HÜQUQLARIMIZ, QADIN / KİŞİ
Evlənən kimi uşaq dünyaya gətirməyə tələsməyin - vəkildən Tarix : 28 Aprel 2022, 11:19

2021-ci ilin avqust ayından mediator kimi fəaliyyətə başlamışam və ən çox  baxdığımız işlər də boşanma işləridir. Saymadım, amma düşünürəm ki, 100-dən çox boşanma işinə baxmışam. Yəni təcrübəyə əsasən danışıram.  



Bu gün üçün evlənməkdən əvvəl 3 dəfə düşünüb, "bir az daha gözləyim" demək lazımdır. Əvvəla evlənən tərəflər həm özlərini, evlilikdən nə gözlədiklərini, həm də qarşı tərəfi və onun evlilikdən nə gözlədiyini başa düşməlidir, qarşı tərəfə başa salmalıdır. 


Kişilər bilməlidir ki, evlənmək istədikləri qadına qarşı duyduqları ehtiras keçicidir və ilk mətbəx "razborkasından” sonra sona çata bilər. Bu səbəblə də onu həmin qadına bağlayan digər mənəvi, dünyagörüşü, kültür bağlarının olub-olmadığını yoxlamalıdır. Başqa bir sözlə, kişi qadını hormonal heyvani instinktlə deyil, qəlbi ilə sevməlidir və onunla birlikdəlik arzulamalıdır. 



Qadınlar öz növbəsində bilməlidir ki, onlar adətən kişini deyil, reallıqda özlərinin o kişi tərəfindən sevilməsini sevirlər. 


Qadını yuxarıda izah etdiyim hormonal instinkt hissi ilə yatağına almış kişi bir müddət sonra başqa dişi arzusuna keçib evləndiyi qadına qarşı marağını azaldır, belə halda isə əvvəlki kimi arzulanmadığını görən qadın da bir müddət sonra həmin kişidən soyuyur. Lakin yenə sevilməyi arzu edir, başqa insan tərəfindən olsa da. 


Bu yazdıqlarım boşanmaların əsas səbəbini təşkil edir, lakin bundan başqa səbəblər də var - məsələn, bəzi cütlüklərdə birisi aşırı maddiyyata düşkün olur və onun bu gözləntisinin qarşılanmaması narazalığın təməlini qoyur. 



Başqa bir səbəb isə ətrafın basqısıdır, o da yetişməmiş, olqunlaşmamış cütlüklərdə öz fəsadını göstərir. 



Dünyagörüşünün fərqli olması da gələcəkdə yaranacaq ixtilafların əsas benzinini təşkil edə bilir. Praktikamızda bir hadisədə, sələfi dünyagörüşünə sahib bir xanım ildə bir-iki dəfə içki içən ərini kafir hesab edirdi və aralarındakı nikahı da batil sayaraq boşanmaq istəyirdi. 


Bir başqa cütlükdə isə qadın xırda bir mübahisədə bütün blokun eşidəcəyi şəkildə qışqırmağa başlayırdı, yuxudan kal oyananda bütün günü hirsli olurdu, sıx-sıx ərinə videocall etməklə soyuq olan aranı daha da açdığına görə xırda mübahisələri ciddi davaya dönən cütlük boşanırdı.  Təbii ki, nikahdan əvvəl tərəflər bu qədər fərqli olduqlarını bilmirdi. 



Başqa səbəblər də var, saymaqla bitmir. 

Odur ki, evlənməyə qərar vermədən əvvəl, çox-çox düşünmək, tələsməmək lazımdır. 


Evliliyin ilk 3 ilində uşaq sahibi olmaqdan çəkinmək lazımdır.


Fərhad Mehdiyev

qadinkimi.com