SEVGİ, QADIN / KİŞİ
Bu əlamətlər münasibətinizin gələcəyi olmadığını göstərir Tarix : 30 Avqust 2022, 09:17

İndi televiziya seriallarında olduğu kimi münasibətlər qurmaq çox dəbdədir: nifrət, düşmənçilik, daimi mübahisələr, dava-dalaş və sonda möcüzəvi şəkildə bir-birini sevdiyini anlayıb barışmaq. 


Yaxud böyük sevgi naminə hər şeyi, hətta ən iyrənc əməlləri belə bağışlaya bilmək - bu böyük sevgidir! 


Əslində, bu, personajların ssenariyə uyğun hərəkət etməsindən başqa bir şey deyil, seriallarda gözəldir, maraqlıdı, həyəcanlıdı, amma real həyatda vəziyyət tamamilə fərqlidir. Elə şeylər var ki, sözün həqiqi mənasında "bu sizin adamınız deyil” mənasına gəlir, hətta təhlükə haqda bağırır: doğru adamla deyilsiz! Bir neçə belə siqnal təqdim edirik:


Tez-tez mübahisə edirsiz


Mübahisələr sizin üçün adi hal alıb, onsuz da o qədər tez-tez mübahisə edirsiniz ki, bunun nə qədər anormal olduğunu belə hiss etmirsiniz. Bir gün olmur ki, inciməyəsiz, sosial şəbəkədə, telefonda və görüşdə mübahisə etməyəsiz. Əgər gündə ən azı bir dəfə mübahisə etməmisinizsə nəyinsə səhv getdiyini düşünürsüz. Bu, həyəcan siqnalıdır. Birgəliyinizin keyfiyyəti söyüş və mühakimələrin sayı ilə müəyyən edilməməlidi. Və əgər belədirsə, getmək vaxtıdır.


Qəzəbləndiyiniz zaman bir-birinizi manipulyasiya edirsiniz


Aramızda kim bir şeydən inciyərkən "susma oyunu” oynamayıb? Və yaxud dünən sizlə pis davranıbsa, xətrinizə dəyibsə, onunla çölə çıxmaya, danışmaya bilərsiz, - amma davamlı olaraq bir-birinizi bu şəkildə manipulyasiya edirsinizsə, münasibətlərinizin hara getdiyini düşünməyin vaxtıdır. Mübahisə anında sizi (yaxud siz onu) manipulyasiya etməyə çalışırsa, çətin anlarda sizə dəstək olacağına necə əmin ola bilərsiniz? Ümumiyyətlə, bu pis əlamətdir.


Mübahisə zamanı sadəcə təhqir və ittihamlara keçirsiz, mövqeyinizi əsaslandırmırsız


Bu, təhlükəli əlamətdir. Mübahisənin mövzusu ilə tamamilə əlaqəsi olmayan sözlər deyirsinizsə, faktları, arqumentlərinizi deyil, təhqiredici fikirləri, bir-birinizi alçaltmağı seçirsinizsə, böyük problem var. Deməli, həmin anda məqsədiniz münaqişəni həll etmək deyil, haqlı olmaqdır. Mübahisə zamanı göz yaşları, yumruqlarla hücum və qapıların çırpılması onu göstərir ki, siz nəinki bir yerdə ola bilmirsiniz, söhbətiniz də alınmır. Mübahisə zamanı bu şəkildə iddianızı sübut etməyə çalışırsınızsa və birinizin səsi batana qədər bağırıb təhqir edirsinizsə, nəsə səhvdir.


Dostlarınız tez-tez soruşurlar: Yaxşısan?


Dostların həyatınız və münasibətlərinizlə maraqlanması normaldı, lakin bu kimi suallar verərkən iki şeyi nəzərə almaq lazımdır: sual verənin tonu və sualların tezliyi. Hər gün sizə bu sual verilirsə, düşünün, həqiqətən yaxşısınız?


Biri digərinin etibarını qırıb


Sevgiliniz sizi keçmiş sinif yoldaşınıza və ya hansısa tanışınıza qısqana bilər və ya siz onu. Müəyyən vaxt inciklik ola bilər, hətta etibarınız sarsılar. Amma ona bəzi şeyləri deyə bilmirsizsə, güvəniniz yoxdursa, reaksiyasından, davranışından və s. qorxursuzsa, bəzi məsələlərdə onun sizin tərəfinizdə olmayacağından ehtiyat edirsizsə, sizi anlamadığını düşünürsüzsə, bu, cütlüyünüzdə hər şeyin qaydasında olmadığı haqda ciddi siqnaldır.


Onun pis davranışlarını daim bəhanələrlə ört-basdır edirsiniz


O sizə hörmət etmir və daima susdurur, siz isə buna bəhanə tapırsız? O, sizinlə maraqlanmır və siz onun sadəcə "sentimental insan olmadığını" deyirsiniz? O, qəzəbini sizdən çıxarır və siz ona sadəcə pis gün keçirdiyini söyləməklə haqq qazandırırsınız? Özünüzə gəlin! Siz uzun müddətdir ki, ondan asılısınız və tək qalmaqdan qorxursunuz! Ondan uzaqlaşmaqdan çəkinməyin və əmin olun - onun yerinə daha yaxşı biri gələcək - bu, kainatın qanunudur.


Dostlarınız və ailəniz sizi dram kralı və kraliçası hesab edir


Bəlkə də bu, sadəcə bir zarafatdır, amma yenə də tona diqqət yetirin, bəlkə dostlarınız və ailəniz sizin görmədiyinizi görür - sizin və sevgilinizin əsl problemləri var. Sağlam və güclü münasibətdə dram yaşanmır.



Aranızda hər şey yaxşı olanda - yaxşısız, pis olanda isə - fəlakətdi


Demək istəyirik ki, mübahisə edəndə hər ikiniz pis olursunuz - ürəyinizi yeyirsiz, ağlayırsınız, o, əsəbiləşir və mesajlarınıza deyinməklə cavab verir və ya "siz sakitləşənə qədər” heç danışmaq istəmir.  Amma siz hər dəfə xırda şey üstündə mübahisə etdiyinizi düşünürsüzsə - xüsusilə yalnız siz, həyəcan siqnalı çalınır. Hətta o, ailənizi başqalarının yanında təhqir etsə də, sizi alçaltsa və ya həqiqətən dəhşətli bir şey etsə də, yaxşı xatirələrdən yapışırsınız: keçən il tətildə nə qədər əyləndiyinizi, bəzən sizin üçün qapını necə açdığını, stulu çəkdiyini yada salırsız - qısaca, bütün mübahisələri heçə endirən dəyər kimi qəbul edib ümumi kiçik şeyləri gözünüzdə böyüdüb ona haqq qazandırırsız. Əslində, sadəcə xoş xatirələrdə yaşadığınızı və hər şeyin artıq dəyişdiyini görmürsünüz. Bu paraqraf sizin haqqınızdadırsa, oyanmaq vaxtıdır.


Anna Bratçikova

Tərcümə: Leyla, Qadinkimi.com üçün