DƏB VƏ BAXIM
DÖYMƏ - ADƏTDƏN DƏBƏ DOĞRU Tarix : 25 Yanvar 2019, 19:44
Tatu fransızcadan tatouer, polineziya dillərindən olan (Sakit okean sahilində Okeaniya adalar qrupu) taiti qolundan alınma tatau  sözü ilə identikdi. Mənası – insan dərisində rəsm deməkdi.  
 
   Tatunun tarixi çox qədimdi.  Biz onu yalnız qədim tayfalar haqda filmlərdə, hind aktyorlarının bədənlərində deyil,  həm də əsgərlikdən qayıtmış əmilərin, dayıların əlləri, qollarında görmüşük. Uşaqlıq yaddaşımıza bu cür epizodlar az yazılmayıb.  Göy və yaşıl rənglərin sintezi bizim üçün sirli qalırdı. Oxuduğumuz  "ana”, ”ata”, ”vətən” sözləri,  qız adlarının baş hərfləri, yaxud xidmət etdikləri  sahəyə uyğun şəkillər  onları başqa dünyadan gəlmiş kimi göstərirdi.  Uşaq olsaq da, düşünürdük ki, nəyinsə döyməsi varsa, demək, həmin adam üçün bu, önəmli  məsələdir. Keçmiş əsgərlər isə özlərini o yerə qoymayıb, sadəcə,  "bekarçılıqdandı” deyirdilər. 
 

Belə döymələr həbsdən çıxanlarda da  olardı.  Biz hətta döyməsindən adamın həbsdə olduğunu anlayardıq.  
   İnsanın öz bədənini bəzəməsinin tarixi çox qədimlərə gedib çıxır. Tarixçilərin fikrincə  ilk döymə  6 min il əvvəl edilib. O zaman bu şəkillər təkcə bəzək kimi deyil, həm də cinsi, qəbiləni,  ailə durumunu  göstərən işarə kimi qəbul olunurdu. Məsələn, yapon aborigenlərindən Aynu tayfalarının qadınları ailə vəziyyətlərini göstərmək üçün üzlərini şəkillərlə bəzəyərdilər. Dodaq, qaş və çənədəki rəsmlər  qadının ailəli və ya  subay, neçə uşağı olması haqqında  bilgi verirdi.  Digər xalqlarda tatu qadının uşaq doğa bildiyini göstərirdi. Hətta tatusuz qadının doğduğu uşaqları anındaca məhv edirdilər.
 
   İndoneziya və Polineziyanın hind qəbilələrinin isə bütün həyatı tatu ilə bağlıdır. Onların qocalarının bədənlərində şəkilsiz yer tapmaq çətin məsələdir.  Bu tayfanın üzvləri doğulandan ölənə kimi müxtəlif hadisələri bədənlərinə həkk edirlər.  
Yeni Zelandiyanın Mayori tayfası isə "moko”ya üstünlük verir. Həlak olmuş döyüşçünün üzündə moko maskası varsa, onun başını kəsib, tayfanın qiymətli əşyası kimi basdırır, maskasız döyüşçüləri isə vəhşi heyvanlara yem edirdilər. İngilis missionerlərinə öz torpağını satan Mayori tayfasının üzvü üzündəki maskanı da imza əvəzinə sənədə çəkərdi.
 
   Tatu keçmişdə həm də mistik məna daşıyırdı.  İnsanlar onun uşaqları qoruduğuna, döyüşdə və ovda kömək etdiyinə, xəstəlikləri qovduğuna inanırdılar. Borneo adasında yaşayan Diak tayfasının inancına görə,  o biri dünyada qara ağa çevrilir, zülmət işıqla əvəz olunur.  Ona görə də bacardıqca tünd rəngli tatuajla bədənlərini bəzəyərdilər. İnanardılar ki, öldükdən sonra bu şəkillər işıqlanacaq və həmin işıq onları cənnətə aparacaq. Qədim ərəblər bədənlərinə "Quran”dan ayələr yazmaqla bəladan hifz olunacaqlarını düşünürdilər. 
Tatuaj insanın sənətinə  görə də vurulur.  Məsələn, dənizçilər kürəklərinə, qollarına, sinələrinə qayağı, lövbər, ya da elə dəniz şəkli çəkirlər.  Onlardan papaq rəsmi gözləmək olmaz.
 
 
İnsanın asan çəkilən və pozulan rənglərdən imtina edib, kəskin alətlərlə özünə əziyyət verməsinin səbəbi bu gün də məlum deyil.  Məlum olan budur ki, bədənə şəkil çəkdirmək bu gün tatu adı ilə trendə çevrilib. Artıq adət yox, dəb kimi qəbul edilir. Əgər əvvəllər tatu kişilər arasında çox yayğın idisə, indi tatu etdirənlər  59 %  qadındı.   

qadinkimi.com