdılar, xoşbəxtliyi təmtəraqda, lüksdə deyil, ailə rifahında tapdılar. Sevgi və sayğının olduğu ailə münasibətinin təməlində anlayış dayanır. Məncə, xoşbəxt evliliyin sirri qarşılıqlı anlayışdan keçir. Beləliklə, bir-birinizi anlayır, sülh və əmin-amanlıq içində xoşbəxt yaşayıb gedirsiniz”.
Karyerası boyunca dublyordan imtina edən Arkın rollarını daha inandırıcı oynamaq üçün hər riski gözə alırdı. O, hətta bal ayına əli sınıq vəziyyətdə getmişdi. "Malkoçoğlu”nun çəkilişləri arasında onurğası qırılıb iflic olmuşdu. Arkın həyat yoldaşının bu müddətdə uşaq kimi qayğısına qaldığını, altı aydan sonra əvvəlki vəziyyətinə qayıtdığını demişdi.
Aytən Məftun