BURA / ORA
Sevinc Fədai Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdi Tarix : 03 Avqust 2019, 13:14
Yazar : Qadinkimi.com
Jurnalist, Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri Sevinc Fədai Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. 

Qadinkimi.com müraciəti olduğu kimi təqdim edir: 

AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT

Hörmətli Mehriban xanım!

Düşünürəm ki, son illərdə milli-ictimai ağrılar, artıq burnumuzun ucuna qədər gəlib çıxan fəlakətlər cəmiyyət olaraq bizi daha çox birləşdirir, birlikdə düşünə, narahat ola, ağlaya, etiraz edə bilirik, nələrisə dəyişməyə çalışırıq. Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğın, Günəşli neft yatağında yanğın, "Aprel döyüşləri” və digər hadisələr hətta siyası baxımdan fərqli cəbhələrdə yer alan beyin sahiblərini belə ortaq nöqtədə bir araya gətirdi, gücə, qüvvəyə çevirdi. Təəssüf ki, bu hadisələrin sırasına ictimaiyyətdə böyük ajiotaj yaradan məktəbli, yeniyetmə intiharları da daxil olub və bu faciələrin baş verməsi, intensiv hal alması artıq Azərbaycan ictimaiyyətini narahat edən əsas məsələlərdən birinə çevrilib. Biz narahatıq, valideyn, vətəndaş olaraq narahatıq və ictimai məsuliyyət hiss edirik.

Bu mövzuda məhz Sizə müraciətimin səbəbi də ictimai problemlərin və həlli yollarının Sizin məsuliyyətinizə və fəaliyyət sferanıza daxil olmasıdır. Üstəlik, bir qadın və ana olaraq durumun həssaslığını və toplumun narahatlığını Siz daha yaxşı duya, anlaya bilərsiniz. Ölkənin ikinci şəxsinin qadın olması, xeyriyyə məqsədli Heydər Əliyev Fonduna rəhbərlik etməniz, elə həmin fondun vitse-prezidenti olan Leyla Əliyevanın təsisçisi olduğu "IDEA” İctimai Birliyinin imza atdığı müsbət sosial layihələr, qadın və uşaqların maariflənməsi istiqamətində çalışan biz vətəndaşlara da ümid və cəsarət verir.

Nəzərinizə çatdırım ki, Bakı şəhəri 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharının ağrısı keçməmiş Zaqatala rayonunun Əliabad qəsəbəsində 17 yaşlı Gülər İsmayılovanın intihar hadisəsi baş verdi. Elina və Gülər ailə bağları, məktəb, dost, cəmiyyət bağları olmayan, içində ölüm daşıyan minlərlə şagird, yeniyetmə, gənc deməkdir. Minlərlə beyin, minlərlə insan həyatı deməkdir. O insan həyatları ki, öz xilasını gözləyir. Bu xilas üçün çox dərinlərdə yatan səbəblərin araşdırılaraq qarşısının alınması vacibdi. Bu, bir nəfərin, bir qurumun dəf edəcəyi problem deyil və məsələ burasındadır ki, səbəblərin üzərində işləməli olan, narahat olmalı olan şəxslər, aidiyyəti qurumlar susqunluq nümayiş etdirir, səbəbkarlar cəzasız qalır. Bu da başqa həyatların sonlanmasına rəvac verir.

Valideynlərin, eləcə də uşaq və yeniyetmələrin əmanət olunduğu şəxslərin əksəriyyəti nəinki onların psixologiyalarını, hüquqlarını qorumaq iqtidarında deyil, hətta onların psixologiya və hüquqlarını birbaşa pozan insanlardır. Bilərəkdən və ya bilməyərəkdən... Bu mənada sözügedən mövzuda narahatlığını ifadə edən və səbəbləri aradan qaldırmağa gücü, intellekti yetən şəxslərin təşkilatlanması, bir mərkəzdə qüvvələrini birləşdirməsi labüd görünür. Bu isə dövlət nəzarəti və dəstəyi olmadan mümkün deyil. Hər dəfə bu kimi mənfi tendensiyalar yaşandıqda toplum dövləti günahlandırır və düşünürəm ki, bu narazılıq və ictimai qınaq dövlətimizə lazım deyil. Ona görə də dövlət və vətəndaş cəmiyyəti birlik nümayiş etdirməli, ictimai rəyi yaradan kəsim dövlət dəstəyi sayəsində sözdən əmələ keçid edə bilməlidir. Dövlətin bu istiqamətdə bizə – qeyri-hökumət təşkilatlarına ən böyük dəstəyi qadın və uşaqların, bütövlükdə ictimaiyyətin, xüsusilə, ucqar bölgələrdəki əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyətimizə olan bürokratik əngəlləri aradan qaldırmaq üçün atdığı addımlar olar. Kiçik məmur intellektsizliyi, laqeydliyi, ictimai məsuliyyət hiss etmədən vəzifələrini qoruma cəhdləri, bürokratik əngəlləri aşa bilməmə faktoru bu məmləkətin insanını xilas etmək, aydınlatmaq, düşüncələrini sağaltmaq, elmə, təhsilə yönəltmək təşəbbüslərimizi həyata keçirməyə imkan vermir. Hər addımda "Kimə bağlısınız?”, "Bu işləri görməkdə məqsədiniz nədir?” sualları, rəhbərlik etdiyim Qadın və Uşaq Akademiyası İctimai Birliyinin dövlət qeydiyyatından keçməməsi, qeydiyyata alınmaq üçün müraciətlərimizin heç bir nəticə verməməsi layihələr həyata keçirməyimizi ertələyir. Bu, təkcə mənim və kiçik komandamın qarşılaşdığı problemdir, mütəmadi şəkildə vətəndaş cəmiyyətinin üzvlərinin bu mövzuda giley və narazılıqlarının şahidi olur, üzülürük. Keçən zamanda isə uşaq və yeniyetmələr ölümə, zorakılığa, şiddətə məruz qalır, təhsildən yayındırılır, qızlarımız alver obyektinə çevrilir. Artıq məqsədli şəkildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, kütləvi informasiya vasitələri, sosial media insan həyatının xilası, sağlam düşüncə, ailə institutu, dövlət və cəmiyyət, valideyn və övlad, toplum və professionallar arasındakı uçurum üzərində ciddi şəkildə düşünməli və hərəkətə keçməlidir.

Zaman-zaman sosial şəbəkələrdə aparılan maarifləndirmə işinin boş olduğun deyilir. Deyil! 
Təkcə bir yazı nəticəsində övladını təhsildən yayındırmaq istəyən ata öz qorxularını aşaraq fikrini dəyişib və bir qız uşağının həyatı qurtulub ki, bu da məni bu yolda davam etməyə, qətiyyət göstərməyə vadar edir. 

Əlbəttə, sağlam düşüncə və əməl olan yerdə nəticə də olur. Məsələ ondan ibarətdir ki, sosial şəbəkədə olmayan kəsimə doğru biz getməliyik, evlərə, ailələrə insanların beyinlərini yuyan, zərərli düşüncələr, vərdişlər aşılayan musiqilər, verilişlər, kəslər əvəzinə bu cəmiyyətə canı yananlar daxil olmalı, onlarla birbaşa ünsiyyətə keçməlidi. İnsanımızla sevgi və bilgi paylaşaraq nəticə əldə edə bilərik.

Məhz buna görə dinlənilməyə, ideyalarımızı həyata keçirmək üçün dövlət dəstəyinə ehtiyacımız var. Bu məsələdə yanımızda yer alan onlarla ziyalı, həkim, psixoloq, pedaqoq, sıravi vətəndaş, evdar qadın var. Övladını tək böyüdən ana olaraq təkcə öz oğlumu sağlam və xoşbəxt böyütmək çabası mənə yetmir və rahatlıq vermir. Oğlumun, övladlarımızın yetişdiyi cəmiyyət, uşaqlar üçün əlimizdən gələni etməyə, dövlətin bu yolda atdığı hər addımda ürək və əmək qoymağa, üzvü olduğumuz toplumun fərqinə varmalı olduğu məsələlərə diqqət cəlb etməyə hazırıq.

Hörmətli Mehriban xanım! Bu məsələdə diqqət və həssaslığınızı nəzərə alaraq, Sizin tövsiyə və tapşırığınızla aidiyyəti qurum və şəxslərin problemin həlli yollarının axtarılmasında təşəbbüs göstərmələrini, fikir müzakirəsi aparılmasının təşkil edilməsini xahiş edirəm. 

Sevinc Fədai
Jurnalist, Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri