12 uşaq atası olan Çarli Çaplin bu məktubu 76 yaşında, o zamanlar Parisdə balet rəqqasəsi kimi çalışan qızı Ceraldinə yazır. Bütün zamanların valideyinlərinin və övladlarının öyrənməsi üçün zəruri olan düşüncələrin yer aldığı, bu çox emosional, şəxsi zəmində dərin anlamları olan məktubu sizlərlə paylaşırıq.
"Əziz qızım!
İndi gecədir. Yeni il gecəsi. Mənim kiçik qalamın bütün silahlı döyüşçüləri yuxuya gedib. Bacın və qardaşın yatıb, hətta anan da yuxulayıb. Bu yarıqaranlıq otağa gələnə kimi az qaldım yavruları oyadam.
Sən indi məndən necə də uzaqlardasan! Əgər sənin surətin daima gözlərimin önündə dayanmayacaqsa, onda yaxşısı qoy mən kor olum. Portretin stolumun üstündə, ürəyimə ən yaxın yerdədi. Amma sən hardasan? Uzaqda, nağıllar şəhəri Parisdə, Yelisey çölündəki möhtəşəm teatrın səhnəsində rəqs edirsən. Bu sakit gecənin səssizliyində sənin ayaq səslərini eşidirəm sanki. Qış gecəsində bərq vuran ulduzlara bənzəyən gözlərin gözlərimin qarşısına gəlir. Bu möhtəşəm tamaşada tatar xanının əsir götürdüyü gözəllər gözəli o fars qızını oynadığını bilirəm. Gözəlləşməyində və rəqs etməyində ol! Ulduz olub işıq saç! Qoy parıltın aləmə yayılsın. Əgər tamaşaçıların heyranlığı və alqışları səni məst etsə, sənə verilən çiçəklərin ətri başını gicəlləndirsə onda bir küncə çəkilib məktubumu oxu, qəlbinin səsinə qulaq ver.
Mən sənin atanam, Ceraldin! Mən Çarliyəm, Çarli Çaplin! Kaş biləydin, neçə gecə beşiyinin başında oturmuşam, şirin nağıllar danışmışam. Bəzən "Yatmış gözəl"i, bəzən "Pis qəlbli əjdaha"nı nağıl etmişəm...Yuxu gəlib qoca gözlərimi bağlamaq istəyəndə onu ələ salır və deyirdim: "Rədd ol! Mənim yuxum — qızımın xəyallarıdır!”. Mən sənin xəyallarını görürdüm, Ceraldin, sənin gələcəyini də, bax bugününü də görürdüm. Səhnədə rəqs edən qızı, qanadlarını açıb havada uçan pərini görürdüm...
İnsanların bu sözlərini eşitmisənmi?: "Bu qızı görürsüzmü? O qoca təlxəyin qızıdır. Atasının adı Çarli idi, yadınıza gəlir də?". Bəli, mən - Çarliyəm! Mən - qoca təlxəyəm! İndi isə növbə sənindir. Rəqs et! Mən cırıq və gen bir şalvarda rəqs edirdim, sən isə ipək şahzadə paltarında rəqs etməkdəsən. Bəzən bu rəqslər və gurultulu alqış səsləri ayaqlarını yerdən kəsəcək. Qanadlan və uç yüksəkliklərə! Amma ayaqların yerə də dəysin. Sən gərək insanların necə yaşadığını da biləsən, soyuqdan və aclıqdan tir-tir əsən küçə rəqqaslarının həyatını da görəsən. Mən də eyni onlar kimi olmuşam, Ceraldin! Mənim nağıllarımla məst olub uyuduğun o sehrli gecələrdə mən yatmazdım. Sənin gözəl simana baxar, ürəyinin döyüntüsünə qulaq asar və öz-özümdən soruşurdum: "Çarli, doğrudanmı bu pişik balası nə vaxtsa böyüyüb səni tanıyacaq?" Sən məni tanımırsan, Ceraldin, o uzaq gecələrdə sənə çox nağıllar danışmışam, lakin öz nağılımı heç vaxt danışmamışam. Mənim nağılım da çox maraqlıdı.
Londonun yoxsul məhəllələrində mahnı oxuyub rəqs edən, sonra sədəqə yığan ac təlxəyin nağılıdır. Budur mənim nağılım! Mən aclığa da yaxşı bələdəm, evsizliyə də. Bundan əlavə mən hamının yazığı gələn, alçaldılan səfil təlxəyin alçaldılarkən nə əzablar çəkdiyini də bilmişəm. Okean böyüklüyündə qürurla qabaran sinəmdə qabağıma atılan qəpiklərin sızıltısını hiss etmişəm. Hər şeyə rəğmən, mən sağam, ona görə də gəl, bunları bir qırağa qoyaq.
Yaxşısı budur səndən danışaq. Sənin adından sonra - Ceraldin - mənim soyadım gəlir - Çaplin. Bu soyadla mən 40 ildən çoxdur ki, yer üzündəki insanları güldürmüşəm. Ancaq onların güldüyündən daha çox, özüm ağlamışam. Ceraldin, sənin yaşadığın dünya yalnız rəqslər və musiqilərdən ibarət deyil! Gecəyarısı o nəhəng zaldan çıxıb gedəndə özünün varlı pərəstişkarlarını unut, ancaq səni evə aparan taksi sürücüsündən onun xanımı barədə soruşmağı unutma! Bəlkə xanımı hamilədir, əgər elədirsə bəlkə doğulacaq ilk uşağı üçün bələk almağa pulu yoxdur heç, onda, onun cibinə pul qoy. Mən sənin bu cür xərclərini ödəmək barədə banka göstəriş vermişəm. Ancaq bütün başqa xərclərini ciddi şəkildə hesablayandan sonra ödə. Arada vaxt tapıb metro və ya avtobusla get, piyada gəzib şəhərə göz gəzdir.
İnsanlara bax, yaxşı müşahidə elə onları! Dul və yetimlərin gözlərinə yaxşı bax! Heç olmasa gündə bir dəfə özünə de: "Mən də onlardan biriyəm!". Bəli, əziz qızım, unutma, sən də onlardansan...
Sənət insana yüksəklərə ucalmaq üçün qanad verməzdən öncə, adətən, onun ayaqlarını sındırır. Birdən elə bir gün gələr ki, özünün tamaşaçılarından yüksəkdə dayandığını hiss edərsən, elə o andaca səhnəni tərk et. İlk qarşına çıxan taksiyə minib Parisin ətraf rayonlarına get. Mən oraları çox yaxşı tanıyıram! Orda sən özünə bənzər çoxlu rəqqasələr görəcəksən, hətta səndən gözəl, zərif və daha qürurlu olanları da gözünə dəyəcək. Orda sənin teatrındakı gözqamaşdırıcı səhnə işıqları və dekorları olmayacaq. Onların səhnə işıqları Aydır.
Bax, onlara diqqətlə bax! Onlar səndən yaxşı rəqs etmir ki? Etiraf et, əziz qızım! Həmişə elə birisi tapılacaq ki, səndən daha yaxşı musiqi çalsın və daha yaxşı rəqs etsin!
və Unutma: "Çarli ailəsində elə bir kobud insan olmayıb ki, getdiyi faytonun sürücüsünü söysün, yaxud Sena çayı sahilində oturan bir yoxsulu ələ salıb gülsün." Mən öləcəm, sən isə hələ çox yaşayacaqsan, Ceraldin!. İstəyirəm, yoxsulluğun nə demək olduğunu heç vaxt bilməyəsən. Bu məktubla birlikdə sənə bank çeki kitabçası da göndərirəm. Nə qədər istəyirsən, xərclə. Amma yadda saxla: İki frank özün üçün xərcləyəndə, üçüncü frankı başqasına xərclə. Üçüncü frank sənin deyil, tanımadığın, görmədiyin, bir frankın həsrəti ilə yaşayanındır. O insanı tapmaq çətin deyil. Hər küncdə yoxsul adamlar görə bilərsən, təki sən görmək istə! Səninlə pul haqqında danışıram, çünki onun iblisanə gücünə yaxşı bələdəm. Mən sirkdə az vaxt keçirməmişəm və orada həmişə kəndirbazların taleyi üçün çox həyəcanlanmışam.
Ancaq sənə demək istəyirəm ki, adamların möhkəm torpağın üzərində yerə dəyməsi, kəndirbazların ipdən yıxılmağından qat-qat asandı. Ola bilsin, dəvət edildiyin hansısa bir qonaqlıqda gördüyün hansısa bir briliyantın parıltısı sənin gözünü qamaşdırsın. Bax o, sənin üçün təhlükəli ip olacaq və ondan yıxılmağın da qaçılmaz olacaqdır. Ola bilsin, gözəl bir gündə hansısa bir prinsin gözəl üzü səni öz əsirinə çevirsin. Onda sən həmin gün təcrübəsiz bir kəndirbaz olacaqsan və unutma ki, səriştəsiz kəndirbazlar həmişə yıxılırlar. Ürəyini heç vaxt, qızıla və qiymətli daşlara satma.
Bil ki, ən böyük brilliant günəşdir. Xoşbəxtlikdən, o hamı üçün parıldayır. Nə vaxtsa sevməyə başlasan, onda vurulduğun insanı ürəkdən sev. Anana demişəm ki, sənə bu barədə yazsın. O sevginin nə demək olduğunu məndən yaxşı bilir və yaxşısı, qoy o özü səninlə bu barədə danışsın. İşinin çox çətin olduğunu bilirəm. Sənin bədənin yalnız bir parça ipəklə örtülüb. İncəsənət naminə səhnəyə bütünlüklə çılpaq da çıxa bilərsən, ancaq oradan nəinki geyimli, həm də daha saf və təmiz qayıtmalısan. Mən qocalmışam, sözlərim sənə gülməli görünə bilər. Ancaq, məncə, sənin çılpaq bədənin yalnız çılpaq ruhuna vurulan insana məxsus olmalıdır. Neyləyim, bu mövzuda bir az geri düşüncəliyəm. Bəlkə fikirlərim 10 il əvvəldə ilişib qalıb. Qorxma, Ceraldin, bu 10 il səni qocaltmaz. Mən sənin çılpaqlar adasının təbəəsi olan sonuncu insan olmağını istəyirəm.
Bilirəm ki, atalar və övladlar öz aralarında daima mübarizə aparırlar. Mənimlə, düşüncələrimlə döyüş, əziz qızım! Mən itaətkar uşaqları sevmirəm.
Nə qədər ki, sənə yazdığım bu məktubun üzərinə göz yaşlarım tökülməyib, bugünkü milad gecəsinin möcüzələr gecəsi olduğuna inanmaq istəyirəm.
Bu məktubumun üstünə nə qədər ki, göz yaşım düşməyib, bu milad gecəsinin möcüzələr gecəsi olduğuna inanmaq istəyirəm. İstəyirəm, elə bir möcüzə baş versin ki, sən mənim dediklərimi həqiqətən də, tamamı ilə anlaya biləsən. Çarli artıq qocalıb, Ceraldin. Gec ya tez, sən məzarımın üstünə gəlmək üçün səhnədə geydiyin ağ donunu qara rəngli yas paltarı ilə dəyişməli olacaqsan. İndi səni kədərləndirmək istəmirəm. Ancaq zaman-zaman vaxt tapıb güzgüyə bax – orda mənim cizgilərimi görəcəksən. Sənin damarlarında mənim qanım axır. Hətta, ölüm mənim damarlarımda axan qanı donduranda da, istəyirəm ki, sən atan Çarlini unutmayasan. Mən mələk olmamışam, ancaq həmişə insan olmağa can atmışam. Sən də buna çalış.
Öpürəm səni, Ceraldin. Sənin Çarlin".
Dekabr 1965- ci il