BURA / ORA, UŞAQ / BÖYÜK
İntiharın 17 yaşı - Orxan Şahbaz yazır Tarix : 01 Avqust 2019, 22:11

Zaqatalada 17 - yaşlı qızı zorla 32 - yaşlı birinə ərə verirmişlər (satmaq, ticarət etmək, alış-veriş etmək desək, daha doğru olar) deyə qız özünü ölümə məhkum edərək, intihar edib. 

Ölkədə cinsi aclıq, mental adətlər, alış-veriş üçün olan nikahlar və.s 
o qədər bərbad vəziyyət alıb, elə həddə çatıb ki, yeniyetmələr özlərinə qəsd edirlər; Xüsusilə, qadınlar. 

Axı qadın mentalitetin uydurduğu "əşya, mülk, obyekt, ticarət aləti, evyıxan" bir obrazdır. 

Bəlkə də o qız Azərbaycan üçün elm, incəsənət, idman və.s sahələrdə böyük şəxsiyyət ola bilərdi. 
Bəlkə də onun gözəl arzuları var idi. 

17 yaşında bir yeniyetmə bala niyə intihara məcbur olsun? 

2-əsas səbəb var:

1.Ailənin töhməti 
2.Ətrafın qınağı 

Toplumda olan ailələrin 95%-i övladını "öz arzuları" ilə böyüdür. Sən necə istəyirsənsə, oğlun ya qızın da elə olmalıdır, çünki sən dünya görmüş adamsan və hər şeyi yaxşı bilirsən.

Fərqi yoxdu, müəllimindən tutmuş həkiminə qədər belə düşünür.

Sanki evdə məhsul yetişdirib bazara satışa çıxaracaqlar. İntihar edən, depressiya yaşayan və psixoloji sarsıntı keçirən insanları analiz etsələr, birinci bu səbəb çıxacaq.

Övlada özünü ifadə və seçimlərini etmək üçün imkan vermək lazımdı. Bəlkə oxumaq istəyir, zorla əşya kimi satacaqsan?! 

Bu gün ölkədə 17-yaşlı yeniyetmə özünə şəxsiyyət kimi baxa bilmir və nəticədə nələrəsə qurban gedir. 

Ətrafın qınağı, camaat nə deyər, "xalxın uşağı" - miflərini yaradaraq, millət özünü bədbəxt edib.

Hər gün mahiyyəti eyni olan müxtəlif formalarda belə hadisələr eşidirik və gündən-günə artmaqdadır.

Kişiliyi içki ilə, qadınlığı ərə getməklə ölçən cəmiyyəti uçurumdan başqa heç nə gözləmir. Necə ki uçurumdadı. 

Nə isə...

Düşünürəm, görəsən, o qız özünə qəsd edən zaman nə hisslər keçirirdi? - dəhşətli mənzərədir. 

Bu gün intiharın 17 yaşı oldu...

Dünən 14 idi...

Sabah 14,13,12...17,18,19...

Orxan Şahbaz
qadinkimi.com