BURA / ORA
2019-cu ildə insanlar nələr üçün mübarizə apardılar Tarix : 14 Dekabr 2019, 15:46
Yazar : Qadinkimi.com
Son günlərini yaşadığımız 2019-cu il bütün dünyada bir çox etiraz və sosial hərəkata şahidlik etdi. Fərqli ölkələrdə küçələri dolduran yüz minlərlə insanın bir-birindən fərqli tələbləri var idi. Etirazçıların bəziləri şiddət və korrupsiyaya qarşı, bəziləri isə iqlim dəyişikliyinə diqqət çəkmək üçün meydanlarda idi. 

Rusiya
Nümayişçilər Rusiyada azad seçimlər üçün mübarizə apardı. Etirazçıların müxalifət partiyası namizədlərinin də bələdiyyə seçkilərində iştirak etmələrini tələb etdikləri nümayişlərdə rus polisi Moskvanın mərkəzində mindən artıq insanı həbs etdi. Prezident Vladimir Putin iqtidarına qarşı edilən etirazlarda tətbiq edilən bu təzyiqlər son zamanların ən şiddətlisi hesab edildi. 


Venesuela
Venesuelalı etirazçılar isə prezident Nikolas Maduroya qarşı üsyanı dəstəkləyərək ölkədəki sosial-ekonomik krizə qarşı nümayişlərə başladılar. 
 


Çin, Honk Konq
Honk Konqda isə şübhəlilərin Çinə verilməsi haqqında qanun layihəsinə qarşı başlanan etirazlar altı aydır ki davam edir. Etirazçılar və polis arasında münaqişələr yaşansa da, nümayişlər məqsədinə çataraq hökumətin qanun layihəsini ləğv etməsinə nail oldu. Bununla yanaşı, etirazçılar polis şiddətinə son qoyulmasını, etirazçıların sərbəst buraxılmasını və səsvermə hüququ da tələb etdilər. 
 


Çili
Çilidə etirazçılar bərabərsizlik və sosial xidmətlərin aşağı səviyyədə olmasına qarşı ayağa qalxdılar. Həftələrlə davam edən və getdikcə şiddətlənən etirazlar nəticəsində Sebastian Pinera hökuməti ilin ən önəmli hadisələrindən biri olan COP25 İqlim Zirvəsini təxirə salaraq yeni bir ictimai saziş vədini verdi. 
Pensiya və minimum əmək haqqında artım, səhiyyə xidmətlərində irəliləyiş vədlərinin verilməsinə baxmayaraq, etirazçılar nümayişlərə davam etdilər. Bərabərsizlik və yetərsiz sosial xidmətlərə qarşı həftələrlə davam edən etirazlarda 13-dən artıq insan yaralandı, 20-dən artıq insan isə həyatını itirdi. 
 


Boliviya
Boliviyada 20 oktyabrda gerçəkləşən və prezident Moralesin dördüncü dəfə qazandığı seçkilərdə hilə edildiyi iddiası ilə başlayan etirazlarda bir çox insan həyatını itirdi. 
 


İndoneziya
İştirakçıların böyük qisminin tələbələrdən ibarət olduğu etirazlar evlilikdən kənar münasibətlər, prezidentin təhqir edilməsi kimi davranışlara cəza verilməsi və ölkədəki "Korrupsiya ilə Mübarizə Komissiyası”nın təsirinin azaldılmasına görə baş qaldırmışdı.
 


Fransa
Fransada Emmanuel Makron hökuməti tərəfindən aparılan pensiya islahatına qarşı 5 dekabrda başlayan ümumi tətildə həyat dayanma həddinə çatdı. Tətilə xüsusilə təhsil sektorunun 40-50%-i qatıldı, nəqliyyat sektorunda da 10 qatar səfərindən 9-u işini dayandırdı. 
Yanacaqda qiymət artımına və zəif iqtisadi inkişafa etiraz olaraq ortaya çıxan "Sarı jiletlilər”in nümayişlərinin isə noyabr ayında bir ili tamam oldu. 
 


Norveç
Etirazların tez-tez rast gəlinmədiyi Norveçdə may ayında nümayişçilər Osloda parlament binasının önündə "Bunad” adlı ənənəvi paltarlar geyinərək səhiyyə yardımı kəsintilərinə qarşı münasibətlərini bildirdilər. 
 


İraq
İraqda 2019-cu ilin oktyabr ayında korrupsiya, işsizlik, yetərsiz dövlət xidmətlərinə qarşı aparılan etirazlar ölkənin cənub və iç bölgələrinə də yayıldı. Etirazçılar hökuməti istefa etdirmə cəhdi ilə yolları bağlayıb, polislə qarşıdurma yaşadı. Etirazlar İraq prezidenti Adil Abdul-Mahdinin istefası ilə nəticələndi.
 

 
Ekvador
Ekvadorun paytaxtı Quito küçələri dövlət başçısı Lenin Morenonun sərt siyasətinə qarşı olan etirazlarda bir savaş meydanına çevrildi. Küçələr bibər qazı ilə doldu, nümayişçilər qorunmaq üçün barrikadalar qurdular. İnsan haqları müdafiəçiləri və etirazçılar polis təzyiqini çox ağır hesab etdiklərini və bir tədbir görülməsini tələb etdilər. Polis isə etirazçıların heç bir şəkildə yola gəlmədiklərini iddia edirdi. 
 


Dünyada iqlim dəyişikliyi mövzusunda nümayişlər edildi

BMT-nin 25-ci İqlim Dəyişkliyi üzrə Tərəflər Konfransına (COP25) ev sahibliyi edən İspaniyanın paytaxtı Madridin küçələri iqlim dəyişikliyinə qarşı böyük həcmli nümayişlərə şahidlik etdi. 16 yaşlı iqlim aktivisti Qreta Tunberq də nümayişlərə qatıldı. 
 


Tunberq bütün dünyada buzlaqların əriməsi, dəniz səviyyəsinin yüksəlməsi, Amazon yağış meşələrinin yanması kimi mövzulara diqqət çəkməyə çalışır. 

Qadın haqları üçün bir çox nümayiş təşkil edildi

İl boyu qadın haqlarını dəstəkləmək məqsədilə bütün dünyada bir çox nümayiş təşkil olundu. ABŞ-ın yüzlərlə şəhəri və digər ölkələr qadın marşına qatıldı. İştirakçılar qadına şiddət, cinsiyyət ayrı-seçkiliyi və miqrant haqları üçün etiraz çağırışı etdi. Noyabr ayında Parisdə nümayişçilər qadına şiddəti qınamaq üçün küçələrə töküldü. 
 


 "Günah məndə deyil, harada olsam, nə geyinsəm günah məndə deyil. Təcavüzçü sənsən”. Bu sözlər dekabr ayında seksizm və cinsi təcavüzə qarşı Çilili feministlər tərəfindən bəstələnən və internetdə bir fırtına kimi yayılan marşın sözləridir. Bu marş Çilidən Avstraliyaya qədər dünyanın hər bir nöqtəsinə yayıldı və milyonlarla qadın bu mahnını öz dillərinə çevirib oxudu. 
 


Çilili qadınların başlatdığı Las Tesis etirazı qonşu Türkiyəyə də yayıldı. Ötən bazar günü Ankarada yüzlərlə qadın onlara dəstək verdi. Qadın haqları üçün mübarizə aparan nümayişçilər polis əngəli ilə qarşılaşdı. 
 
İran

Qonşu İran da 2019-cu ildə şiddətli etirazlara şahidlik etdi. 15 noyabrda benzin qiymətlərinin artımına qarşı başlayan etirazlar İranın demək olar ki, bütün şəhərlərinə yayıldı. Amnsety İnternational təşkilatının verdiyi məlumata görə, nümayişlərdə 200-ə yaxın insan öldürülüb, 2000-dən çox insan isə yaralanıb. Eyni zamanda təxminən 1000 nəfər həbs edilib. Ən azı 100 bank və 57 mağaza yandırılıb.
 


Gürcüstan

Gürcüstan da ötən ildə bir neçə dəfə etirazlarla qarşı-qarşıya qaldı. Ən sonuncusu noyabrın 14-də başlayan "Hamı bir nəfərə qarşı" şüarı altında təşkil olunan 20-dən çox siyasi təşkilatın qoşulduğu aksiya oldu. Aksiyanın əsas tələbi proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi və hökumətin istefası olub.
 


Azərbaycan

2019-cu ildə ölkəmizdə də etirazlar yaşandı. Oktyabrın 19-da Milli Şura Bakının mərkəzində etiraz nümayişi keçirmişdi. 20 oktyabrda isə bir qrup ictimai fəal Bakının mərkəzində məişət zorakılığı ilə üzləşən qadınlara dəstək nümayiş etdirdiklərini, belə hallara son qoyulmasını tələb edərək "Dözmə, yürüş et" adlı yürüş keçirmişdi.
 


 
Mənbə: euronews.com
Çevirdi: Xumar Hüseynova
qadinkimi.com