Dünyanın qabaqcıl təcrübəsini Azərbaycanda tətbiq etməyə pul tapılmır
Bir neçə gündür ki, ard-arda tanınmış şəxslərin alimentə görə həbs xəbərini eşidirik. Ən sonuncu, tanınmış şair Murad Köhnəqala 12 min manatlıq aliment borcuna görə Tovuz Rayon Məhkəməsi tərəfindən 15 sutkalıq həbs edilib. Bir müddət əvvəl isə gənc jurnalist Səxavət Məmməd də aliment ödəmədiyi ittihamı ilə Ağdam Rayon Məhkəməsi tərəfindən sutkalıq həbslə cəzalandırılıb. Hər ikisi aliment borcunun ödənəcəyi ilə bağlı öhdəlik götürərək azadlığa buraxılıb.
Həmin şəxslər cəmiyyətdə tanındıqlarından həbs olunmaqları barədə xəbərlər dərhal ictimailəşdi. Amma bu gün sadə vətəndaşlar arasında da aliment ödəmədiyinə görə axtarışa verilən, eləcə də həbs edilənlər az deyil. Ümumilikdə son vaxtlar alimentlə bağlı həbslər göstərdi ki, kişilərin mütləq əksəriyyəti nikahdan dünyaya gələn övladlarına qarşı aliment öhdəliklərini yerinə yetirmirlər. Hərə isə bu öhdəlikdən müxtəlif cür yayınır. Kimisi işləmədiyini, kimisi də qazancını iki ailə arasında böldükdə aliment ödəməyə pul çatmadığını bəhanə edir.
İki ay öncə məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb. Həmin ərəfədə deputatlar Aliment Fondunun yaradılmasını təklif ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Aliment Fondunun yaradılması zaman-zaman gündəmə gəlsə də, bu günədək reallaşdırılması mümkün olmayıb. E.Səfərov deyir ki, Aliment fondunun Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməsi təklif edilirdi. Onun sözlərinə görə, bu Fondun yaradılması üçün maliyyə tələb olunduğundan bu günədək öz həllini tapmayıb: "Bu təklif veriləndə alimentin dövlət tərəfindən ödənilməsi üçün müəyyən büdcənin ayrılması tələb olunurdu. Amma təəssüf ki, lazımi maliyyə ayrılmadı, bu üzdən də Aliment Fondunun yaradılması təklif olaraq qaldı".
Komitə səlahiyyətlisi deyir ki, hər gün aliment problemi ilə bağlı onlara çoxsaylı müraciətlər daxil olur: "Aliment fondu dünya praktikasında var. Fransada, Skandinaviya ölkələrində də belə təcrübədən istifadə edilir. Həmin ölkələrdə dövlət həbs edilənlərin aliment öhdəliyini müvəqqəti üzərinə götürür. Haqqında cinayət işi açılanlar əmək-islah işlərinə cəlb olunduqdan sonra aliment üçün ödənilən məbləğ onlardan geri alınır. Bu çox yaxşı təcrübədir. Amma çox təəssüf ki, maliyyə ayrılmadığından Azərbaycanda bunu həyata keçirmək mümkün deyil".
E.Səfərov deyir ki, bu təcrübə uşaqların fasiləsiz aliment almasını təmin etmək məqsədi daşıyır: "Boşanmaya müraciət edilən müddətdə uşağın təminatı məsələsinə baxılmalıdır. Məhkəmə prosesi 3 ay çəkir. Aliment Fondu olduqda həmin müddətdə sabit aliment məbləği fond tərəfindən ödənilir".
Millət vəkili Fazil Mustafa da Aliment Fondunun yaradılması ilə bağlı təşəbbüsü dəstəklədiyini söyləyir. Həmsöhbətimiz deyir ki, tələb olunan məbləğ ayrılarsa, Aliment Fondunu yaradaraq alimentdən məhrum olub ehtiyac içində yaşayan uşaqların problemlərinin həllinə dəstək vermək mümkündür: "Bunun üçün ilkin olaraq 10-12 milyon manat lazımdır. Uşağın günahı deyil ki, atası aliment ödəmir. Dövlət Aliment Fondu vasitəsilə həmin uşaqlar üçün vəsait ödəyə, sonra aliment ödəməyən valideynlərdən həmin pulları ala bilər. Bu təcrübədən dünyanın bir sıra ölkələrində istifadə olunur".
F.Mustafa deyir ki, bu gün aliment ödəməyən şəxslərin həbsi bəzi şəxslər tərəfindən narazılıqla qarşılansa da, aliment ödəmək imkanı olduğu halda ödəməkdən imtina edənlərin məsuliyyətə cəlb edilməsi tamamilə qanunuyğundur. Həmsöhbətimiz bildirir ki, işsizliyi bəhanə edib aliment ödəməkdən yayınanların isə məşğulluğunun təmini istiqamətində iş aparılmalıdır.
Zülfiyyə Quluyeva, sputnik.az
qadinkimi.com