Vüsal Rəhim

Rəssam dizayner

Rəssam Vüsal Rəhim 1987-ci ildə Gəncə şəhərində doğulub. 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının teatr və dekorativ sənət fakültəsini bitirib. O gündən biz cəmiyyət olaraq işə düşmüşük. Azərbaycan belə əcaib rəssam görməyib. Hər dəfə əsərləri, layihələri ilə ortalığı qarışdırır. Gah kuklalarla erotik kompozisiya yaradıb aləmi bir-birinə vurur, gah qara toy edib erkən nigahlara qarşı çıxır. Ümumiyyətlə, bütün günü hansısa ideya üzərində baş sındırır. Nəfəs dərmir bu adam. Gender mövzusunu tez-tez gündəmə gətirir. Cəmiyyətin ağrılı mövzularını işləyir. “İlk dəfə” təyinatlı projelər hazırlayır. Vizual janrlarda çalışmağı sevir. Bir də gördün, soyunub özündən kompozisiya qurdu. “Qonağın günlükləri”(2002-2014), “Black women” (2011-2013), “Qırmızi stullu qadınlar” (2013), “My name is Sarah” (2014-2015), “Pieta” (2016), “Story of my body” (2017), “Sözsüz nəğmələr” ( 2017), “Nurcan” (2018) və s. art seriallarını yaradıb. Teleseriallarda quruluşçu rəssam kimi çalışıb. Uzun olar deyə siyahını yazmırıq. Əsərləri Rusiya, ABŞ, Gürcüstan, İtaliya və Fransada da sərgilənib. “Görəsən, yaddaşlarda qala biləcəmmi” sualıyla əlləşir. İmzasıyla ölümsüz olmaq istəyir. Gördüyü işlərlə tarixdə qalacağına inanırıq. Kumiri-zadı yoxdu. Əslində, var, ancaq tez-tez dəyişdiyi üçün yazmağa gərək görmürük. Pis cəhətini dilə gətirsə, zəif yerini bilərlər deyə gizli saxlayır. Ən yaxşı cəhəti feminist olmasıdır.