BURA / ORA, YAZI / DÜŞÜNCƏ
Bir az Amsterdam haqqında - AYSEL ƏLİZADƏ Tarix : 25 Fevral 2020, 17:50
Yazar : Aysel Əlizadə
Bakıya bax, bu şəhərin qədimliyini sübut edəcək nəsə varmı indi? Aydın olur. Onun varlığı gələcəyə hesablanmayıb. Hər şey indi və bu günlə bağlıdı. Bakı kimlərəsə satılıb. Tək məqsəd ondan indi pul qazanmaqdı, yiyəsi gələndə nə ola-ola. Görəsən, bunu təkcə mən sezirəm?

Səkidə bina tikib satılır, bina. Səkidə! Restoranlara bitişik bina tikilib satılır. Yanğın olanda söndürməyə maşın sala bilmirlər həyətlərə, yer yoxdu girişə. Uşaq meydançaları satılır bina tikilir, özəl evlərə yapışıq bina tikilir. Əyri-üyrü, plansız, səliqəsiz, harda, necə gəldi bina, bina, bina... Və... vəsi odur ki, mənim sevimli xalqımın üzvləri "novostroyka”da ev almaq üçün sıraya düzülür. Təki "novostroykada” evim olsun. Tək məntiq, həyəcan, məqsəd budu. Heç kim sorğulamır, necə tikilib, uyğundu, deyil? Heç kim qınamır, boykot etmir bu tikililəri. Heç kim demir, insanların həyətini əlindən alıb bina ucaltmısız, qarğış yiyəsi ola bilmərik, almırıq bu mənzili. Heç kim demir paytaxtımızı görkəmsiz etmisiz, almırıq o evləri. Soruşmur heç kim: Səkidə ev tikərlər? İllərdi həyətləri, evləri əllərindən alınan, aksiya edən, küçədə gecələyən həmvətənlərimizi görürük. Adamların gəlib evini uçurdurlar. Dövlət gəlib vətəndaşına deyir ki, çıx evindən, dağıdıram buranı. Dövlət e, dövlət!!!

Niyə? Çünki novostroyka tikəcək, nəsə tikəcək, satacaq o torpağı. Pul, pul, pul!!!

Amsterdamda kafe, dükan sırasında iki mərtəbəli yığcam qədim ev gördüm, soruşdum ki, nə əcəb bu sırada şəxsi ev var? Dedilər, evin sahibi satmır, pis-yaxşı bura vətəndaşın mülküdü, dəymək olmaz, ona görə qalıb. Belə dövlətlər var. Mənim sevimli xalqımın üzvləri də Amsterdam sözünü eşidəndə elə bilir əhali orda soyunub gəzir, kütləvi əxlaqsızlıqla məşğuldu. Amma mən həyatımda elə ədəbli, düzənli şəhər görməmişdim. Uşaqlarla küçədə-bacada, restoran-kafedə qarşılaşmazsan. Dərs, disiplin, rejim müəyyən edilib.

Uşaq əyləncə mərkəzlərində olurlar. Üstəlik, daha çox atalar vaxt keçirir onlarla. Nemo adlı uşaq elmi-əyləncə mərkəzində olduq, atalar uşaqları ilə birgə əylənirdi, ciddi-cəhdlə oyunlar oynayır, kimyavi təcrübələri, fiziki hadisələri izah edirdilər. Ucadan danışan insan da görmədik orda, küçədə qadına zillənən kişi də görmədik, dodağı silikonlu, üzü dartılmış, qaşı tatulu, burnu düzəlmiş qadın görmədik. Özü də kişiləri də, qadınları da olduqca yaraşıqlı, boy-buxunlu, aydın üzlüdü. Sport stilində, səliqəli geyinirlər. Sallaq şalvar, əyinə 2 ölçü böyük enlibalaq geyməzlər. Vulqar insan da görmədik, siqnal verən sürücü, dəmir qapı, daş hasar, pəncərədə barmaqlıq görmədik. Adamların villalarının qapısı taxtadandı. Mədəniyyətin dərəcəsinə bax, hasar yoxdu, oğurluq olmur ölkədə. Həbsxanalar bağlanıb, bir-ikisi qalıb onu da bağlayırlar. Ölkədə cinayət törədən yoxdu. Dövlət rəflərə düzüb bütün problemləri. Kimin ağlına nə gəldi edə bilməz. Kim harda gəldi seks biznesi qura, himayəçilik edə bilməz. Polis nədi, kiminsə cibinə narkotik atıb tutmaq nədi. Belə şey haqda qurulan cümlə də cəmiyyəti vurar bir-birinə, fentezi kimi yanaşarlar, heç vaxt inanmazlar. Hər şey dövlətin nəzarətindədi, hər şey! Tək ana bütün ödənişlərdən azaddı, yalnız simvolik ödəniş müəyyən edilir. Başqası üçün yüz yevroluq kurs tək ana üçün on yevrodu.

Ora Niderlanddı, bəli. Mənim sevimli xalqımın üzvlərinin təsəvvüründə bütün günü "Qırmızı fənərlər” həyatı yaşayan Hollandiya. Yeri gəlmişkən, həmin küçəyə də getdim. İnsan sivilliyi, mədəniyyətin yüksək səviyyəsini görüb bilmir daha yaxşı necə sevinsin. Mənim ölkəmdə şəhərin mərkəzində, qışın ortasında paltolu - papaqlı qadın daha böyük zorakılığa - sözatmaya, sataşma, zillənməyə məruz qalır nəinki Qırmızı Fənərlərin yarıçılpaq vitrin qadınları. İnsanların gözü toxdu, təfəkkürü genişdi, görməmiş deyillər, veclərinə deyil kim çılpaqdı, kim çullu. Baxmırlar belə. Ucadan hırıldayan, barmaq uzadıb "vəəə, ğaaa, hiii, həhəhə” tipli səs çıxardan insan növü yoxdu.

Hollandiya dünyanın ən xoşbəxt ölkələrindən biri seçilib dəfələrlə. Orada həyat ucuz da deyil. İnsanlar varlı deyil. Sadə, sakit həyat sürürlər. Bir-biri ilə vəzifə, maşın, ev, telefon, yaltaqlıq, əclaflıq yarışında deyillər. Orda insanlar rahatdı, rahat, arxayın, güvəndə. Hara çevrilsən qanuna dəyirsən, qanunlar ölkəsidi, dəyərlər ölkəsidi. Azərbaycanlı tanışım uşağını məktəbə yazdıranda holland müəllim qayıdıb ki, uşaqla holland dilində yox, ana dilində danışın, dilini bilsin. Bütün müəllimlər bu dəyərlərə sahibdi. Ürkək, kefsiz şagird görəndə evlərinə gedirlər, ailə ilə söhbət edirlər. Uşağın yaşam şəraiti, psixoloji ortamı ilə təkidlə maraqlanırlar. Fond pulu yığmırlar, hədiyyə götürməyi təhqir sayırlar, yalnız uşağın əl işini qəbul edirlər. Adamların evdə səsləri ucadan gələndə polis qapını kəsdirir ki, burada nə verir baş? Bağırsan ya psixiatra aparacaqlar, ya profilaktik tədbir görəcəklər. Bir dənə, yarım dənə qədim tikiliyə əl dəyməyib dövlət. Baxdıqca gözün dincəlir, memarlığın gözəlliyindən öpmək istəyirsən. İndi təsəvvür edin belə ölkədə yekə bir küçənin sakinlərini töküblər çölə evlərini də veriblər buldozer qabağına. Adamlar da qışqıra-qışqıra qalıb, baxan, maraqlanan yoxdu.

Onlar yatsalar yuxularına girməz bu cür hadisə.
Məsələn, hər gün naləsi internet mediasından gələn Sovetski sakinlərinin başına gətirilənləri hollandlara heç cür izah etmək olmaz.

Bunları yazıram və İsmayıl bəy Qaspıralının "Firəngistan məktubları” yadıma düşür. Firəngistan o dönəmdən xeyli irəliləyib, fantastik inkişafa çatıb. Biz? Biz ölkəmizi, paytaxtımızı bir-birimizə satıb gorumuz üçün pul yığırıq. Sadəcə ağlımız oracan işləmir ki, bu ölkə silinəndə gorumuz da silinəcək.

AYSEL ƏLİZADƏ
qadinkimi.com