Uşaqlarda müstəqillik hisslərinin baş qaldıracağı yaşı müəyyən etmək çox çətindir. Bu, fərdi keyfiyyətdir: Bəzən uşaq hələ bələkdə ikən hər şeyi müstəqil etməyə çalışır. Bəzən hətta yaşı qırxa çatmış hər hansı bir şəxs anasız müstəqil addım ata bilmir.
Əksər hallarda isə müstəqillik hissi yeniyetmə yaşlarında baş qaldırır. Bu mərhələdə onların yeni dostları ortaya çıxır, hansısa sirləri baş qaldırır. Yeniyetmə valideynlərinə aidiyyatı olan hər bir şeydən imtina etməyə başlayır. Onlar özlərində sanki yeni keyfiyyətlər aşkar edirlər. Böyüklər isə uşaqların onların nəzarətindən çıxmağa başladıqlarını hiss edirlər. Bəzən oğul və ya qız bilərəkdən valideynlərinə qarşı çıxır. Nəticədə ailədə "mini-inqilab" baş verir və bu mərhələdə çox ciddi mübahisələr yaranır. Valideynlər bir qayda olaraq uşaqların üzərindəki təsiri qoruyub saxlamağa çalışırlar. Uşaqlar isə əksinə, bu təsirdən xilas olmaqda israrlıdırlar.
Uşaqlara, xüsusilə buna daha çox cəhd edənlərə sərbəstlik verməkdən qorxmayın. Özünüz bir fikirləşin: axı sizə öz rahatlığınız lazımdır, yoxsa yeniyetmənin gələcək taleyi? Əgər onun gələcəkdə öz sərbəstliyini qoruyub saxlamasını, özünü hər an müdafiə edə bilməsini istəyirsinizsə, onda öz eqoist niyyətlərinizdən əl çəkin. Hətta sizin üçün rahat olmasa belə, uşaqlarınıza daha çox sərbəstlik verməyə çalışın.
Ola bilər ki, uşaqların yeni tanışları da sizdə müxtəlif şübhələr oyada bilər. Hər bir halda uşağınıza güvəndiyinizi hiss etdirməlisiz və övladınızla istənilən məsələdə kompromis qərarlara gələ bilərsiniz. Bunun üçün isə ilk növbədə uşağınız üçün ən əziz ən doğma adam olaraq qalmağa cəhd göstərin.
qadinkimi.com