BURA / ORA
Şəhriyar del Gerani - Ya Qarabağlı bütöv Azərbaycan, ya da... Tarix : 10 May 2019, 14:51
Yazar : Qadinkimi.com
8 May - Şuşamızın işğalı günü şərəfsiz Paşinyanın bir dəstə erməni soydaşı ilə Şuşada araq içib yallı getdikləri videonu izlədim... Və hirsimdən ağladım. İlk dəfə deyil hirsimdən ağladığım. Amma ilk dəfədir Şuşa - Qarabağ üçün hirsimdən böylə hönkür-hönkür ağlayıram. Bunlar bizi təhqir edirlər artıq. Belə olmaz. Belə olmayacaq. Vallah olmayacaq belə. Mübariz İbrahimov nümunəmiz var bizim, "Aprel zəfəri"miz var. Cənab Ali Baş Komandan, çox yəqin səsimizi eşidirsiniz. Sizi and verirəm şəhidlərimizin ruhuna, bir çarə edin. Ya o yanlıq, ya bu yanlıq. Yoxsa, belə yaşamaq olmur. Gerçəkdən, olmur. Adam öz hissləri qarşısında biabır olur. Babamın bir duası vardı: "Allah heç heç bir kişini qeyrəti qarşısında aciz eyləməsin!" Mən bu dualar ilə böyümüşəm. Atamın duası isə beləydi: "Ya İmam Hüseyn, Allah bizi Qarabağda sənin məqamına yetirsin!" Neyləyək? Necə eləyək? Necə eləyək ki, balalarımızın, analarımızın, bacılarımızın üzünə adam kimi baxa bilək? Lent.az-ın "Əsir düşərgəsi" layihəsini oxuyub çilik-çilik oluram hər dəfə. Arzıslığıma salıb keçirəm. Mənim kimi minlərlə adam var, yaxşı bilirəm. Amma bir yerə qədərdir. Bütün bunlar bir yerə qədərdir, əlbəttə. Ən qısa zamanda nələrsə olmalı. Yaşamaq olmur, vallah olmur. Ən dəhşətlisi bu ki, mənim göz yaşlarımla yazdığım bu statusa kinayəli yanaşanlar da var. Zaman ötdükcə, çoxalırlar o adamlar. Nəsillər dəyişdikcə, yadlaşır mənim qəsd etdiyim duyğular. Amma biz Qarabağsız ömrü bada verməyəcəyik. Bitməlidir bu məsələ. Ya Qarabağlı bütöv Azərbaycan, ya da İranın, Rusiyanın bir hissəsi olan azərbaycan! Bunu bizim nəsil etməlidir - müharibə uşaqları! Edəcəyik də! Azərbaycanın 20 %-i yox, 100 %-i işğal olunub. Azərbaycanda 1 mln. yox, 10 mln. məcburi köçkün var. Biz öz doğma torpaqlarımıza qayıdacağıq. Gözləyin! Lap az qalıb... 


Şəhriyar del Gerani

Qadinkimi.com