YAZI / DÜŞÜNCƏ
Zelda nənənin qaydaları Tarix : 19 Sentyabr 2019, 22:37
Yazar : Qadinkimi.com
Zelda nənədən ölümündən əvvəl gələcək nəsillər üçün yazdığı 12 ilhamverici məsləhət

90 yaşlı nənəm Zelda vəfat etmədən öncə içində mənə faydalı ola biləcək şeylər olan bir qutu verdi. Bunların arasında "İlham jurnalı” adlandırdığı köhnə dəri üzlü bir jurnal da var idi. 

O ömrünün ikinci yarısından etibarən öz  ideyalarını, düşüncələrini, sitatlarını, mahnıların mətnini, ürək sözlərini və onu ilhamlandıran nə varsa hamısını bu jurnala yazırdı. Mən bir az böyüdükdən sonra tez-tez bu jurnaldan mənə nələrsə oxuyurdu və mən qulaq asır, ona suallar verirdim. İndi isə səmimi qəlbdən inanıram ki, hazırkı halım nənəmin uşaqkən mənə ötürdüyü müdriklik sayəsindədir.
Bu gün mən sizinlə bu ilhamverici yazılardan bir qismini bölüşmək istəyirəm. Bu 12  bəndlik mətni toparlayıb, qaydaya salıb  redaktə etmək üçün əlimdən gələni etdim. Zövq alın!
 


1. Gələcəyi nəfəs alın, keçmişi buraxın. 
Harada olduğunuzun və nələrdən keçdiyinizin bir fərqi yoxdu. Əsas hər zaman tunelin sonunda işıq olduğuna inanın. Heç vaxt gözləməyin, güman etməyin və tələb etməyin. Sadəcə nəyi bacarırsızsa onu edin, qalanı necə olacaqsa olacaq. Çünki siz bacardığınızı edən kimi artıq olması gərəkənlər olacaq, və ya siz atmalı olduğunuz növbəti addımı görəcəksiniz.

2. Həyat daha sadə ola bilər.
Sadəcə diqqətinizi yalnız bir şeyə verin. Hər şeyi birdən etməməlisiz və hər şeyi bu anda edə bilməzsiz. Nəfəs alın, yaşayın və qarşınızda duranı edin. Həyata nə versəz bir müddət sonra onu sizə geri verəcəkdir. 
 

3. Başqaları sizi olduğunuz kimi qəbul etsin və ya ümumiyyətlə qəbul etməsin.
Səsiniz titrəsə də, həqiqəti söyləyin. Özünüz olsanız, hələ dünyada gözəllik olmayan bir yerə gözəllik gətirəcəksiniz. Öz cığırınızla inamla irəliləyin və başqalarından xüsusən də hara getdiyinizi bilməyənlərdən yolunuzu başa düşməsini gözləməyin.

4. Siz əvvəlki siz deyilsiz və bu normaldır.
İndiki hala gəlmək üçün çoxsaylı eniş-yoxuşlardan keçmisiniz. Bu illər ərzində baxışlarınızı dəyişdirən, sizə dərs verən və ruhən sizi gücləndirən bir çox şey baş verdi. Zaman keçir və heç kim durduğu yerdə qalmır, amma bəzi insanlar yenə də dəyişdiyinizi söyləyəcəklər. Onlara belə cavab verin: "Əlbəttə, mən dəyişdim. Həyatda həmişə belə olur. Ancaq mən yenə də həmin insanam, sadəcə əvvəlkindən bir az daha güclüyəm”.

5. Baş verən hər şey, indi anlamaq çətin olsa belə, böyüməyimizə kömək edir.
Vəziyyətlər hər zaman sizi istiqamətləndirəcək, dəyişdirəcək və inkişafınıza kömək edəcəkdir. Buna görə də nə baş verirsə versin, ümidinizi itirmədən irəli davam edin. Ən incə ip, ən güclü ipə çevriləcəkdir. İmkan verin, ümid sizin lövbərinizə çevrilsin, inanın ki, hekayənizin hələ sonu deyil və çəkilmə qabarmayla (axmayla) əvəz olunacaq, hansı ki, yekunda sizi sakit sahillərə aparacaq.

6. Zəngin olmağa çalışmayın, xoşbəxt olmağa çalışın.
Yaşlandıqca əşyaların qiymətini deyil, dəyərini görəcəksiniz. Sonda başa düşəcəksiniz ki, ən yaxşı günlər heç bir fövqəladə səbəb olmadan gülümsədiyiniz günlərdir. Anları qiymətləndirin və onlar üçün minnətdar olun, başqa heç bir şey axtarmayın. Əsl xoşbəxtliyin özü budur.
 

7. Qətiyyətli və şən olun.
Əziyyətlərinizin və uğursuzluğunuzun çoxunun vəziyyətlərə görə deyil, onlara münasibətinizlə əlaqəli olduğunu başa düşün. Sizə həsəd aparan və zərər verməyə çalışanlara gülümsəyin. Onlara həyatlarında əskik olan və heç vaxt sizdən ala bilməyəcəyi şeyləri göstərin.

8. Sizin üçün əziz olanlara qarşı diqqətli olun. 
Bəzən, sevdiyiniz birisi: "Yaxşıyam" dedikdə, onun gözlərinə baxmaq gərəkdi, bərk-bərk qucaqlayıb: "Mən axı bilirəm elə deyil" demək lazımdır. Və bəzi insanların sizi yalnız ehtiyac duyduqları zaman xatırladıqlarını düşünürsüzsə, üzülməyin. Başqa insanların zülmətlə əhatə olunan həyatında – Siz bir işıq mayakı olduğunuz üçün məmnunluq duyun. 

9. Bəzən siz insanı buraxmalısınız ki, o böyüyə bilsin. 
Çünki onun həyatında əsas şey  sizin ona etdikləriniz deyil, uğur qazanmaq üçün etməli olduqlarını öyrətdiyiniz şeydir.

10. Bəzən bir nəticə əldə etmək üçün maraqlarınızı bölüşməyən insanları özünüzdən uzaqlaşdırmaq gərəkdir.
Bu, sizi öz baxışınızla dəstəkləyənlər üçün yer açacaqdır. Bu sizin böyüdüyünüz müddətdə qeyri-iradi baş verir. Kim olduğunuzu və nə istədiyinizi bildikdə, tanıdığınız insanların siz baxdığınız şeylərə heç də həmişə sizin kimi baxmadığını başa düşməyə başlayacaqsınız. Beləliklə, gözəl xatirələrinizi saxlaya və özünüzü irəliyə doğru apara biləcəksiz. 

11. Geri dönüb "bunu etdiyim üçün üzr istəyirəm" demək, "bunu etdiyimə inana bilmirəm" deməkdən daha yaxşıdır. 
Nəticədə insanlar zatən hər durumda sizi mühakimə edəcəklər. Buna görə də bütün həyatınızı başqalarına təsir etməyə çalışaraq yaşamaq lazım deyil. Özünüzə təsir etmək üçün yaşayın. Başqalarına görə səviyyənizi aşağı salmayacaq qədər özünüzü sevin.

12. Əgər xoşbəxt bir sonu gözləyir, lakin görmürsünüzsə, yeni bir başlanğıc axtarmağın vaxtı çatıb demək ki. 
Özünüzə kənardan baxın və zaman-zaman səhv etmək hüququnuzun olduğu gerçəyini qəbul edin. Öyrənməyin yeganə yolu budur. Güclü insanlar problemlərə səmimi bir gülüşlə gülər. Onlar bu bacarığı ağır mübarizədə qazanıblar. Heç bir şeyin onları aşağı dartmasına imkan verməyəcəklərini bildikləri üçün gülümsəyir və yeni bir başlanğıca doğru irəliləyirlər.
 
 

 
"12 Things My Grandmother Told Me Before She Died" məqaləsindən tərcümə

Çevirdi: Günel Dəniz

Qadinkimi.com