BURA / ORA
İranın yeganə qadın Olimpiya medalçısı ölkəni tərk etdi: Mən milyonlarla əzilən qadınlardan biriyəm Tarix : 12 Yanvar 2020, 14:53
Yazar : Qadinkimi.com
İranın Olimpiya mükafatçısı yeganə qadın atleti Kimiya Əlizadə təzyiqlər səbəbiylə ölkəsini tərk etdiyini açıqlayıb.

Sosial media üzərindən ölkəsini tərk etdiyini açıqlayan taekvando üzrə bürünc medal mükafatçısı Əlizadə "Mən İranda zülmə məruz qalan milyonlarla əzilən qadınlardan biriyəm" deyib. Əlizadə İranda idmançılardan siyasi səbəblər üçün istifadə edən, lakin əslində onları təhqir edən "ikiüzlülük" olduğunu qeyd edib.
 

Kimiya Əlizadə Zenoorin, 2016 Yay Olimpiya oyunlarında taekvondo yarışlarında İran adına bürünc medal qazandığı zaman - Foto/Robert F. Bukaty

Xanım atlet İnstaqram hesabında bir mesaj paylaşaraq, "Mənə nə desələr onu edirdim, nə istəsələr onu geyinirdim. Lakin biz onların vecinə deyildik, onlar üçün bir vasitə idik” yazıb. Xanım onu da vurğulayıb ki, molla rejimi medallarını bəyənsə də, seçdiyi idman növünü tənqid edirmiş: "Qadının fəziləti ayaqlarını uzatmaq (şpaqat açmaq) deyil! "
 


Yarı rəsmi İran xəbər agentliyinin yaydığı məlumata görə hazırda Əlizadənin Hollandiyada olduğu deyilir. Lakin xanım Kimiya heç kimin onu Avropaya dəvət etmədiyini bildirərək, bu qərarın olimpiya qızıl medalını qazanmaqdan daha çətin olduğunu, "Mən harada olsam da yenə İranın qızı olaraq qalıram" deyib. Hazırda yaşadığı ölkə haqqında isə heç bir məlumat verməyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus isə Kimiya Əlizadənin Avropaya sığınmasına belə münasibət bildirib: "İran qadınlara güc və dəstək verməyi öyrənməyincə daha güclü qadınları itirəcək".
 

 
qadinkimi.com